Xalqımızın azadlıq mübarizəsinin rəmzi - 20 Yanvar

Xalqımızın azadlıq mübarizəsinin rəmzi - 20 Yanvar
Tarix öz miqyası ilə bir çox dəhşətli faciələrin şahidi olub. Belə ki, hələ XIV əsrdə minlərlə insanın ölümünə səbəb alan taun epidemiyası, 1556 –cı ildə Çinin Şansi vilayətində 630 min insanın həyatına son qoyan dəhşətli zəlzələ, XX əsrdə milyonlarla insanın ölümünə səbəb olan I və II dünya müharibələri, Xatın, Leypitsiq, Oradır dəhşətləri, Xirosima və Naqasaki şəhərlərinin taleyinə qara xətt çəkən atom bombaları. Bütün bunlar zaman-zaman baş verib cəmiyyəti lərzəyə gətirsə də, XX əsrin sonlarında xalqımıza qarşı törədilən 20 Yanvar, Xacalı faciəsi bəşəriyyətin qoynunda yer tutan dərd, kədər və faciələrin ən dəhşətlisi hesab olunmalıdır. Çünki tarixdə misli görünməmiş bu hadisə günahsız insanların amansız bir formada qətlə yetirilməsi idi.

Xalqımıza qarşı törədilən faciənin şahidi fransız jurnalisti Jan-İv Ginyet yazırdı: “Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm, lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qırmaqla ermənilər onları arxada qoydular”.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Ads by
5
Reklamınızı SmartBee ilə effektiv edin.
Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların 20 yanvar 1990-cı ildə Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi.

Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitlər, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. Milli azadlığı və ölkəsinin və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində günahsız insanların qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

1990-cı ilin 20 yanvar tarixi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə və dövlətçilik tariximizə həm də bir qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin dövrdə ölkəmizə ərazi iddiaları irəli sürənlərə qarşı Bakının küçələrinə və meydanlarına axışan xalq kütlələrinin üzərinə sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq dövlətçilik tariximizdə önəmli yer tutan 20 Yanvar hadisələrini xalqımız daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.

İstiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi sayılan 20 Yanvar faciəsi yeni tariximizə həm də bir qürur günü kimi yazıldı. Bu hadisələr öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının mübarizliyini, məğrurluğunu bir daha bütün dünyaya, o cümlədən o vaxtkı imperiya rəhbərliyinə aydın şəkildə nümayiş etdirdi. Tarixə qanla yazılan 20 Yanvar faciəsi Vətəni, azadlığı uğrunda ölümün gözünə dik baxan Azərbaycan övladlarının varlığını bir daha dünyaya tanıtmaqla yanaşı, SSRİ adlanan nəhəng imperiyanın çökməsində əsas amillərdən biri oldu. Süquta məhkum olmuş sovet rejimi özünün son günlərində bütün mövcud olduğu dövr ərzində törətmiş olduğu cinayətlər sırasına misli görünməmiş bir faciəni də əlavə etdi. 20 Yanvar faciəsinə gedən yolun başlanğıcı əslində, onun törədilməsindən xeyli müddət əvvələ, M.Qorbaçovun SSRİ rəhbərliyinə gəlişi ilə başlamışdı. Qorbaçovun simasında daim Azərbaycana qarşı məkrli, xəyanətkar mövqe tutmuş ermənilər özlərinə yaxın himayədar tapmışdılar. O vaxt M.Qorbaçovun ən yaxın adamı, iqtisadi məsələlər üzrə müşaviri, milliyyətcə erməni olan Aqanbekyan Parisdə keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağın Ermənistana verilməsi iddiasını irəli sürmüş, “Humanite” qəzetindəki bəyanatında Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsinə dair Moskvanın razılığının olduğunu bildirmişdi.

SSRİ rəhbərliyinin Dağlıq Qarabağın Ermənistana verilməsinə dair razılığının olduğu 1988-ci ilin əvvəllərində M.Qorbaçovun Silva Kaputikyan başda olmaqla, bir qrup şovinist erməni ilə görüşü zamanı da üzə çıxdı. Bunun ardınca Xankəndidə, Yerevanda antiazərbaycan və antitürk ruhlu mitinqlər genişləndi. Məhz bundan sonra erməni “Qarabağ Komitəsi”, onun Dağlıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı olan “Krunk” gizli fəaliyyətlərinə son qoyaraq açıq şəkildə niyyətlərini bəyan etməyə, Azərbaycana qarşı ərazi iddiaları səsləndirməyə başladı. Bunun nəticəsi olaraq ermənilər tərəfindən “Miatsum” adlanan hərəkat formalaşdırıldı.

