Türkiyə 36-cı NATO Zirvəsinə ev sahibliyi edəcək

Türkiyə iyulun 7-8-də Ankarada keçiriləcək 36-cı NATO Zirvəsi çərçivəsində dünya liderlərini qəbul edəcək.

Telexeber.az xəbər verir ki, zirvədə NATO-ya üzv 32 ölkənin dövlət və hökumət başçıları ilə yanaşı, çoxsaylı dəvətli liderlər, 100-ə yaxın nazir, yüksək səviyyəli diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri və minlərlə xarici qonaq iştirak edəcək.
Tədbirin təhlükəsizliyinin təmin olunması üçün 56 min 288 təhlükəsizlik əməkdaşı cəlb ediləcək. Bundan əlavə, kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərmək üçün 639 nəfərlik xüsusi heyət xidmət aparacaq.

NATO Katibliyinin standartlarına uyğun keçiriləcək zirvədə liderlərin əsas iclası qapalı formatda təşkil olunacaq. İclasın yalnız başlanğıc hissəsi mətbuat nümayəndələri üçün açıq nəzərdə tutulub.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, zirvənin işıqlandırılması üçün dünyanın müxtəlif ölkələrindən 3 minə yaxın media nümayəndəsi akkreditasiya üçün müraciət edib. TRT isə tədbiri 80 kamera ilə 26 fərqli nöqtədən canlı yayımlayacaq.

Zirvə çərçivəsində NATO Parlamentarilər Zirvəsi, beynəlxalq panel müzakirələri və təhlükəsizlik mövzusunda müxtəlif tədbirlərin keçirilməsi də nəzərdə tutulur.
Популярный ролик