2023-cü ildə Bakı metropoliteninin Qırmızı və Yaşıl xətlərinin birləşdiyi “28 May” stansiyasının elektrik yarımstansiyası yenidən qurulacaq.
Telexeber.az xəbər verir ki, modernləşdirmə işlərini dünyada bu sahə üzrə tanınmış “Siemens Smart Infrastructure” (“Siemens SI) şirkəti yerinə yetirəcək.
“Bakı Metropoliteni” QSC-nin texniki tapşırığına uyğun olaraq, şirkət avadanlıqların istehsalına başlayıb. Onu da xüsusi qeyd etmək lazımdır ki, Bakı metropoliteni məhz bu şirkətlə əməkdaşlıqdan sonra ilk dəfə yarımstansiyalarda yalnız bir tərəfdaşın avadanlıqları quraşdırır. Bununla da fərqli avadanlıqların bir sistemin tələblərinə uyğunlaşdırılmasına ehtiyac qalmır, həmçinin onların istismarı və qulluğunu daha səmərəli şəkildə təşkil etməyə imkan verir.
“SiemensWorld INTRA”ya müsahibəsində “Siemens” Sİ-nin Elektrikləşdirmə və Avtomatlaşdırma bölməsi Avstriya filialının rəhbəri Hannes Rotvanql “28 May” stansiyasında görüləcək işlərin şirkətin Bakı metropoliteni ilə ardıcıl 7-ci uğurlu layihəsi olacağını qeyd edərək, uzunmüddətli əməkdaşlıqla qürur duyduqlarını deyib: “Şirkətimiz “28 May” stansiyasının elektrik təchizatı və paylayıcı sistemlərini quraşdıracaq. 6 ildir davam edən əməkdaşlıq dövründə Qırmızı və Bənövşəyi xətlərdə enerji təchizatı ilə bağlı mühüm modernləşdirmə və quraşdırma işlərini yerinə yetirmişik. Əvvəlki layihələrdə “Siemens Mobility” ilə birgə çalışaraq, teleidarə, həmçinin sabit cərəyanla işləyən sistemləri qurmuşuq. Hazırda “28 May” layihəsi üçün teleidarə sistemlərinin həlli üzərində əməkdaşlıq nəzərdə tutulub”.
Şirkətin layihə meneceri Tomas Prammer isə qeyd edir: “28 May Azərbaycanın Müstəqillik Günüdür. Bunun bizim üçün rəmzi mənası da var, çünki yeni qrupla eyniadlı metro stansiyasının enerji təchizatının yenilənməsini yerinə yetriəcəyik. 55 ildir fəaliyyətdə olan stansiyanın enerji təchizatını modernləşdirmək üçün geniş elektrikləşdirmə layihəsi və ən əsası, paylayıcı qurğuların quraşdırılması nəzərdə tutulub. Tədarük prosesi 12 aylıq müddəti əhatə edəcək”.
Burada 18 orta gərginlikli paylayıcı panel (NXAIR), 18 aşağı gərginlikli keçid paneli (SIVACON S8) və 6 GEAFOL transformatoru (2 ədəd 630 kVA güc transformatoru, 400 kVA-lıq 2 işıqlanma transformatoru, 63 kVA-lıq 2 SAT transformatoru) istehsal olunacaq. Bundan əlavə, təchizat və xidməti ehtiyaclar üçün 220 V düzləndirici (akkumulyator batareyaları ilə birlikdə) potensial şəbəkə müdaxilələrinin qarşısını alan iki kompensasiya panelini, eləcə də məsafədən giriş üçün teleidarə paneli də quraşdırılacaq.
Tomas Prammer onu əlavə edir ki, əsas status məlumatları, o cümlədən mərkəzdən və yerli idarəetmə prinsipi ilə nasazlıqlar və xəta protokolları, Yerlə birləşdirmə, gərginlik və cərəyanlar, eləcə də idarəetmə paneli tam olaraq avtomatik iş yerindən də həyata keçirilə biləcək. Bunlar yüksək səviyyəli SCADA sisteminin tərkib hissəsidir: “Əlbəttə, fasiləsiz elektrik təchizatı ən ümdə məsələdir. Məsuliyyətimizə düşən daha bir öhdəlik fövqəladə hallar zamanı fasiləsiz enerji təchizatı sistemini təmin etməkdir”.
Tomas Prammer bu layihəni şirkətin bundan sonrakı fəaliyyəti üçün prinsipial dönüş nöqtəsi hesab edir. Çünki bu layihədən əldə olunan təcrübə “Bakı Metropoliteni” QSC ilə birlikdə gələcəkdə uğurlu əməkdaşlıq imkanlarına təsir göstərəcək: “Bununla gələcək layihələrə imkanlar yaranacaq, yeni təkliflər və qarşılıqlı əməkdaşlıq şəraitində aparılan mübadilə əsnasında imkanlar genişlənəcək. Metropolitenlə birbaşa təmasda şirkətin Azərbaycan nümayəndəliyinin fəal dəstəyi olmasaydı, bu cür layihə uğurları reallaşa bilməzdi”.
Qeyd edək ki, “Siemens”in istehsalı olan avadanlıq və sistemlər “İçərişəhər” stansiyasında və bir dartı-alçaldıcı yarımstansiyalardan birinin modernləşdirilməsində, “Nərimanov” elektrik deposu (2 yarımstansiya), “8 Noyabr” stansiyasında və onun üzərində yerləşən 35 kV-luq yeni elektrik yarımstansiyalarının qurulmasında istifadə olunub.
2023-cü ilin sonuna qədər “28 May” stansiyasının elektrik yarımstansiyasında işlərin, əsasən, yekunlaşdırılması planlaşdırılır.