Gəncə Dövlət Universitetinin Tədris məsələləri üzrə prorektor, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Şahin Xurşudov.
- Şahin Xurşudov,Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev ili” elan edildi. Bu tarixi qərarın əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Bütün dövrlərdə hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının da tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevdir. Hazırda Azərbaycan Respublikasının vətəndaşları, bütün dünya azərbaycanlıları və türk dilli xalqlar müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ilini böyük həyəcan və sevinclə qarşılamağa hazırlaşır. Ümummilli lider Heydər Əliyevin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaqdır. Çünki Ulu öndərin həyat və yaradıcılıq fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yoluna qoymaq olmuşdur. Məhz Heydər Əliyevin həyat və yaradıcılıq yoluna nəzər saldıqda Ulu öndərin fəaliyyətinin ilk dövründən başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şahidi oluruq. Ona görə də Heydər Əliyev irsini daim öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını heç vaxt itirməyən qlobal məsələdir. Heydər Əliyevi fərqləndirən başlıca xüsusiyyətlər işlədiyi vəzifənin kiçikliyi və ya böyüklüyündən asılı olmayaraq yüksək əzmkarlığı hesabına məşğul olduğu problemi dərindən mənimsəməsi, özünə və ətrafındakılara qarşı tələbkarlığı, reallığı əks etdirən prinsipial mövqe tutması, üzərinə düşən vəzifəni maksimum səviyyədə uğurlu nəticə ilə yerinə yetirməsi olmuşdur. Bax, bu xüsusiyyətinə görə Ulu öndər həmişə vəzifə pillələrində yüksəlmiş, dövlət təhlükəsizliyi xidmətinin leytenantı rütbəsindən general mayoru rütbəsinə və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə yüksəlmişdir. Komitədə işlədiyi dövrdə kəşfiyyat və əkskəşfiyyat məsələlərinə dair ən çətin tapşırıqları Heydər Əliyev lazımi səviyyədə yüksək peşəkarlıqla icra edirdi.
Məlum olduğu kimi, Heydər Əliyev 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi kimi Azərbaycan Respublikasına rəhbərliyə başlamışdır. O, fəaliyyətə başladığı ilk gündən xalqına bağlı olduğunu, respublikanın və onun bölgələrinin sosial-iqtisadi inkişafına nail olmaq üçün böyük həvəs və inadkarlıqla çalışdığını və əhalinin rifahının yaxşılaşmasına xüsusi önəm verməsini əyani surətdə göstərdi. Bunun nəticəsində Azərbaycan Respublikası SSRİ məkanında geridə qalmış kənd təsərrüfatı diyarından inkişaf etmiş qüdrətli sənaye və aqrar potensiala malik bir respublikaya çevrildi. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə əldə etdiyi yüksək nailiyyətlər onun SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri kimi fəaliyyət göstərməsinə zəmin yaratdı. Bu fəaliyyəti dövründə Heydər Əliyevin çox geniş əhatəli çətin problemləri və irimiqyaslı layihələri (Baykal - Amur Magistralı və s.) yüksək səviyyədə həll etmək bacarığını əyani olaraq göstərdi və dövrünün ən nüfuzlu dünya siyasətçiləri ilə bir sırada durmasını təmin etdi.
Sərəncamda da qeyd edildiyi kimi, ötən əsrin 90-cı illərinin əvvəlində müstəqilliyini bərpa edən Azərbaycanın ərazisinin bir hissəsinin Ermənistanın təcavüzünə məruz qaldığı, xarici təzyiqlərin və daxili çəkişmələrin tüğyan etdiyi bir dövrdə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev ölkəmizi dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsindən xilas edərək dövlətin dayanıqlı siyasi və iqtisadi inkişaf yolunu müəyyən etmişdir. Türkiyə ilə Azərbaycan “bir millət iki dövlətdir” deməklə dahi siyasətçi Heydər Əliyev türkdilli dövlətlərin hazırkı sıx birliyinin təməlini qoymuşdur. Məhz dövlət və xalq qarşısındakı bu əzəmətli və əhatəli xidmətlərinə görə Heydər Əliyev irsini daim öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək, bugünkü və gələcək nəsillərə çatdırmaq dövlətimiz və xalqımızın qarşısında duran ən vacib və aktuallığını heç vaxt itirməyən qlobal məsələdir. Bu mənada Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev ili” elan etməsi barədə imzaladığı Sərəncam Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları və türkdilli xalqlar tərəfindən böyük rəğbət və ruh yüksəkliyi ilə qarşılanır. Hesab edirəm ki, 2023-cü ilin “Heydər Əliyev ili” kimi qeyd edilməsi Ümummilli liderimizin əziz xatirəsini böyük coşğu ilə yad etmək və əbədiləşdirmək istiqamətində həyata keçirilən ən mühüm tədbirlərdən biridir.
-1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində xalqın böyük dəstəyi ilə Prezident seçilən Ulu Öndər ölkəmizi vətəndaş müharibəsindən, dövlətimizi məhv olmaqdan xilas etdi. Həmin dövrü necə xatırlayırsınız?