Bütün bunlar 1988-ci ilin fevralından etibarən hadisələrin daha gərgin və aqressiv məcrada inkişafı ilə nəticələndi. Azərbaycanın o vaxtkı rəhbərliyi isə hadisələrə fəal müdaxilə etmək əvəzinə, Kremldən gələn əmrlər əsasında hərəkət edir və bununla xalqın taleyinə biganə yanaşırdı. Kreml isə həm Azərbaycana göndərdiyi emissarlar, həm də ölkənin qətiyyətsiz rəhbərliyi vasitəsilə daha məkrli ssenarilər hazırlamaqda idi. Erməni təxribatçılarının da yaxından iştirak etdiyi bu ssenarilərin əsas hədəflərindən biri Azərbaycanda ermənilərə qarşı dözümsüz münasibətin formalaşmasına dair fikir formalaşdırmaq idi. Elə bu məqsədlə də 1988-ci ilin fevralında məlum Sumqayıt hadisələri törədildi. Bunun nəticəsində düşünülmüş, ssenarisi əvvəlcədən hazırlanmış Sumqayıt hadisələri saxtakarlıqlarla, uydurmalarla dünyaya yayıldı.

Bundan sonra ermənilər Ermənistanda və Dağlıq Qarabağda belə bir fikir yaratdılar ki, artıq azərbaycanlılarla ermənilər bir yerdə yaşaya bilməzlər. Bunun nəticəsi olaraq indiki Ermənistanın yarandığı əzəli Azərbaycan torpaqlarında yaşayan yüz minlərlə soydaşımız 1988-ci ilin sonuna kimi qətlə yetirilməklə, əmlakları talan olunmaqla ən qəddar formada deportasiya olundular. Bununla belə, Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsinə şərait yaradan Qorbaçov respublikada genişlənən milli-azadlıq hərəkatının boğulması üçün müxtəlif vasitələr üzərində baş sındırırdı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Ə.Vəzirov isə Moskvanın əlaltısı olaraq həm Dağlıq Qarabağın ermənilərin əlinə keçməsinin qarşısını almaq, həm də ölkədəki vəziyyəti sabitləşdirmək üçün heç nə edə bilmirdi. Əksinə, özünün səhv addımları, yarıtmaz iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurumu daha da dərinləşdirirdi. 1989-cu ilin sonu, 1990-cı ilin yanvarında Azərbaycanda ictimai-siyasi vəziyyət xeyli kəskinləşdi, qarşıdurma dərinləşdi, mövcud iqtidarın hadisələrə nəzarəti son dərəcədə zəiflədi. SSRİ rəhbərliyi isə Azərbaycanı növbəti dəfə cəzalandırmaq üçün Sumqayıt ssenarisinə uyğun təxribatlara start verdi.

Milli-azadlıq hərəkatının mərkəzi olan Bakıda ilk olaraq yerli milis tərksilah edildi,daxili qoşun hissələri mərkəzdən şəhərə gətirildi. Bu dövrdə Mərkəzdən Azərbaycana, xüsusən də Bakı ətrafına əlavə qoşun hissələri və hərbi texnika gətirilməsi prosesi davam edirdi. Əslində bu, Bakıya qoşun yeridilməsi üçün ilkin hazırlıqdan başqa bir şey deyildi.

Yanvarın 19-dan 20-nə keçən gecə M.Qorbaçovun göstərişi və Azərbaycanın o zamankı səriştəsiz rəhbərlərinin razılığı ilə Bakıya qoşun yeridildi. Azərbaycanı informasiya blokadasına almaq və xalqın haqq səsini boğmaq üçün SSRİ DTK-nın “Alfa” qrupu respublika televiziyasının enerji blokunu yanvarın 19-da partlatdı. Televiziya susduruldu, kütləvi informasiya vasitələri üzərinə, qəzet və jurnalların nəşrinə qadağalar qoyuldu. Beləliklə, Azərbaycan tam şəkildə blokadaya düşdü, əhali hər hansı bir məlumat almaqdan məhrum oldu.

Tanklar, zirehli transportyorlar Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbiçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Faciə nəticəsində 147insan qətlə yetirildi, 700-ə qədər insan yaralandı, 800-dən çox insan qanunsuz həbs edildi. Nəticədə beynəlxalq birlik 1956-cı ilin Budapeşt, 1968-ci ilin Praqa, o cümlədən 1989-cu ilin Tbilisi, 1991-ci ilin Riqa və Vilnüs hadisələrinə müvafiq hüquqi qiymət verdiyi halda, 1990-cı ilin yanvarında Bakıda törədilən hadisələrə fərqli prizmadan baxıldı. Həmin hadisələr SSRİ rəhbərliyinin Azərbaycanda ekstremist qüvvələri zərərsizləşdirmək və əhalini xaosdan qorumaq üçün atdığı məcburi addımı kimi təqdim olundu.

