Dezinformasiyalara son qoyulması dünya mediasına mesaj oldu.


Cari ilin iyul ayının 20-də Şuşa yenə də dünyanın diqqət mərkəzində oldu. Əllidən artıq
ölkənin nümayəndələrinin təmsil olunduğu “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı
mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu dünya ictimaiyyəti tərəfindən böyük
maraqla izlənildi. Yalan məlumatların ifşasına həsr olunmuş Qlobal Forum dezinformasiya ilə
mübarizə baxımından mühüm əhəmiyyət kəsb edirdi.
Forumda əsas məqamlar dezinformasiyanın təsiri, siyasət və təşəbbüslər, ən mühümü isə
Prezident İlham Əliyevin çıxış və tövsiyəsi oldu. Süni intellekt, media sahəsində
məlumatlandırma və iqlim dəyişikliyi də müzakirə mövzusu oldu. Təbii ki, belə bir tədbirdə
bütün diqqət dövlətimizin başçısının nitqinə, ona ünvanlanmış sualları cavablandırmasına,
habelə həqiqəti cəsarətlə deməsinə yönəlir. Bu dəfə də gözlənilənlər baş verdi. Prezidentin
səsləndirdiyi fikirlərdən bəlli oldu ki, Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesləri
baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib.
Regionun xalqları özlərini təhlükəsiz hiss edir. Münaqişələr və qarşıdurmalar keçmişdə qalıb.
Xalqımız Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı çox nikbindir.
Cəmiyyətimiz yenidənqurma, tikinti-bərpa işlərinə çox həvəslə yanaşır. Hətta bir sıra xarici ölkə
şirkətləri də bu işlərə həvəslə girişiblər.
Dünya mediasında Azərbaycana qarşı qərəz hələ də davam edir. Ölkəmiz haqqında
beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur. Azərbaycan uzun illər
dezinformasiyanın qurbanı olub. Ermənistanla Azərbaycan arasındakı münaqişə zamanı bütün
erməni diasporu səfərbər oldu, ermənipərəst siyasətçilər, media nümayəndələri ölkəmizə qarşı
hücuma keçdi, yalan məlumatlar yaymaqla Azərbaycan haqqında beynəlxalq aləmdə mənfi rəy
yaratmağa çalışdılar. Bununla da respublikamızı reallıqdan çox uzaq olan bir şəkildə,
təcavüzkar dövlət kimi təqdim edirdilər. Medianın bu yalanları işıqlandırması, siyasi motivlərə
söykənən mesajlar və qərarlar nəticəsində ölkəmiz beynəlxalq sanksiyalara məruz qaldı. 1992-
ci ildə ABŞ Konqresinin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində Azərbaycana qarşı
sanksiyalar tətbiq edildi. Humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş
əraziləri tamamilə dağıdılan bir ölkənin sanksiyalara məruz qalması absurd vəziyyət idi.
Cənab Prezident ABŞ-ın aparıcı media qurumlarının da yalan xəbərlər yaydığını diqqətə
çatdırdı. Bildirdi ki, sabiq Prezident Donald Tramp “Vaşinqton Post”u və “Nyu-York Tayms”ı
“feyknyus”, yəni yalan xəbər mənbəyi adlandırıb. Bir çox xalqın və ölkənin taleyi böyük
dərəcədə Birləşmiş Ştatların birinci şəxsinin verəcəyi qərarlardan asılı olur. Trampın
səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq.
Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya,
Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Biz istərdik ki,
Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın. Vaxt keçdikcə
siyasi dairələrdə - Qərbdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi
yanaşılır.
Tədbir iştirakçlarında Azərbaycanın heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz
qurbanları, nə böyük Qələbəni unutmayacağına inam ifadə olundu. Gələcək nəsillərimiz bu
Qələbə ilə fəxr edəcək. Azərbaycanın Qarabağda Qələbəsi yeganə geosiyasi dəyişiklik deyil.
Cənubi Qafqaz ölkələri müharibə vəziyyətinə düşməsəydi, təbii ki, iqtisadi inkişaf və siyasi
əməkdaşlıq baxımından nümunə ola bilərdi. Media subyektlərinə də bəlli oldu ki, Azərbaycan
regionda və postsovet məkanında yeganə ölkədir ki, Avropa İttifaqı dövlətləri ilə, Avropa
İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib və imzalayıb.
Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır. Bununla yanaşı, ölkəmiz “OPEC
Plus” formatının üzvüdür. Azərbaycan neft hasil edən ölkələrlə fəal şəkildə işləyir.
Bəzi ölkələr, xüsusilə, Fransa mediadan istifadə edərək ölkəmizi ittiham edir, guya,
Azərbaycanın onların daxili işlərinə qarışması barədə fikirlər səsləndirir ki, bütün bunlar
Fransanın uydurması, medianı feyk xəbərlər yaymağa məcbur edərək çətin vəziyyətə
salmasıdır. Təəssüf ki, Avropa İttifaqında, BMT-də Azərbaycana qarşı soyuq müharibə
əlamətləri özünü açıq şəkildə büruzə verir. Buna baxmayaraq, Azərbaycan kolonializmdən

əziyyət çəkən xalqları dəstəkləməyə davam edəcək. Bakı Təşəbbüs Qrupunun fəaliyyəti bu
mənada müstəsna əhəmiyyətə malikdir. Təəssüf ki, kolonializmdən əziyyət çəkən xalqların
səsini heç kəs eşitmir.
Dünya ictimaiyyətinə bir daha bəlli oldu ki, gücümüz bir olanda dəmir yumruğumuz da ağır
olur, daha möhkəm olur. Azərbaycanın öz siyasəti, baxışları var, hər bir ölkənin müstəqilliyini
dəstəkləyir, qoruyur və hər şeydən üstün tutur.

Tudə Talıbova
Salyan rayon Ərəbqardaşbəyli kənd tam orta məktəbin direktoru
Популярный ролик