2 saylı Baza Tibb Kollecində tələbə qiymət almaq üçün nişan üzüyünü qurban verib
Nazirlər dəyişilir, icra başçıları otağındaca həbs olunur, amma bir kollec direktoruna heç kim gözün üstə qaşın var demir
Son illər ölkəmizdə təhsilin səviyyəsinin artırılması istiqamətində bir sıra mütərrəqqi addımlar atılıb. Xüsusilə bu sahədə rüşvətin və korrupsiyanın aradan qaldırılması istiqamətində görülən tədbirlər müsbət nəticələrini göstərir. Lakin nə qədər tədbirlər görülməsinə baxmayaraq hələ də köhnə qaydalarla işləməyə üstünlük verənlər tapılır. Belələri üçün nə dövlət başçısının tapşırıqları keçərlidir, nə də ictimai qınaq.
Mediada 2 saylı Bakı Baza Tibb Kollecində baş verənlərlə bağlı vaxtaşırı tənqidi materiallar dərc olunmasına baxmayaraq heç nə dəyişmir. Nə tənqid olunanlar nəticə çıxarırlar, nə də bu tənqidlərə görə hər hansı tədbir görülmür.
Gələcəyin «sağlamlıq keşikçilərini” yetişdirən bu kollecin əslində özünün çox ağır «xəstəliyə” tutulduğu ortadadır. Bu xəstəlik isə rüşvətxorluq və korrupsiya «xəstəliyidir”..
Adı çəkilən kollecdə hökm sürən ab-hava burada tədrisin müasir tələblərə cavab verməməsinə, tələbələrə gəlir mənbəyi kimi baxılmasına səbəb olur. Dərəbəylik o həddə çatıb ki, imtahanlar zamanı tələbələr ancaq necə pul tapmaq, semestri başa vurmaq haqqında düşünürlər.
Təbii ki, belə şəraitin yaranmasında kollecin direktoru Dilarə Məmmədəliyevanın “xüsusi əməyi” qeyd olunmalıdır. Məhz onun rəhbərliyi dövründə kollecdə rüşvət özünün çiçəklənmə dövrünə qədəm qoymuşdur. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, imtahan sessiyaları zamanı tələbələrə əsl divan tutulur. Burada əsas meyar heç də bilik yox, tələbənin maddi durumu hesab edilir. Bir imtahan sessiyasının başa çatması hər bir tələbəyə minimum 1000-1500 manata başa gəlir.
Hətta imtahanlar zamanı kollec tələbəsinin məcbur qalıb nişan üzüyünü satması barədə məlumatları da yəqin çoxları xatırlayır. Məlumatlarda bildirilir ki, tələbələrdən pul toplanılması təkcə imtahan sessiyası ilə bitmir. Dərsdən yayınma hallarına görə də xüsusi “cəza məbləği” vardır. Ümumiyyətlə haqqını ödəyib dərsə gəlməyən tələbələr də çoxdur. Belələri direktorun “xüsusi qazanc” mənbəyi hesab olunur.
Yaranmış vəziyyət təkcə tələbələrin deyil, müəllimlərin də narazılığına səbəb olur. Direktor kollecdə elə vəziyyət yaradıb ki, müəllimləri bir-birinə düşmən edib. Verilən məlumata görə, müəllimlərə dərslər nəyinsə müqabilində bölünür. Hansı müəllim dərs saatını çox istəyirsə, mütləq kollec direktorunu “görməlidir”. Əks təqdirdə, həmin müəllimlərin dərs saatı azaldılır. Bu da müəllimlər arasında narazılığa səbəb olur. Həmçinin hər ay müxtəlif adlar altında pul toplanması istər tələbələrin, istərsə də müəllimlərin səbrini daşdırıb”.
Maraqlıdır ki, bütün kollektivi narazı salan belə acınacaqlı durum nədənsə Səhiyyə Nazirliyini narahat etmir. Görəsən Dilarə xanımın səhiyyə sahəsindəki hansı “xidmətləri” ona belə “toxunulmazlıq” statusu qazandırıb? Bütün təhsil sistemində “ad çıxarmış” kollecdə baş verənlərə seyriçi mövqe göstərməklə Səhiyyə Nazirliyi və digər aidiyyatlı qurumlar nəinki təhsil sisteminə, həmçinin gələcək səhiyyə sisteminə sağalmaz yaralar vurur. İllərdir ki, Azərbaycan qanunlarına, dövlət siyasətinə meydan oxuyan D. Məmmədəliyeva haqqında heç bir tədbir görülməməsi müxtəlif suallar doğur. Nazirlər dəyişilir, icra başçıları otağındaca həbs olunur, amma bir kollec direktoruna heç kim gözün üstə qaşın var demir. Görəsən hamını özünə ram edən bu əlahəzrət səbəb nədir?