İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng etdi

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Telexeber.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.


Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı yubileyi münasibətilə təbrik edib, Türkiyənin rifahı naminə fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Türkiyə dövlətinin başçısı göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Prezidentinə və xalqına başsağlığı verib.

Dövlət başçısı başsağlığına görə minnətdarlığını ifadə edib.

Söhbət zamanı İlham Əliyevin prezident seçiləndən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsinin önəmi bir daha qeyd edilərək, bu səfərin əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulanıb.

Dövlət başçıları Şuşa Bəyannaməsinin əhəmiyyətinə bir daha toxunaraq, bu Bəyannamənin uğurla həyata keçirilməsindən məmnunluqlarını bildiriblər.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildiriblər, əməkdaşlığın perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.
Популярный ролик