“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Professor Əziz Əliyev”, “Gəncə” və “General Aslanov” gəmiləri ballast sularının təmizlənməsi qurğusu ilə təchiz olunub.
Telexeber.az ASCO-ya istinadən xəbər verir ki, gəmilərdə bu sistem Beynəlxalq Dəniz Təşkilatının (IMO) 2017-ci ildə qəbul etdiyi “Ballast Sularının İdarəedilməsi Konvensiyası”nın D2 standartının tələbinə uyğun olaraq quraşdırılır.
IMO -nun tələbinə görə, Konvensiyanın qəbul olunduğu tarixdən sonra tikilən və beynəlxalq sularda üzən gəmilərin hər birində bu sistemin olması vacibdir. Qeyd olunan tarixədək tikilən gəmilərdə isə qurğu 2024-cü ilə qədər quraşdırılmalıdır.
Buna qədər ASCO-nun 10 gəmisi - “Prezident Heydər Əliyev”, “Zərifə Əliyeva”, “Azərbaycan”, “Şuşa”, “Qafur Məmmədov”, “Rəsul Rza”, “Şair Sabir”, “Şair Vaqif”, “Kəlbəcər” və “Laçın” gəmiləri sözügedən sistemlə təchiz olunub.
Dəniz canlılarından təmizlənməmiş ballast suyunun gəmiyə yüklənməsi və onun daşınaraq başqa dəniz mühitində boşaldılması ətraf-mühit, insan sağlamlığı və iqtisadiyyat üçün böyük təhlükə yaradır.