Dövlət İmtahan Mərkəzinin Elm və Təhsil Nazirliyi ilə birgə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin rəisi, gömrük xidməti polkovniki Ülvi Zülfüqarov olub.
Telexeber.az xəbər verir ki, Ülvi Zülfüqarovun sözlərinə görə, o, 2001-ci ildə ali məktəbə qəbul imtahanında 691,25 bal toplayıb. Bundan sonra o, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Zülfüqarov bildirib ki, Prezident Administrasiyasının binasında yüksək bal toplayan tələbələrlə görüş planlaşdırılıb və onun da adı siyahıda olub:
"Tədbirə gedənə qədər bilmirdim ki, Ulu öndər Heydər Əliyevlə görüşəcəyəm. Oraya gedəndən sonra ab-havadan bildim ki, Heydər Əliyev də orada olacaq".
Ülvi Zülfüqarov bildirib ki, Heydər Əliyev 2002-ci ilin 11 avqust tarixində Naxçıvana - onların yaşadığı kəndə də gedib: "Heydər Əliyev sakinlərlə görüşəndə atamla da görüşmüşdü. Atam - Vaqif Zülfüqarov uzun müddət Kolanlı kənd məktəbində müəllim işləyib. O görüş bizim ailəmiz üçün bu gün də ən əziz tarixlərdən biridir".