Xalqımız 20 Yanvar hadisələrində həlak olan qəhrəman oğul və qızlarını müstəqillik tariximizdə həmişə ziyarətgah saydığımız Şəhidlər Xiyabanında dəfn etdi. Bununla da Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan qəhrəmanların dəfn olunduğu Şəhidlər Xiyabanı xalqımızın and yerinə, müqəddəs ziyarətgahına, vicdan, mənəviyyat yerinə çevrildi. O ağır günlərdə 20 Yanvar faciəsi ətrafında xəyanət sükutunu ilk dəfə olaraq yaran ümummilli lider Heydər Əliyevin haqq səsi və dəyişməz mövqeyi oldu. Ulu öndərin faciəyə münasibəti 1990-cı il yanvarın 21-də Moskvadan Azərbaycan xalqına ünvanladığı teleqramda da öz əksini tapır. Teleqramda deyilir: “Bakı şəhərinə sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gətirilən faciədən – dinc əhalinin qırılmasından böyük ürək ağrısı ilə xəbər tutdum... Mən bu düşünülmüş aksiyanı pisləyir, onun antihumanist, antidemokratik, qanuna zidd hesab edirəm”.

Bununla yanaşı, ümummilli lider qətiyyətlə bütün dünyaya faciənin hüquqi-demokratik prinsiplərə zidd olduğunu, Azərbaycan xalqına qarşı hərbi təcavüzün Sovet İttifaqı və Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirildiyini bəyan etmişdir. Bəli, ulu öndər totalitar rejimin hələ yaşadığı, qılıncının dalının da, qabağının da kəsdiyi bir vaxtda cəsarətlə bildirdi ki, bu təcavüz Azərbaycan xalqına qarşı cinayətdir və bu faciəyə siyasi qiymət verilməlidir. Ancaq təəssüf ki, Azərbaycanın o vaxtkı rəhbərləri tamamilə əks mövqe tutmuşdular. Bu qətliamı törədənlər – Qorbaçov, Yazov, Bakatin, Vəzirov və digər simasız rəhbərlər cavab vermək əvəzinə susurdular.

Lakin ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı və 21 noyabr 1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul edilən qərarda 20 Yanvar faciəsinə ilk siyasi qiymət verildi. Ümummilli liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməsi vəzifəsinin qarşıya qoyulması günün tələbinə çevrildi. O dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin qanlı səhifəsi sayılan yanvar faciəsinin baş vermə səbəbləri və günahkarlarının araşdırılması ilə məşğul olan ulu öndər Heydər Əliyev 1994-cü il yanvarın 5-də, 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı imzaladığı Fərmanda Milli Məclisə tövsiyə olundu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin.

1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən cinayətdir.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə xalq daha da mətinləşdi və düşmənin gözünə dik baxdı. Həmin müdhiş gecədə həlak olan Vətənin oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Məhz buna görə də 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir.

Qanlı 20 Yanvar hadisələrinin 31-ci ildönümü ərəfəsində Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin məqsədyönlü siyasəti və qətiyyəti, xalqımızın vəhdəti və Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində 30 ilə yaxın əsirlikdə qalan doğma torpaqlarımız azad olundu. 44 günlük Vətən müharibəsi dövründə cəbhənin bütün istiqamətlərində düşməni darmadağın edən qəhrəman əsgər və zabitlərimizin qanı bahasına ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Sadalananlar xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini nümayiş etdirməklə yanaşı, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canımızdan belə keçməyə hazır olduğumuzu bir daha sübut etdi.

Bəli, düz 33 il əvvəl baş vermiş bu qanlı faciə yaşından, peşəsindən, siyasi mövqeyindən asılı olmayaraq bütün Azərbaycan xalqını yumruq kimi birləşdirdi. Bu birlik heç bir siyasi, hüquqi, insani normaya sığmayan vandallıq aktına – qəfil müdaxilə ilə Azərbaycana soxulmuş sovet qoşunları tərəfindən törədilən hərbi-siyasi cinayətə etirazın, keçmiş sovetlər imperiyasına inamsızlıq və nifrət hissinin birliyi idi...

İllər ötdü, Azərbaycan xalqı yenidən birləşdi, bir nöqtəyə vuran dəmir yumruğa çevrildi. Bu dəfəki birlik 44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbə sevincinin, xalqın dövlətinə, ordusuna, müzəffər Ali Baş Komandanına sonsuz inam və rəğbətin birliyi idi!

İbrahim Həsən oğlu Cəfərov
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru.
Популярный ролик