“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov Qazaxıstanın Ekologiya, Geologiya və Təbii Sərvətlər naziri Serikkali Berekeşefin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Telexeber.az-a Səhmdar Cəmiyyətin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu xatırladan Zakir İbrahimov əməkdaşlığa və qarşılıqlı təcrübə mübadiləsinə hazır olduqlarını vurğulayıb.
Z.İbrahimov 2017-ci ildə hasilat işlərinə “Çovdar” qızıl mədənindən başlayan Səhmdar Cəmiyyətin bu illər ərzində paralel olaraq yeni əlvan və qara metal filizi yataqlarının istismara hazırlanması istiqamətində mühüm uğurlar əldə etdiyini bildirib. Cəmiyyətin geoloqları tərəfindən kəşf edilmiş “Ağyoxuş” qızıl yataqlar qrupuna aid olan “Ağyoxuş 1”, o cümlədən “Mərəh” qızıl yatağının istismarına nail olduğunu xüsusilə qeyd edən Z.İbrahimov icra edilən qızıl mədəni layihələri üzrə dövlət büdcəsindən asılılığı tam olaraq aradan qaldırıldığını, 2025-ci ildən etibarən isə əlvan metal yataqları üzrə də asılılığın aradan qaldırmasının hədəf olaraq müəyyən edildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.
İdarə Heyətinin sədri adları çəkilən, eləcə də yaxınlıqda yerləşən digər yataqlarda hasil ediləcək filizlərin mərkəzləşdirilmiş qaydada emalı üçün “Çovdar” qızıl mədənin bazasında inteqrəolunmuş regional emal sahəsinin yaradıldığını bildirib.Sədr istismarına hazırlıq görülən yeni əlvan və qara metal yataqları, həmçinin “Filizçay” polimetal yatağı barədə də məlumat verib. Qeyd edilib ki, dövlət şirkəti regionun və Avropanın ən iri polimetal yataqlarından biri olan “Filizçay”da hasilat işlərinə 2025-ci ildə sınaq rejimdə start verməyi, növbəti illərdə isə sənaye miqyaslı emal müəssisənin işə salınmasını planlaşdırır.
Z.İbrahimov qazaxıstanlı heyətə Azərbaycan Respublikasının prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun əldə etdiyi zəfər nəticəsində azad edilmiş Kəlbəcər rayonunun mina və partlamamış hərbi sursatlardan təmizlənmiş ərazilərində Cəmiyyətin icra etdiyi geoloji axtarış işləri ilə bağlı məlumat verib. Həmin ərazidə daha geniş miqyasda fəaliyyətin aparılmasına məhz Ermənistan Respublikası tərəfindən işğal dönəmində basdırılmış minaların əngəl olduğu və bu günədək mina xəritələrinin tam olaraq təhvil verilmədiyi diqqətə çatdırılıb. Bölgənin minalardan, eləcə də partlamamış hərbi sursatlardan tam olaraq təmizləndikdən sonra daha geniş miqyaslı geoloji kəşfiyyat işlərinə başlanılacağı vurğulanıb.
Qazaxıstanın Ekologiya, Geologiya və Təbii Sərvətlər naziri Serikkali Berekeşefi hər iki ölkənin dağ-mədən sektorunda əməkdaşlıq üçün böyük imkanların mövcudluğunu qeyd edib. O, ölkəsinin mineral xammal ehtiyatlarına görə dünya liderlərindən biri olduğunu diqqətə çatdırıb. Qazaxıstanlı nazir Sovet dövrünə aid geoloji məlumatların rəqəmsallaşdırılmasını özündə ehtiva edən və yerin təkindən istifadə üzrə bütün mövcud informasiya sistemlərini birləşdirən vahid “Kaznedra” platformasının yaradılması prosesi barədə məlumat verib.Onun sözlərinə görə, yeni platforma investorların Qazaxıstanda geoloji məlumatlar və interaktiv xəritələrə onlayn girişini təmin edəcək.
Z.İbrahimov geoloji məlumatların rəqəmsalllaşdırılması istiqaməti üzrə də əməkdaşlığa və qarşılıqlı təcrübə mübadiləsinə hazır olduqlarını vurğulayıb. Daha sonra bir neçə il öncə ölkəmiz üzrə mövcud əlvan və qara metal filizi yataqları ilə bağlı məlumat arxivinin yenilənməsinə start verildiyini və layihənin uğurla yekunlaşdırıldığını diqqətə çatdırıb. Qeyd edilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəal əməkdaşlığı ilə Sovet dövründə aparılmış geoloji kəşfiyyat işləri barədə toplanılan məlumatlar elektronlaşdırılıb, beynəlxalq məsləhətçilərlə əməkdaşlıq çərçivəsində beynəlxalq standartlara uyğun olaraq hər bir yataq üzrə rəqəmsal məlumat bazası yaradılıb. Görülən işlərin yataqların iqtisadi və ekoloji cəhətdən daha effektiv idarəedilməsinə kömək edəcəyi, geoloji məlumatların rəqəmsallaşdırılmasının əlvan və qara metal sənayesinin xarici investorlar üçün cəlbediciliyini artıracağı, növbəti mərhələdə iqtisadi səmərəlilik nəzərə alınmaqla yataqların işlənmə prioritetlərini müəyyənləşdiriləcəyi vurğulanıb.
Serikkali Berekeşefi görüşün davamında “AzerGold” QSC-nin və Qazaxıstan şirkətlərinin timsalında yeni mədənlərə qarşılıqlı investisiya qoyuluşu, həmçinin geoloji kəşfiyyat sahəsində əməkdaşlıq perspektivləri istiqamətində bir sıra təkliflərlə çıxış edib. Daha sonra birgə fəaliyyət və təcrübə mübadiləsi təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb, atılacaq növbəti addımlar müzakirə olunub.