- Bu suala ətraflı və əsaslı cavab vermək üçün hesab edirəm ki, bir qədər əvvələ - Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda göstərdiyi fəaliyyətə nəzər salmaq lazımdır. Çünki, Ulu Öndərin 1993- cü il, oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsində onun Azərbaycana 1969-1982-ci illərdə və CCRİ Nazirlər soveti Sədrinin birinci müavini vəzifəsində işləyərkən gördüyü işlərlə yanaşı son vaxtlar Naxçıvanda Muxtar Respublikanın Ali Sovetinin deputatı və Naxçıvan Ali Məclisinin sədri kimi göstərdiyi fəaliyyətin də böyük əhəmiyyəti olmuşdur. Qeyd etmək lazımdır ki, Heydər Əliyev məlum səbəblərdən SSRİ rəhbərliyindən imtina etdikdən sonra Moskvada yaşadığı müddətdə bütün qadağalara baxmayaraq SSRİ-də və Azərbaycanda gedən prosesləri diqqətlə izləməkdə davam edir, öz xalqı ilə birgə nəfəs alırdı. Onun gücü də məhz bunda idi. 1990-cı il yanvarın 20-də Sovet qoşunları Bakıda qırğın törədəndən sonra buna ən sərt şəkildə etiraz edən də məhz Ümummilli lider idi. Həmin vaxt Heydər Əliyev böyük cəsarət nümayiş etdirərək Azərbaycanın Moskvadakı nümayəndəliyinin binasında təşkil edilən mətbuat konfransında SSRİ-nin rəhbərliyini açıq formada kəskin tənqid edib xalqı ilə birlikdə olduğunu bəyan etmiş və 1990-cı il iyulun 22-də Naxçıvana gəlmişdir.
Həmin vaxtlar blokada şəraitində olan Naxçıvan həm ermənilərlə müharibə edir, həm də yaranmış iqtisadi çətinlikləri aradan qaldırmağa çalışırdı. Belə bir vəziyyətdə tanınmış siyasi xadim, həmişə vətəni və xalqı üçün həvəslə çalışmış Heydər Əliyev Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi fəaliyyət göstərməsi naminə əsl mücadiləyə qalxdı. Bu məqsədlə də Naxçıvan əhalisi onu Naxçıvan Muxtar Respublikasının və Azərbaycan SSR-nin Ali Sovetinə deputat seçdi. Heydər Əliyev sessiyalarda Dağlıq Qarabağ problemi ilə əlaqədar Bakı rəsmilərinin yeritdiyi siyasəti və Moskvanın mövqeyini kəskin tənqid edir, SSRİ-nin tezliklə dağılacağını bəyan edirdi. Lakin səbatsız iqtidar bu fikirlərə məhəl qoymur, Kremlə sədaqət nümayiş etdirirdi. Buna baxmayaraq Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının yaradılması üçün mübarizəsini davam etdirirdi. 1990-cı ilin noyabr ayının 17-də Muxtar Respublikanın Ali Sovetinin birinci sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə doğma Azərbaycanımızın üçrəngli bayrağı qaldırıldı və bununla da həmin vaxtdan müstəqilliyimizin ikinci dəfə əsası qoyuldu. Bundan başqa onun təklifi ilə Muxtar Respublikanın adından “Sovet Sosialist” sözləri çıxarıldı və Naxçıvan MR Ali Soveti Ali Məclis adlandırıldı. Habelə, dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik günü elan edildi. Naxçıvan əhalisi Heydər Əliyevə böyük inam və ümid bəsləyərək onun Muxtar Respublikaya rəhbərlik etməsini arzu edirdi. Xalqın bu istəyi 1991-ci il sentyabrın 3-də reallaşdı və Heydər Əliyev Muxtar Respublikanın Ali Məclisinə sədr seçildi. Bununla da nəinki Naxçıvanın Muxtar Respublika kimi, həm də Azərbaycanın müstəqil dövlət kimi məhv olmaqdan qurtulmasına gedən yol həmin gündən başladı.
Ali Məclisin sədri kimi o, öncə ağır günlərini yaşayan Naxçıvanın vəziyyətini yüngülləşdirmək üçün qardaş Türkiyə və İranla əlaqələri yaxşılaşdırıb kömək əldə etdi. Muxtar Respublikanın gələcək taleyinin iqtisadiyyatın bazar münasibətləri əsasında inkişaf etməsində görən Ulu Öndər tezliklə islahatların həyata keçirilməsini önə çəkdi. Dövlətçilik, qayda-qanun möhkəmləndi, vəzifə sahiblərinin və bütün işçilərin məsuliyyəti artırıldı. Muxtar Respublikada bütün qüvvələr və imkanlar əhalinin rifah halının yaxşılaşmasına və təhlükəsizliyin təmin edilməsinə səfərbər olundu. Azərbaycan Respublikasında ilk dəfə iqtisadi islahatlar Muxtar Respublikanın aqrar sahəsində başladı. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu 1996-cı ildə qəbul olunsa da ondan xeyli əvvəl - 1992-ci ildə Culfa rayonun Şurut və Gal kəndlərindəki torpaqların kəndlilərə verilməsi təmin edildi. Çox uğurla həyata keçirilən bu təxirəsalınmaz tədbirlər tezliklə öz bəhrəsini verdi və Naxçıvanda siyasi və iqtisadi vəziyyət getdikcə stabilləşməyə başladı. İqtisadiyyatda və dövlət quruculuğunda əldə edilən bu sabitlik ermənilərin Muxtar Respublikaya hücumlarını mərdliklə dəf etməyə və cəbhədə sakitliyin bərqərar olmasına imkan yaratdı.
