"Statistika göstərir ki, Azərbaycanda böyük əksəriyyət smartfon istifadəçiləri VPN üzərində "oturub"".
Telexeber.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz fesybuk hesabında yazıb.
O bildirib ki, Azərbaycanda sosial şəbəkə istifadəçilərinin çoxu "TikTok"a daxil olmaq üçün VPN-dən istifadə edir.
"Düzü, bu dərəcədə olacağını da heç təsəvvür etməzdim. Qlobal statistikadan görsənir ki, son zamanlarda bizim mobil istifadəçilərimizin yüklədikləri pulsuz mobil tətbiqlərin ilk beşliyində yalnız VPN-lərdir. Ümumiyyətlə isə, ilk on beşliyə nəzər salanda görmək olar ki, böyük əksəriyyət VPN-lərdi. Bu, çox düşündürücü məqamdır. Bu analizdən anlaşılır ki, smartfon istifadəçilərimizinn əksəriyyəti VPN üzərində "oturub". Bu, əsasən Android platformadan istifadə edənlərlə bağlıdır. "App Store" diqqət yetirdikdə nisbətən fərqli situasiyadır. Amma burada da VPN-Lər gözə dəyir.
Ermənistan istifadəçilərinin maraq dairsəinə nəzər salanda görmək olar ki, situasiya tam fərqlidir. Orada ümumiyyətlə VPN gündəmdə deyil. Çox güman ki, bir müddət öncə tətbiq edilən bloklanma aradan qaldırılıb. Şübhəsiz ki, istifadəçilərimizin VPN-dən istifadəsinin kökündə "TikTok" dayanır. Bu platforma ölkəmizdə müvəqqəti olaraq bloklanıb".
Osman Gündüz bildirib ki, "TikTok" rəsmiləri ilə görüşündə ona Azərbaycanda 3 milyon "TikTok" istifadəçisi olduğunu bildirilib. O həmçinin uşaqlar və yeniyetmələr üçün "TikTok"un məhdudlaşdırılmasının tərəfdarıdır:
"Bu, Azərbaycan üçün çox böyük rəqəmdir. Düşünürəm ki, "TikTok"la bağlı qərar verənlərimiz bu mənzərənin fərqində olmalıdır. Həm milli təhlükəsizliklə bağlı, o cümlədən də uşaqların təhlükəsizliyi ilə bağlı daha təkmil və effektiv üsullardan istifadəyə diqqət yetirilməlidir. Baxmayaraq ki "TikTok" rəsmiləri özlərindəki statistikaya istinadən bizdə uşaqların bu platformada az olduğunu vurğulayırlar, amma reallıqda vəziyyət fərqlidir. Yenə də o fikirdəyik ki, uşaqlar və yeniyetmələr üçün "TikTok" məhdudlaşdırılmalıdır. Düşünürük ki, pulsuz VPN-lərdən istifadə əsasında "TikTok" istifadəsi uşaqlar üçün daha ciddi risklər yaradır. Bu istiqamətdə bütün maraqlı tərəflərin iştirakı ilə daha ağlabatan üsullardan istifadə edilməlidir. Amma ciddi hüquqi əsaslar olmadan bütövlükdə bu platformaya qarşı bloklanma doğru olmazdı. Fikrimcə, digər ölkələrdə olduğu kimi təhlükəsizlik məsələlərinin qorunması ilə bağlı bu platforma ilə əməkdaşlıq daha ağlabatan olardı. Digər sosial resurslarda olduğu kimi, bu platformada da faydalı kontentin yaradılmasına, gənclər üçün burada daha faydalı, intellektual resursların hazırlanmasına, biznes və tanıtım üçün daha effektiv istifadəsinə , bütövlükdə Azəırbaycan maraqları üçün bu platformadan daha effektiv istifadəyə diqqət yetirmək doğru olardı".