"Ola bilsin ki, müharibə olsun" - Deputat

“Qarabağ ətrafında proseslər son vaxtlar çox sürətlə inkişaf edir. Çünki Qarabağla əlaqədar hadisələr, xüsusilə atəşkəsin tez-tez pozulması və s. amillər artıq onu göstərir ki, məsələlər Azərbaycanın xeyrinə yekunlaşmağa doğru gedir”.

Telexeber.az "Yenisabah"a istinadən bildirir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.


O, son günlər intensiv şəkildə Qarabağın dağlıq hissəsini tərk edən Rusiya vətəndaşlarının bölgədən çıxarılması faktına münasibət bildirib.

Xatırladaq ki, bölgədə 5 minə yaxın Rusiya vətəndaşının olduğu iddia edilir və onların tez bir zamanda ərazini tərk edəcəkləri istisna edilmir.

V. Əhmədova görə isə baxmayaraq ki, ermənilər “Laçın dəhlizi” ilə bağlı məsələni BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxardılar, lakin heç nəyə nail ola bilmədilər:

“Ona görə də bu proses artıq başlayıb və davam edəcək. Bu gün Rusiya vəziyyəti çox gözəl bilir və o, prosesi idarə edən əsas dövlətdir. Doğrudur, Rusiya 10 noyabr üçtərəfli bəyannaməsini imzalasa da, onu yerinə yetirmədi. Çünki sazişin müddəalarını yerinə yetirmək onun boynuna düşürdü, lakin bunu etmədi və Qarabağdakı erməni quldurlarını ərazidən çıxarmadı. Nəticədə isə vəziyyət get-gedə gərginləşdi”.

Millət vəkilinin sözlərinə görə, bu gün Rusiyanın Qarabağdan vətəndaşlarını çıxarması onu göstərir ki, vəziyyət ola bilsin, müharibəyə doğru getsin və Azərbaycan yerdə qalan əraziləri - Xankəndi, Xocavənd, Ağdərə, Xocalı və Əsgəranı azad etsin:

“İrəvan da bunu çox gözəl anlayır, başa düşür və istəyirlər ki, bu məsələdə müəyyən dividentlər əldə etsinlər, lakin bu da mümkün deyil və bunu əldə etmək çox çətindir. Ona görə ki, rəsmi Bakı bu məsələdə çox qətidir və prinsipial mövqe həyata keçirir.

Fikrimcə, baş verən hadisələrə baxmayaraq, Azərbaycanın apardığı siyasət düzgün siyasətdir və tez bir zamanda bölgənin təmizlənməsi istiqamətində işlər aparılır. Deyərdim ki, bu məsələdə xarici siyasətimiz uğurludur. Qısası, əgər Rusiya vətəndaşları Qarabağdan çıxırsa, deməli, vəziyyət gərginliyə doğru gedir və istənilən anda orada toqquşmalar baş verə bilər”.

“O ki qaldı yerli ermənilərin bölgədən çıxmasına, Azərbaycan onlarla bağlı şərtlərini irəli sürüb. Əgər onlar Azərbaycan vətəndaşlığını, bayrağını, himnini, Konstitusiyasını, milli valyutasını qəbul etsələr, orada yaşaya bilərlər. Lakin bunları qəbul etməyən ermənilər Qarabağda yaşaya bilməz və çıxıb getməlidir. Bu məsələdə kimin nə deməyindən asılı olmayaraq, yeganə çıxış yolu Ermənistanın düz yola gəlməsi, Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığını qəbul etməsi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü rəsmi tanıması və delimitasiya və demarkasiya əməliyyatlarının başa çatdırılmasıdır. Son vaxtlar inteqrasiya məsələsi çox ciddiləşib, müəyyən görüşlər keçirilib. Amma ermənilər bu görüşləri mütəmadi pozurlar ki, alınmasın. Nəticə də indiki situasiya ortaya çıxıb”, - müsahibimiz fikirlərini yekunlaşdırıb.
Популярный ролик