Həmin dövrdə - 1991-ci il 18 oktyabr tarixində Bakıda Azərbaycan Respublikası ikinci dəfə öz müstəqilliyini və suverenliyini elan etdi. Bu tarix isə elə bir dövrə təsadüf etmişdir ki, bir tərəfdən mənfur qonşumuz Ermənistan separatçılıq siyasəti yürüdərək ərazi iddiası ilə bizi müharibəyə cəlb etmiş, digər tərəfdən isə yeni yaradılmış suveren dövlətə məsuliyyətsiz, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək və proqnozlaşdırmaq imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslər rəhbərlik edirdi. Belə vəziyyət cəbhədə gərginliyi daha da artırmaqla yanaşı hakimiyyət uğrunda mübarizəni də qızışdırırdı. Bundan istifadə edən Ermənistan silahlı qüvvələri havadarlarının köməyi ilə Dağlıq Qarabağdan azərbaycanlıları zor gücünə qovur və etnik təmizləməmə aparırdılar. Hakimiyyətdə olanlar isə xalqı səfərbər edib bunun qarşısını ala biləcək tədbirlər görmək gücündə deyildi və aciz durumda idi. Bundan azğınlaşan erməni quldurlar isə 1992-ci ilin fevralında insanlığa sığmayan Xocalı soyqırımı dəhşətlərini törətdilər və şəhər yerlə yeksan edilərək 613 günahsız azərbaycanlı görünməmiş vəhşiliklə qətlə yetirildi, yüzlərlə insan şikəst oldu, əsr götürüldü və itkin düşdü. Həmin ilin may ayında Azərbaycanın musiqi beşiyi olan Şuşa şəhəri erməni separatçıları tərəfindən işğal olundu.
Özünü xalqın aparıcı qüvvəsi hesab edən müsavat və xalq cəbhəsi cütlüyü bundan öz xeyrinə yararlanaraq hakimiyyəti tezliklə ələ aldılar. Ancaq bu hakimiyyətdə təmsil olunanların dövlətçilik və idarəetmə təcrübəsi yox idi, onlar öz işlərini günün tələbinə uyğun qura bilmir, hadisələri düzgün qiymətləndirmir, nə cəbhədə, nə də dövlət quruculuğunda təsirli tədbirlər görə bilmədiklərindən ölkədə hərc-mərclik və xaos baş alıb gedirdi. Populist çıxışları ilə özünü siyasətçi kimi xalqa tanıtmağa çalışan bu cütlüyün məkrli nümayəndələri başıpozuq dəstələr toplayaraq heç bir məsuliyyət hiss etmədən xalqın və dövlətin əleyhinə yönələn istədikləri hərəkətləri edir, ölkənin idarə olunmasını iflic vəziyyətinə salırdılar. Bu da yenicə müstəqillik əldə etmiş Azərbaycan Respublikasında iqtisadiyyatı və mənəviyyatı məhv edir, müharibədə erməni tərəfinə üstünlük verir və erməni silahlıları tərəfindən Dağlıq Qarabağa qonşu yeddi rayonun da zəbt edilməsinə şərait yaradırdı.
Artıq müstəqil Azərbaycan Respublikası öz tarixinin ən ağır çağlarını yaşayırdı. Bir tərəfdən Ermənistanla aparılan müharibə, bir tərəfdən iqtisadiyyatın acınacaqlı vəziyyətə düşməsi, bir tərəfdən də hakimiyyətdə olanların təcrübəsizliyi və səriştəsizliyi hakimiyyətə qarşı narazılığı artırmaqla yanaşı Azərbaycanın müstəqilliyini təhlükə qarşısında qoymuşdu.
Düşdüyü çətin vəziyyətdən çıxmağa başlayan Naxçıvan əhalisinin isə Heydər Əliyevə olan inamı və ümidi getdikcə artır və adamlar onun ətrafında daha sıx birləşərək Muxtar Respublikanın gələcəyi naminə əzmkarlıqla çalışırdı. Heydər Əliyevin Naxçıvanda əldə etdiyi bu uğurları gözü götürməyən Xalq Cəbhəsi 1992-ci il oktyabrın 24-də Naxçıvanda silahlı çevriliş edib Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd etsə də buna nail ola bilmədi. Çünki, Heydər Əliyev naxçıvanlılara sözün əsl mənasında arxa olduğundan əhali də ona arxa durmaqla yanaşı böyük hörmət və ehtiram bəsləyərək müdafiə etdi. Məhz bunun sayəsində çevrilişə cəhddən cəmi bir ay sonra-1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı təsis konfransı keçirildi və Heydər Əliyev yekdilliklə YAP-ın sədri seçildi.
Naxçıvanda yeni dövlət quruculuğu istiqamətində böyük işlərin getdiyi bir vaxtda Azərbaycan Respublikasına səriştəsiz rəhbərlik, getdikcə güclənən özbaşınalıq, cəbhədə yaranan gərgin vəziyyət hakimiyyətə qarşı narazılığı artırırdı. Digər bir tərəfdən isə Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu istəməyən dairələr yeni planlarını işə salmışdılar. Separatçı Ə.Hümbətov tabeliyində olan silahlı qüvvələrdən istifadə edib cənub rayonlarında "Talış-Muğan Respublikası" yaratmağa çalışırdı. Şimal rayonlarında isə separatçı "Sadval" təşkilatı Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyətlə məşğul idi.
