Şeyx aydınlıq gətirdi: "Səhhətimdə heç bir problem yaranmayıb"

Xəbər verdiyimiz kimi, bu gün ölkə məscidlərində Ramazan bayramı ilə əlaqədar bayram namazı qılınıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə isə bayram namazında iştirak etməyib. Hətta onun səhhətində problem yarandığına dair məlumatlar da yayılıb.

Telexeber.az xəbər verir ki, bununla bağlı Şeyx “Unikal”a açıqlama verib və bildirib ki, onun səhhətində heç bir problem yoxdur:
“Hazırda Türkiyədəyəm. Bakıya qayıtmaq istəyəndə bir qədər sıxlıq oldu, təyyarə bileti tapmadım, ona görə gəlib çata bilmədim. İndi çıxıb gəlirəm. Artıq 76 yaşım var. Yaşla əlaqədar hər kəsin səhhətində problem yarana bilər. Hər şey ola bilər. Buna baxmayaraq, mənim səhhətimdə heç bir problem yaranmayıb”, - deyə o qeyd edib.

Şeyxülislam Türkiyəyə səfərinin səbəbini açıqlamaq istəməyib:


“Bu, mənim şəxsi işimdir. Hər şeyin səbəbini açıqlamaq məcburiyyətində deyiləm”.



12:01

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə əvvəlki illərdən fərqli olaraq builki Ramazan bayramı namazında iştirak etməyib.

Telexeber.az xəbər verir ki, Teleqraf-ın məlumatlı mənbələrdən əldə etdiyi xəbərə görə, buna səbəb A.Paşazadənin səhhətində problemlər yaranmasıdır.

Hazırda QMİ sədri onurğa sütununda yaranan ağrılardan əziyyət çəkir. Belə bir vəziyyət onun hərəkət qabiliyyətinin qismən məhdudlaşmasına səbəb olub. Buna görə də, dini lider bayram namazına qatıla bilməyib.

Qeyd edək ki, bu gün Azərbaycanda Ramazan bayramıdır. Bakının Əjdərbəy məscidində bayram namazı QMİ sədrinin birinci müavini müfti Hacı Salman Musayevin imamətliyi ilə qılınıb.

Təzəpir məscidində isə bayram namazına adıçəkilən ibadət ocağının imamı Hacı Faiz Nağızadə rəhbərlik edib.

Xatırladaq ki, Allahşükür Paşazadə 1949-cu il avqustun 26-da Lənkəran rayonunun Cil kəndində doğulub. O, 1980-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin sədridir.
Популярный ролик