Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi Xəzər dənizi akvatoriyasında müşahidə ediləcək kəskin hava şəraiti ilə əlaqədar xəbərdarlıq yayıb.
Telexeber.az xəbər verir ki, bununla bağlı qurumdan məlumat verilib.
Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə təhlükəli hidrometereoloji hadisə haqqında daxil olan məlumata görə, fevralın 23-ü axşamdan Xəzər dəniz akvatoriyasında – Bakıda və Abşeron yarımadasında şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, fevralın 24-də isə yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi, çovğun olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi ehtimal edilir. Dənizdə dalğanın hündürlüyünün 2-4 metrə, sonrakı inkişafda 5.5-7.5 metrə çatacağı gözlənilir.
Hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı rəhbər heyət tərəfindən təlimatlandırılıb.
Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran, hərəkətdə olan gəmilərə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar zəruri məlumatlar ötürülüb və müvafiq təlimatlar verilib. Hava şəraitinə uyğun olaraq gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib.
Bildirilib ki, gəmilər müvafiq lövbər sığınacaqlarına yerləşdirildikdən sonra onların təhlükəsiz şəkildə lövbərdə dayanması prosesi radarlar vasitəsilə fasiləsiz müşahidə edilir. Dövlət Dəniz Agentliyinin Gəmilərin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən gəmilərin hərəkətinə və limanlara hava şəraitinə uyğun olaraq giriş-çıxışa icazə verilməsi, hərəkətin məhdudlaşdırılması və limanların bağlanması ilə bağlı müvafiq tədbirlər görülüb.