Bunun məntiqi nəticəsi kimi 1993-cü il iyunun 4-də Gəncədə iqtidara tam etimadsızlıq göstərilərək qiyam baş verdi, qardaş qanı axıdılmaqla demək olar ki, vətəndaş müharibəsi başlandı. Vəziyyətin daha kəskin xarakter alacağından qorxuya düşən və heç bir əməli tədbir görməyi bacarmayan iqtidar rəhbərləri məsuliyyətdən yayınmaq üçün bir-birinin ardınca istefa verməklə Heydər Əliyevi Azərbaycan Respublikasında rəhbər vəzifəyə dəvət etməyə məcbur oldular. Heydər Əliyev onların bu təkliflərini qəbul etmirdi, vəziyyət isə getdikcə daha da pisləşirdi. Bunu görən Azərbaycan xalqı böyük dövlətçilik təcrübəsi olan, tanınmış siyasi xadim Heydər Əliyevi yuxarıda qeyd etdiyimiz xidmətlərinə görə təkidlə ikinci dəfə Azərbaycan Respublikasına rəhbərliyə dəvət etdi. Xalq özünün sevimli oğluna etimad edir və inanırdı ki, yalnız Heydər Əliyev bu vəziyyətdən çıxış yolu tapa bilər və Azərbaycan Respublikasının müstəqilliyini qoruyub saxlaya və inkişaf etdirə bilər.
Xalqın çağırışını qəbul edən Heydər Əliyev 1993-cü il iyunun 15-də ölkənin Ali qanunverici orqanının sədri, bir neçə ay sonra isə, yəni oktyabrın 3-də ümumi səsvermə yolu ilə xalqın böyük dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Hadisələrin sonrakı gedişi göstərdi ki, 15 iyun Azərbaycanın müstəqillik tarixində yeni siyasi eranın başlanğıcı oldu!
Bu gün siyasi baxışlarından asılı olmayaraq mütləq əksəriyyət etiraf edir ki, respublikamızın müstəqilliyinin ilk illərində üzləşdiyi problemlərin həlli məhz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu fenomen şəxsiyyətin Azərbaycanın idarəçilik sükanı arxasına keçməsi, çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərməsi xalqımızı vətəndaş müharibəsindən, ən əsası, müstəqilliyimizin və dövlətimizin itirilməsi təhlükəsindən qurtardı. Nəticə etibarilə bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratdı. Heydər Əliyev Azərbaycanın taleyinin sınağa çəkildiyi zamanlarda xilaskarlıqdan başlamış, müstəqil dövlətimizin yaradılması kimi şərəfli missiyanı uğurla, uzaqgörənliklə, müdrikliklə yerinə yetirdi. Məhz buna görə həmin dövrdə respublikamızın bütün guşələrindən qədirbilən xalqımız öz istək və arzularını bildirərək 15 iyunun qurtuluş günü kimi bayram edilməsi barədə çoxsaylı müraciətlər edirdi.
- Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1969-1982-ci illər ərzində Heydər Əliyevin apardığı hərtərəfli və əhatəli işlər, yüksək işgüzarlığı sayəsində Azərbaycanın iqtisadiyyatı möhkəmləndi, neft-maşınqayırma və kimya sənayesi, üzüm istehsalı və bir sıra digər sahələrdə İttifaqda öncül sıraya çıxdı, istehsal etdiyi rəqabət qabiliyyətli məhsulları 65 xarici ölkəyə ixrac edərək beynəlxalq aləmdə tanınmağa başladı. Məhz həmin illərdə Azərbaycan Respublikasının gələcəkdə müstəqil bir ölkə kimi fəaliyyət göstərməsi üçün möhkəm təməl yaradıldı.
Belə ki, bu illər ərzində Azərbaycan Respublikasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi aqrar-sənaye kompleksinin və onun aparıcı bölməsi olan kənd təsərrüfatının inkişafında möhtəşəm nailiyyətlər əldə olundu. Təkcə bir faktı qeyd etmək lazımdır ki, 1969-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü və səyləri, habelə SSRİ rəhbərliyində yüksək nüfuzu nəticəsində keçmiş Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı 3 qərarı qəbul edilmişdir. Bunlar 1970-ci ildə “Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında”, 1975-ci ildə “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında” və 1979-cu ildə “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü, şərabçılığı inkişaf etdirmək, habelə irriqasiya-meliorasiya obyektlərinin layihələndirilməsi və tikilməsi tədbirləri haqqında” qəbul edilmiş qərarlardır. Məhz bu qərarların qəbul edilməsi və çox uğurla və vaxtında yerinə yetirilməsi sayəsində Azərbaycan Respublikası bütün növ kənd təsərrüfatı məhsulları istehsalına görə rekord nəticələr əldə etdi, üzüm istehsalında 2 milyon ton həddi keçərək SSRİ məkanında birinci yeri tutdu. Həmin dövrdə təsərrüfatların maddi-texniki bazası yeni texnika və texnologiya ilə möhkəmləndi, əkinçilik mədəniyyəti əsaslı surətdə yüksəldi, bitkiçilik və heyvandarlığın intensiv inkişafı təmin edildi, heyvandarlıq məhsullarının sənaye üsulu ilə istehsalının təşkili üçün çoxsaylı heyvandarlıq kompleksləri və quşçuluq fabrikləri fəaliyyətə başladı. Bitkilərin sortunun və heyvanların cinsinin yaxşılaşması, toxumçuluq və damazlıq işinin elmi əsaslarla təşkili həyata keçirildi. Bütün bunlar kənd təsərrüfatı məhsulları istehsalının dinamik və davamlı inkişafını təmin etdi, respublikamız bu göstəricilərə görə İttifaqda ön sıraya çıxdı.
