17 yaşında səhnəyə gəldi, oğlunu qəzada itirdi - Elxan Qasımovun DOSYESİ

Xəbər verdiyimiz kimi, səhnəmizin "Şofer Əhməd"i 78 yaşında vəfat edib.

Telexeber.az xatırladır ki, Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. O, Naxçıvanın tanınmış həkimi Məmməd Qasımovun oğludur. Anası isə evdar qadın olub. Ailədə 5 övlad olublar. Bacısı Naxçıvanda partiya komitəsinin birinic katibi, maarif naziri vəzifəsində çalışan ( 1979-80) şairə Elmira Qasımovadır. Qardaşlardan biri Azərbaycan Neft və Sənaye Universitetini bitirib, vəfat edib. Bir bacısı isə rus dili müəllimidir. Həmçinin kiçik qardaşı tanınmış idmançı Kamran Qasımovdur.

O, 53 yaşında olarkən 84 yaşlı atasını itirib. Qasımovun anası isə 93 yaşında həyatını itirib.

Elxan Qasımov orta təhsil illərindən müxtəlif yaradıcı sahələrdə fəaliyyət göstərib. 4-cü sinifdən pionerlər evində olub. Orada oxuyan zaman rəqs məktəbinə gedib və solist kimi fəaliyyətə başlayıb. Aktyorluğa gəlməzdən öncə rəqqaslıqla məşğul olub. 16 yaşında məktəbi bitirdikdən sonra insituta daxil olaraq Bakıya köçüb. O, M. A. Əliyev adına ADİİ-nun aktyorluq (1962–1966), Leninqrad DTMKİ-nun rejissorluq fakültəsində (1973-1978) təhsil alıb.

Elxan Qasımov İntizar adlı xanımla ailə həyatı qurub. Cütlüyün 1972-ci ildə Kəmalə adlı qızı, 1973-cü ildə isə Samir Qasımov adlı oğlu dünyaya gəlib.

Elxan Qasımov "Əhməd haradadır" filmindən "şofer Əhməd" kimi tanınıb. Onun ilk çəkildiyi film də elə "Əhməd haradadır" filmi olub. Elxan Qasımov filmin rejissoru olan Adil İsgəndərovun tələbəsi olub. Sınaq çəkilişləri zamanı o bəyənilib və "şofer Əhməd"i oynayıb. Elə o vaxtdan Elxan Qasımova adından çox "Əhməd müəllim" kimi xitab olunub: "Mən də çalışırdım ki, azərbaycan xalqı "Şofer Əhməd"i necə sevdisə, elə olmağa çalışım".

O, 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb. Müxtəlif filmlərdə yaddaqalan rollar oynayıb, rejissor kimi “Köhnə bərə”, “Biz qayıdacağıq” filmlərinə quruluş verib. Həmçinin sənədli filmlərin "Mozalan" kinosüjetlərinin müəllifidir.

Övlad itkisi yaşayan Elxan Qasımov bu mövzu gələndə həmişə "Bu, mənim öz taleyimdir, o, mənim dərdimdir" deyərdi. 2015-ci ildə müsahibələrinin birində bu faciədən söz açıb: "Bu, mənim yeganə oğul övladımın qəza faciəsi - on il öncə bir yük maşını altına düşüb tələf olması ilə ilgilidir. O vaxtdan-bu vaxta ağrı-acısını çoxdan-çox çəkdiyim, Tanrının heç bir valideynə göstərməməsini dilədiyim bu itki barədə az danışmağa, söhbətə tutulmamağa çalışıram. Çıxılmaz qalıb danışanda isə bircə cümlə ilə kifayətlənirəm: 53 il əvvəl bir yük maşını məni göylərə qaldırdı, 10 il öncə digəri hüznlərə gömdü".

Akyorun özü kimi aktyor, rejissor olan oğlu Samir Qasımov 2005-ci ildə ağır avtomobil qəzası zamanı dünyasını dəyişib. Oğul Qasımovun ən böyük arzusu atası Elxan Qasımovla birgə film çəkmək olub.

Sənətini sevən aktyor bu sözləri ilə yadda qaldı: "Çox xoşbəxtəm ki, tale elə gətirdi mən bu sənətə gəldim Bu sənət həm məni Azərbaycanda tanıtdı, həm də o böyük yaradanın köməyi ilə hörmətə mindirdi".

Elxan Qasımov Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.

Əməkdar artist bu gün Xırdalan qəbiristanlığında oğlunun məzarının yanında torpağa tapşırılıb.

Qeyd: Bu məlumatlar Elxan Qasımovun bugünədək verdiyi müsahibələr əsasında hazırlanıb.
Популярный ролик