Keyfiyyətli kolbasa necə olmalıdır? - Qida mütəxəssisi AÇIQLADI

Kolbasa sevilən qəlyanaltı qidalardan biri sayılır. Onun tarixinə nəzər salanda məlum olur ki, bu məhsul qatqısız olaraq ancaq ətdən hazırlanıb. Xırda-xırda doğranılmış tikələri təmizlənmiş heyvan bağırsaqlarına doldurub müxtəlif ədəvalar və duz əlavə edir, daha sonra uc-uca bağlayıb qurutmaq üçün asır, bəzən hisə də verirdilər.

İndi kolbasanın içində ətdən başqa hər şeyə rast gəlmək mümkündür. Bu yaxınlarda Qida Təhlükəsizliyi Agentliyi apardığı monitorinq nəticəsində tərkibində nəinki mal ətinə, heç malın DNT-sinə də rast gəlmədikləri markaların siyahısını çıxarıb.


Telexeber.az xəbər verir ki, qida mütəxəssisi Aytac Zülfüqarlı AZƏRTAC-a deyib: “Kolbasalarda quruma, parçalanma, içərisində su və normadan artıq yağ, yapışqanlılıq, rənginin çox tünd və ya çox açıq olması onun düzgün istehsal edilmədiyini göstərir. Kolbasa məhsulu dilimləndikdə çətin kəsilməməli, yapışmamalı, dilimlər parçalanmamalı və rəngi çəhrayıdan tünd qırmızıyadək, bərabər qarışdırılmış və boz ləkələrsiz olmalıdır. Kolbasa məhsulunda həmin əlamətlərə rast gəlinməsi onun standartlara uyğun olmadığından xəbər verir. Kolbasanın xəmiri bircinsli olmalı, hətta quruyanda da eyni şəkildə qurumalıdır. Kolbasanı doğrayanda xoşagəlməz qoxu, yedikdə acılıq, mədədə ağırlıq hiss olunması da onun keyfiyyətsiz hazırlanmasına dəlalət edir”.

Mütəxəssislər gün ərzində 50 qramdan çox kolbasa yeməməyi, hətta mümkünsə ayda bir dəfə istehlak etməyi tövsiyə edirlər.
Популярный ролик