Heydər Əliyevin gərgin əməyi, uzaqgörənliklə həyata keçirdiyi iqtisadi siyasət, göstərdiyi əzmkarlıq, tələbkarlıq və yüksək idarəetmə qabiliyyəti nəticəsində aqrar-sənaye kompleksinin digər sahəsi olan aqrar maşınqayırma sənayesi, mineral gübrə və kənd təsərrüfatı üçün lazım olan digər maddi-texniki vasitələr istehsalı də təşəkkül tapdı. Bu məqsədlə kənd təsərrüfatı texnikası, mineral gübrə istehsal edən yeni zavodlar tikildi və mövcud zavodlar genişləndi.
Həmin dövrdə ölkənin dinamik inkişafına zəmin yaratmaq üçün respublikamızda emal sənayesinin inkişafına xüsusi önəm verildi. Bu məqsədlə kənd təsərrüfatı məhsulları istehsalının artımı ilə yanaşı bu məhsulların emalı ilə məşğul olan müəssisələrin şəbəkəsi də böyüdü. Üzümçülüklə məşğul olan iri təsərrüfatların hamısında üzüm emalı zavodları tikilib istifadəyə verildi, mövcud pambıq emalı zavodları modernləşdi və yeniləri tikildi, çay, müvafiq bölgələrdə tütün, fındıq, meyvə, tərəvəz, ət, süd və digər məhsulların emalı müəssisələri fəaliyyətə başladı. Kənd təsərrüfatı və emal sənayesinin inkişafı respublikamızda yüngül və yeyinti sənayesinin də inkişafına təkan verdi, Bakıda və bölgələrdə bir çox yeni zavod və fabriklər fəaliyyətə başladı. Artıq həmin illərdə respublikamız İttifaqın meyvə-tərəvəz bazası olmaqla yanaşı həm də SSRİ-nin digər bölgələrinə və xarici ölkələrə yüksək keyfiyyəti ilə seçilən hazır emal məhsulları və malları da ixrac etməyə başladı.
Aqrar sahədə həyata keçirilən bu düşünülmüş siyasət nəticəsində Azərbaycanda nəinki möhtəşəm aqrar-sənaye kompleksi yarandı, həmçinin iqtisadiyyatın digər sahələrinin inkişafı da stimullaşdı, qaz, işıq, su, rabitə, yol və digər infrastruktur sahələrin genişlənməsi təmin edildi, kənd ərazilərinin sosial siması kökündən dəyişdi. Həmin illərdə sosial obyektlərin tikintisi də böyük vüsət aldı, bölgələrdə yeni müasir məktəblər, xəstəxana, mədəniyyət, kinoteatr binaları və digər obyektlərin inşa edilməsi xüsusi nəzarətə götürüldü və uğurlu nəticələr əldə olundu. Əhalinin sosial-rifah halının yaxşılaşdırılması və rahatlığının təmin edilməsi daim diqqət mərkəzində saxlanılırdı. Bu diqqət və qayğının nəticəsində respublikamızda həmin dövrdə mənzil tikintisində rekord göstəricilərə nail olundu və keçən əsrin 80-ci illərin əvvəlində hər il bir milyon kvadrat metr yaşayış sahəsi vətəndaşlarımızın istifadəsinə verilirdi.
Həmin dövrdə respublikamız qonşu respublikaları təbii qazla və elektrik enerjisi ilə təmin etməyə başladı və İttifaq miqyasında subsidiya alan respublikadan donor respublikaya çevrildi. Heydər Əliyevin təşəbbüsü ilə respublikamızda ağır sənayenin inkişafında da əhəmiyyətli dönüş yarandı. İttifaqda ən iri maşınqayırma zavodları inşa edildi. SSRİ-də yeganə olan Bakı kondinsonerlər zavodu, Bakı yeni neftayırma zavodu, Azərterm zavodu, habelə Gəncədə, Sumqayıtda və digər şəhərlərdə müxtəlif təyinatlı yeni maşınqayırma zavodları tikilib istifadəyə verildi və bir çox mövcud zavodlar müasir avadanlıqlarla təmin edilərək modernləşdirildi.
Ulu öndərimiz Azərbaycana birinci rəhbərliyi dövründə ölkəmizin müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün müxtəlif istiqamətlər üzrə mütəxəssis hazırlığına da xüsusi diqqət vermişdir. Müstəqil ölkənin milli təhlükəsizliyinin təmin edilməsində ordu quruculuğunun önəmini nəzərə alaraq ixtisaslı hərbiçilər yetişdirmək üçün Bakıda C.Naxçıvanski adına hərbi məktəb açılmış, respublikamızın ali və orta ixtisas məktəblərində müasir tələblərə uyğun mütəxəssis hazırlamaq üçün müvafiq fakültələr və şöbələr yaradıldı, yeni ali məktəblər açıldı. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanlı gənclərin respublikamızın gələcək inkişafını təmin edəcək ixtisaslar üzrə təhsil almalarını təmin etmək üçün hər il minlərlə orta məktəb məzunu İttifaqın qabaqcıl ali məktəblərinə göndərilirdi. Məhz həmin orta ixtisas və ali məktəbləri bitirən kadrlar Ermənistan-Azərbaycan münaqişəsinin həllində və müstəqil Azərbaycanın müasir inkişafında müstəsna rol oynadılar və bu gün də bu şərəfli missiyanı böyük uğurla yerinə yetirirlər.
