
ABŞ Prezidenti Donald Trump Ukraynaya ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə raketlərinin istehsalı üçün lisenziya veriləcəyini açıqlayıb.
Telexeber.az xəbər verir ki, Tramp bu barədə Ukrayna prezidenti Volodimir Zelenski ilə NATO sammiti çərçivəsində keçirilən görüşdə danışıb.
"Biz sizə “Patriot” sistemlərini istehsal etmək üçün lisenziya verəcəyik. Bu, çox yaxşıdır. Beləliklə, artıq sizə kifayət qədər silah vermədiyimizi deyə bilməyəcəksiniz", – deyə Tramp bildirib.
O qeyd edib ki, “Patriot” müdafiə xarakterli silahdır və məhz bu səbəbdən belə silahların verilməsini hücum silahlarından daha məqsədəuyğun hesab edir.
Tramp görüş zamanı son vaxtlar Zelenski ilə münasibətlərinin yaxşılaşdığını bildirib və həm Moskvanın, həm də Kiyevin müharibəyə son qoymaq istədiyini vurğulayıb. ABŞ prezidenti əlavə edib ki, gün ərzində Rusiya Prezidenti Vladimir Putin ilə də telefon danışığı aparmağı planlaşdırır.
Zelenski isə cavabında Trampa müraciətlə, "Əminəm ki, siz bu müharibəni dayandırmaq üçün əlinizdən gələni edəcəksiniz", – deyə bildirib.
Məlumata görə, Ukraynaya qısa müddətdə əlavə "Patriot" raketlərinin göndərilib-göndərilməyəcəyi hələ dəqiqləşməyib. Müzakirələrdən məlumatlı mənbələrin sözlərinə görə, yeni raketlərin istehsalının Almaniya və ya digər Avropa ölkələrində təşkil olunması nəzərdən keçirilir. Məqsəd istehsal müəssisələrinin Rusiyanın mümkün hücumlarından qorunmasıdır.
Tramp bildirib ki, ABŞ-ın özünün də "Patriot" sistemlərinə ehtiyacı var, lakin mövcud ehtiyatlardan bir hissəsinin dərhal Ukraynaya göndərilməsi mümkündür.
Qeyd edək ki, "Patriot" raketləri Ukraynanın arsenalında ballistik raketləri məhv edə bilən yeganə hava hücumundan müdafiə sistemi hesab olunur. Bu səbəbdən Kiyev uzun müddətdir ki, həmin sistemlərin və raketlərin istehsal texnologiyasına çıxış əldə etməyə çalışır.