Dənizi olmayan şəhər gündə 100 ton balıq satır
Facebook
Вконтакте
Одноклассники
Google+

Türkiyənin dənizə çıxışı olmayan Kayseri şəhəri daxili su hövzələrində yetişdirilən qızılbalıq (somon) istehsalı və ixracı ilə diqqət mərkəzindədir. Qızılırmaq çayı üzərində qurulan Yamula su anbarındakı müasir təsərrüfatlarda iyun ayı bərəkətlə başlayıb.
Telexeber.az xəbər verir ki, cari mövsümdə yağıntıların bol olması və suyun səviyyəsinin yüksəkliyi məhsuldarlığı artırıb. Hazırda gündəlik balıq ixracı 100 tona çatıb.
Təsərrüfatlardan toplanan somon balıqları xüsusi maşınlarda dondurulduqdan sonra qablaşdırma müəssisələrinə göndərilir və oradan qlobal bazara çıxarılır. Hazırda bu şəhərdən dünyanın 49 fərqli ölkəsinə, o cümlədən Yaponiya, İngiltərə, ABŞ, Kanada, Çin və bütün Avropa dövlətlərinə balıq ixrac edilir. İxracatda ən çox pay Rusiyanın öhdəsinə düşür; Kayseridən göndərilən balıqların 70-80 faizi məhz Rusiya süfrələrini bəzəyir.
Kayseri həm də Türkiyənin qızılxallı balıq (alabalık) kürüsü və körpə balıq istehsalında strateji mərkəzidir. Belə ki, ölkədə istehsal olunan ümumi balıq kürüsü və körpə balıqların üçdə biri məhz bu dənizsiz şəhərin payına düşür. Artan müştəri tələbləri fonunda yerli istehsalçılar builki mövsümdə ixracat həcmini keçən illə müqayisədə daha da artırmağı hədəfləyirlər.