Ümummilli lider Heydər Əliyev 1969-1982-ci illərdə SSRİ tərkibində olan Azərbaycana rəhbərlik etdiyi dövrdə İttifaq miqyasında əsasən geridə qalmış, sənaye potensialı zəif, kənd təsərrüfatı primitiv xarakterizə olunan respublikanı İttifaqın qabaqcıl, güclü sənaye və aqrarsənaye kompleksinə malik bir diyarına çevirdi. Həmin dövrdə xalqımız həmişə Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşmasına, Azərbaycan cəmiyyətinin və dövlətinin nüfuzunun daim yüksəlməsinə yönəlmiş ardıcıl, əhatəli və köklü dəyişiklərin şahidi olmuşdur. Heydər Əliyevin Azərbaycan Respublikasına həmin dövrdə rəhbərliyi sayəsində əldə edilən nailiyyətlər Prezident İlham Əliyevin “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında” Sərəncamında özünün əhatəli əksini tapmışdır. Sərəncamda deyilir: ”1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına inteqrasiya proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır”. Hesab edirik ki, bu Heydər Əliyevin Azərbaycan Respublikasına 1969-1982-ci illərdə rəhbərlik etdiyi dövrə verilən ən real və obyektiv qiymətdir.
Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Həmin dövrün son tarixi hadisələri, faciələrimiz parlamentin müzakirəsinə çıxarıldı, onlara hüquqi-siyasi qiymət verildi. Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi, əhalinin döyüş ruhunu qaldırmaq, müharibə dövrünə uyğun təbliğat aparmaq, qanunsuz silahlı dəstələri zərərsizləşdirmək üçün lazımi tədbirlər görüldü, ölkədəki vəziyyət barədə tez-tez xalqa məlumat verildi. Bu çox qısa müddət ərzində Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi gələcək inkişafının təməli qoyuldu. Ali qanunverici orqanın sədri kimi çalışdığı cəmi 4 aylıq fəaliyyəti ilə sübut etdi ki, Azərbaycanın müstəqilliyini qoruyub saxlayan və inkişaf etdirən yeganə şəxs məhz Heydər Əliyevdir və sözün əsl mənasında xalqın gözü tərəzidir. Bunu 1993-cü il 3 oktyabr prezident seçkilərində seçicilərin 98,8 faizinin Heydər Əliyevə səs verməsi də Azərbaycan xalqının ölkənin taleyini bu görkəmli dövlət xadiminə həvalə etmək niyyətində olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başladığı ilk günlərdən Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində separatçı ermənilər tərəfindən başlanmış Ermənistan- Azərbaycan müharibəsində 1994-cü il mayın 12-də atəşkəsə nail olundu. Bundan sonra ölkədə siyasi və iqtisadi sabitlik bərqərar oldu, siyasi sistemin təkmilləşməsi istiqamətində möhkəm addımlar atıldı və 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul olundu. Onun rəhbərliyi ilə həyata keçirilən düşünülmüş tədbirlər nəticəsində əvvəlki iqtidarların dövründən başlayan sosial-iqtisadi tənəzzülün qarşısı alındı və 1996-cı ildən inkişaf başladı. Təbii ki, bütün bunlar elə də asan başa gəlmədi. Azərbaycanın inkişafını, Heydər Əliyevin hakimiyyətdə olmasını istəməyən bəzi daxili və xarici antiazərbaycan qüvvələr 1994 və 1995-ci illərdə dövlət çevrilişinə cəhdlər etmiş, terror aktları törətmək istəmişlər. Lakin Azərbaycan dövlətinin və xalqının, onun liderinin əleyhinə yönəlmiş bu qanunazidd hərəkətlərin və separatizm əməllərinin qarşısı Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasəti sayəsində vaxtında və yüksək peşəkarlıqla alındı.
Heydər Əliyev müstəqil və suveren Azərbaycanın daxili məsələlərini ustalıqla həll etməklə yanaşı xarici siyasətini də formalaşdırmağa başladı. Əvvəlki hakimiyyətlərin dövründə populist açıqlamalar, qeyri-real yanaşmalar nəticəsində qonşu ölkələrlə pozulmuş münasibətlər qaydasına salındı. Ümummilli liderin çoxsaylı xarici səfərləri ilə Azərbaycanın dünyanın öndə gedən dövlətlərlə xoşniyyətli əlaqələri yaradılaraq möhkəmləndi və respublikamıza uğur gətirən və bu gün də davam etdirilən xarici siyasət xəttinin tətbiqinə başlandı. Azərbaycan həm Rusiya və həm də ABŞ və Avropa ölkələri ilə yaxın qonşuluq, dostluq və strateji tərəfdaşlıq münasibətləri yaratmağa nail oldu. Türkiyə ilə “bir millət-iki dövlət” prinsipi əsasında əlaqələr daha da möhkəmləndi.
Siyasi sabitlik əldə edildikdən və tərəfdaş ölkələrlə əlverişli əlaqələr qurulduqdan sonra ölkə iqtisadiyyatının inkişafı ilə bağlı çox ciddi islahatlara start verildi. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəyini müəyyənləşdirən neft strategiyası işlənib hazırlandı və həyata keçirilməyə başlandı. Ciddi təzyiqlərə, bəzi böyük dövlətlərin etirazlarına baxmayaraq Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsi ilə bağlı “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanın enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün Bakı- Tbilisi- Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin tikintisinə başlandı. Bütün bunlar ümummilli liderin özünün dediyi kimi Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasını təmin edən mühüm addımlar idi.
