Macarıstanın Milli Günü münasibətilə həmin ölkənin Azərbaycandakı səfirliyi tərəfindən tədbir keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Telexeber.az-a verilən xəbərə görə, tədbirdə Macarıstanın səfiri Tamaş Torma ölkəsinin Milli Günü və keçdiyi inkişaf yolu barədə məlumat verib. Bu il Macarıstan və Azərbaycanın diplomatik əlaqələrinin 30 illiyinin qeyd edildiyini deyən səfir iki ölkənin münasibətlərinin daim genişləndiyini bildirib.
Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev Macarıstanın Milli Günü münasibətilə təbrikini ifadə edib.
O bildirib ki, Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq əlaqələri inkişaf edir, ötən dövrdə iki ölkə arasında 50 əməkdaşlıq sənədi imzalanıb. Ölkələrimiz ikitərəfli müstəvidə və beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir. Bu gün Azərbaycan və Macarıstan arasında siyasi, iqtisadi, energetika, nəqliyyat, kənd təsərrüfatı, təhsil və s. sahələrdə fəal əməkdaşlıq əlaqələri var.
Nazir macar şirkətlərinin Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə quruculuq işlərində iştirak etmək əzmində olmalarının məmnunluq doğurduğunu qeyd edib. Habelə həmin işlərə cəlb olunacaq macar şirkətləri üçün Macarıstanın “EximBank”ının 120 milyon ABŞ dolları kredit xətti, azad edilmiş ərazilərin minalardan təmizlənməsi işinə Macarıstan tərəfinin 25 min avro qrant ayırmasının iki ölkənin dostluq münasibətlərinin təzahürü olduğunu bildirib.
Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin ölkələrimiz arasında əlaqələrin genişlənməsinə yönəldiyini deyən S.Babayev Azərbaycanla Macarıstanın ticarət dövriyyəsində bu il 9,2 faiz artım qeydə alındığını, iki ölkənin işgüzar əməkdaşlıq sahəsində də böyük potensiala malik olduğunu diqqətə çatdırıb.
O, Azərbaycanla Macarıstan arasında əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib.