70-ci maddənin "ç" bəndi - İşdən çıxarılanların qorxulu "yuxusu"

Son zamanlar ölkəmizdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə bağlı ciddi narahatlıqlar yaşanmaqdadır.

Bu bənd əsasında işdən çıxarılan şəxslərin bir daha iş tapa bilməməsi problemi cəmiyyətdə geniş müzakirə mövzusuna çevrilib.


Telexeber.az xəbər verir ki, məsələ ilə bağlı tanınmış hüquqşünas Xəyal Bəşirov Oxu.az-a açıqlamasında bu maddə ilə bağlı insanların narahatlığının əsaslı olduğunu bildirib:

"Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi insanların ən çox çəkindiyi, narahat olduğu müddəadır. Çünki həmin maddəyə istinad olunmaqla işçinin işdən çıxarılması, sadə dillə desək, onun ömürlük "bədbəxt olması" deməkdir.

Hazırda qüvvədə olan Əmək Məcəlləsinə əsasən, bu maddə həm dövlət, həm özəl sektorda əmək qanunvericiliyi ilə fəaliyyət göstərən şəxslərə aiddir.

Nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azad olunan şəxslərin sonradan başqa işə düzəlmələrində çox ciddi problemlər yaranır. Bu maddənin təsiri altına düşənlər ömür boyu digər qurumlarda, dövlət və yaxud özəl sektorda işə qəbul olmaqda çətinliklərlə üz-üzə qalırlar.

Əvvəllər bu maddə əmək kitabçasına yazılırdı, indi isə elektron sistemə əlavə edilir".

Hüquqşünasın fikrincə, əslində, bu maddə insanların müəyyən mənada öz əmək funksiyalarına, vəzifə öhdəliklərinə ciddi və məsuliyyətli yanaşmalarını şərtləndirə bilər, amma digər tərəfdən, şəxsin hansısa bir qısa müddət ərzində əmək funksiyalarını pozduğu üçün ömürlük işləmək hüququndan məhrum edilməsi halı ədalətli deyil:

"Hətta cinayət məsuliyyətinə cəlb edilmiş ağır və xüsusilə ağır cinayət törətmiş şəxslər belə, müəyyən müddət sonra həmin o məhkumluğun bütün nəticələrindən azad olunurlar, bu maddə ilə işdən çıxanların isə belə desək, bəraəti yoxdur.

Müqayisəni bu dərəcədə aparıram ki, o maddənin insanlara hansı formada çətinlik yaratdığını aydın izah edim.

Əmək qanunvericiliyində bu maddənin olması sanki ömürlük insanın üzərinə damğa vurur ki, bu adam vəzifələrinə hörmətsiz yanaşıb, əmək funksiyasını yerinə yetirməyib, buna iş vermək olmaz. Bu nə dərəcədə ədalətli ola bilər?

Ona görə bu maddə ilə bağlı qanunvericilikdə hər hansı bir məqam olmalıdır ki, bir müddət sonra artıq o insan iş tapmaqda çətinlik çəkməsin.

Onsuz da, insanın bir müddət işsiz qalması da müəyyən mənada islah olunmasına gətirib çıxarır. İnsana hər bir halda növbəti dəfə üçün şans verilməlidir.

İndiki təcrübədə bu məsələ ilə bağlı insanlar məhkəmələrə müraciət edirlər. Məhkəmədə əgər uğur əldə edə bilmirlərsə, o zaman onlar əmək müqaviləsiz işləməyə məcbur olurlar ki, bu da onların hüquqlarının pozulmasına gətirib çıxarır.

Bundan əlavə, həmin o işsiz qalan şəxslər qanunsuz yollarla gəlir əldə etməkdə maraqlı olurlar. Bu da sonda cinayət törətmələrinə gətirib çıxara bilir.

70-ci maddənin "ç" bəndi ilə işdən çıxarmaq da çox hallarda işçi ilə işəgötürən arasında hər hansı bir problem yaranırsa, çox vaxt heç əmək funksiyalarına aid olmur. Məsələn, işəgötürən işçi ilə prinsip aparır və belə deyim, ona pislik etmək üçün hansısa formada bəhanə tapıb onu 70-ci maddənin "ç" bəndi ilə işdən azad edir.

Bu da yekunda, bəlkə də, gələcəkdə məsuliyyətli və eyni zamanda, istedadlı, məhsuldar bir əməkdaşın işdən məhrum olmasına gətirib çıxarır və bu işdən məhrumolma gələcəkdə onu digər məhrumiyyətlərlə qarşı-qarşıya qoyur. Ona görə düşünürəm ki, qanunvericilikdə həmin maddənin təsir müddətinin məhdudlaşdırılması ilə bağlı dəyişiklik edilməlidir ki, bir müddət sonra artıq o işçiyə yeni bir şans yaransın", - deyə hüquqşünas vurğulayıb.

Ölkədə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən çıxarılanların statistikası aparılırmı?

Dövlət Statistika Komitəsinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, həmin bənd üzrə işdən çıxarılanların ümumi statistikası aparılmır.

Dövlət Statistika Komitəsi tərəfindən aparılan statistikalar aşağıdakılardır:

Beləliklə, Əmək Məcəlləsinin sözügedən maddəsi üzrə işdən çıxarılma hallarının statistikasının aparılmaması boşluq kimi qiymətləndirilə bilər. Bu statistikanın mövcudluğu isə həm işçilərin hüquqlarının qorunması, həm də əmək bazarındakı vəziyyətin qiymətləndirilməsi baxımından faydalı olardı.
Популярный ролик