Görkəmli dövlət xadimi olan Heydər Əliyev respublikamıza ikinci rəhbərliyi dövründə ölkəmizdə baş qaldırmış qardaş qırğınının tezliklə qarşısını aldı, Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq müasir Azərbaycan dövlətinin qurucusu olduğunu sübut etdi. Heydər Əliyev ikinci dəfə müstəqillik əldə edən Azərbaycanı nəinki qoruyub saxladı, həm də ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmaqla onun dünyanın qabaqcıl ölkələri sırasına çıxmağını təmin etdi. Azərbaycan xalqı və Azərbaycan dövləti qarşısında misilsiz xidmətləri olan Heydər Əliyev sözün əsl mənasında dahi şəxsiyyət olduğunu sübut etdi. Qədirbilən xalqımız isə Ulu öndəri özünün Ümummilli lideri elan edərək onunla daim fəxr etdiyini bildirir.
Heydər Əliyev Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərini izah edərkən demişdir: “İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə – bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizin, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib. Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib”.
Ümummilli liderimiz Heydər Əliyevin bu müdrik kəlamları Onun müstəqil Azərbaycan dövləti, xalqımızın xoşbəxt gələcəyi naminə fəaliyyətinin manifestidir. XX əsr dünya tarixinin parlaq simalarından olan, xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində əbədi abidə ucaldan Ulu öndərimiz Heydər Əliyev həm də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi kimi böyük ehtiramla anılır. Gəncliyində memar olmaq istəyən dahi şəxsiyyət möhtəşəm bir abidənin qurucusu olmuş, özünün şah əsəri olan müstəqil Azərbaycan dövlətini yaratmışdır.
Heydər Əliyev şəxsiyyətinin miqyası, böyüklüyü və əzəməti tarixin onun öhdəsinə buraxdığı taleyüklü məsələnin həllini təmin etmək qüdrətini nümayiş etdirdi. Bununla Azərbaycanın tarixində xilaskar lider adını daşımaq şərəfi məhz ömrünü, bütün qüvvə və bacarığını Azərbaycan xalqının azadlığı, müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş XX əsrin böyük siyasətçisi Heydər Əlirza oğlu Əliyevə qismət oldu. Ulu öndərimiz bu şərəfli missiyanı həm Azərbaycan Respublikasına birinci və həm də ikinci dəfə hakimiyyətə qayıdışı dövründə əyani surətdə sübut etdi.
Müasir Azərbaycanın memarı və qurucusu dahi Heydər Əliyevin adı isə Azərbaycanın özü qədər əbədi olacaqdır. Heydər Əliyevin Azərbaycan xalqına və dövlətçiliyinə bütün ömrü boyu şərəflə xidmət etməsi həm də onunla təsdiq olunur ki, bu dahi şəxsiyyət 2003-cü ildə Azərbaycanda Prezident seçkiləri ilə əlaqədar xalqa müraciətində özünün uzun illər formalaşdırdığı möhtəşəm siyasi kursu uğurla davam etdirə biləcək ünvanı dəqiq göstərməsidir. Həmin müraciətdə deyilir: "Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Ulu öndərin bu tarixi müraciətindən keçən on doqquz il onun dediklərinin yüksək dərəcədə həqiqət olduğunu bir daha göstərdi. Keçən dövr ərzində dörd dəfə Azərbaycan xalqının əksəriyyətinin böyük dəstəyini qazanaraq Prezident seçilən İlham Əliyev Ümummilli liderin layiqli varisi olduğunu və Azərbaycan Respublikasını gündən-günə daha yaxşı gələcəyə apardığını sübut etdi.
- Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi Zəfərə gedən yolun əsası Ümummilli Liderin rəhbərliyi dövründə qoyulub. Bu haqda fikirlərinizi bilmək maraqlı olardı?
- Bünövrəsi Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan Respublikası artıq on doqquz ildir ki, Prezident İlham Əliyev tərəfindən uğurla idarə olunur və ölkəmiz beynəlxalq aləm və dünyanın aparıcı ölkələri tərəfindən regionun lider ölkəsi kimi qəbul olunur. Bu isə təsadüfi deyildir. Belə ki, cənab İlham Əliyevin ölkəyə rəhbərliyə başladığı ilk vaxtlardan başlayaraq elmi-texnoloji inkişafa xüsusi diqqət verməsi bu sahədə uğurlu nəticələr əldə etməyə imkan vermişdir. Bunun sayəsində ölkəmizdə iqtisadiyyatın yeni sahələrinin- müdafiə və kosmos sənayesinin formalaşması, innovasiyaların tətbiqinə əsaslanan sənaye və aqrar parkların yaradılması və onların ən yeni texnologiyalardan istifadə etməklə daxili bazarın tələbatını ödəyən və ixrac potensialını genişləndirən müxtəlif adda və çeşiddə məhsullar istehsalına başlaması Azərbaycanın uzun müddətli dayanıqlı və davamlı inkişafına zəmin yaradır. Bu isə o deməkdir ki, ölkə rəhbəri dünyada baş verən qlobal proseslərə uyğun müasir çağırışları təmin edən və gələcək inkişafa imkan verən sosial-iqtisadi siyasət formalaşdırır və onun həyata keçirilməsinə yönəlmiş tədbirlər görür.
Prezident İlham Əliyev formalaşdırdığı və həyata keçirdiyi iqtisadi siyasətin əsasını isə iqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektoru ilə yanaşı qeyri neft sektorunun da elmi-texnoloji əsaslarla inkişafı təşkil edir. Bu məqsədlə dövlət başçısı qeyri-neft sektorunun prioritet sahələri olan turizm və aqrar sahənin inkişafına daim xüsusi diqqət yetirir və bu sahələrdə uğurlu nəticələr əldə etmək üçün möhkəm maddi-texniki baza və infrastrukturun yaradılması istiqamətində təsirli tədbirlər görülür.
Ölkəmizdə sosial və iqtisadi inkişafın qlobal çağırışlara uyğun aparılması sayəsində Azərbaycan Respublikasının iqtisadiyyatı son 18 il ərzində 3,3 dəfə artmış, valyuta ehtiyatlarımız 55 milyard dollardan artıq olmuşdur. Bu da respublikamızın gələcək inkişafının başqa ölkələrdən asılı olmadan valyuta ehtiyatları ilə etibarlı təminatı deməkdir.
Bu müddətdə sosial məsələlərə xüsusi diqqət yetirilmiş və bunun nəticəsində işsizlik və yoxsulluq səviyyəsi minimuma endirilmiş, orta aylıq əmək haqqı və pensiyalar dəfələrlə artmış, əhalinin içməli su və təbii qazla təminatı əsaslı surətdə yaxşılaşmışdır.
Prezident İlham Əliyev Ulu Öndərin formalaşdırdığı strategiyaya uyğun həyata keçirdiyi tədbirlər nəticəsində Dünya Bankının “Doinq Business-2020” hesabatına əsasən dünya iqtisadiyyatında baş vermiş böhranlı 2020-ci ildə Azərbaycan mövqeyini 6 pillə yaxşılaşdıraraq 34-cü pillədən 28-ci pilləyə yüksəlmiş, növbəti dəfə dünyanın “Ən islahatçı 10 ölkəsi” sırasına daxil olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət və dərin islahatlar nəticəsində əldə edilən çoxsaylı uğurlar sırasında ən uca zirvədə isə 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixinə kimi davam edən 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan ordusunun Ermənistan üzərində qazandığı parlaq qələbə dayanır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu qələbə Azərbaycan dövlətçilik və müharibə tarixinə qızıl hərflərlə yazıldı. Çünki, bu qələbə ölkəmizin ərazi bütövlüyünü təmin etdi, Ermənistanın uzun sürən işğalçılıq siyasətinə son qoydu və Azərbaycan Respublikası vətəndaşlarının və dünya azərbaycanlılarının əyilməz qürurunu özünə qaytardı.
Hazırda işğaldan azad olunmuş əzəli Azərbaycan ərazilərinə Böyük Qayıdışla əlaqədar ölkəmiz tamamilə yeni bir dövrə qədəm qoyur. Bu mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi strateji vəzifə həmin ərazilərin ölkə iqtisadiyyatına sürətli reinteqrasiyasını təmin etməkdən ibarətdir. Bu məqsədlə Prezident İlham Əliyev tapşırıqlarına uyğun olaraq işğaldan azad olunan ərazilərin minalardan təmizlənərək bərpa və yenidənqurma işlərinə başlamaq, o cümlədən sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, rasional məskunlaşma siyasətinin həyata keçirilməsi və bununla da doğma yurduna qayıdan vətəndaşlarımıza layiqli yaşayış və işgüzar fəaliyyət üçün hərtərəfli şəraitin yaradılması nəzərdə tutulur. Artıq bu istiqamətdə Prezident İlham Əliyev nəzarəti altında konkret işlər görülür və xeyli sayda həyati vacib obyektlər istifadəyə verilib. Artıq Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Zəngilan rayonun Ağalı kəndində təməli qoyulan ilk “ağıllı kənd” layihəsinin icrası başa çatmış və ilk sakinlərini qəbul etmişdir. Şübhəsiz ki, bu ərazilərdə aparılan bərpa və yenidənqurma işləri ölkəmizdə iqtisadiyyatın, xüsusilə aqrar sektorun, yeraltı sərvətlərin istifadəsi, turizmin və digər sahələrin inkişafına güclü təkan verəcək, respublikamızın daha qüdrətli bir diyara çevrilməsinə öz töhfəsini verəcəkdir.
Prezident İlham Əliyevin apardığı quruculuq işləri və həyata keçirdiyi uzaqgörən siyasət sayəsində əldə olunan nailiyyətlər bir daha təsdiq edir ki, Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan Respublikasına başçılıq etdiyi illər ərzində ölkəmizin müstəqilliyi istiqamətində həyata keçirdiyi geniş miqyaslı işlər Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində öz bəhrəsini verir, Ulu Öndərin Azərbaycan xalqı və dövlətinin gələcək inkişafı naminə irəli sürdüyü ideyaları bu gün yaşayır və zəfər çalır. Biz hamımız inanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Heydər Əliyev ideyalarına uyğun olaraq gündən-günə inkişaf edən, böyük iqtisadi potensiala malik və demokratik bir ölkə kimi öz suverenliyini və liderliyini daim saxlayacaqdır.