Bakıda qətldə təqsirləndirilən şəxsin vəsatətləri təmin edilməyib

Bakı sakinini qətlə yetirməkdə təqsirləndirilən Rəşad Kərimov, Tahir Ələkbərov və Radiq Feyziyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Telexeber.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Radiq Feyziyev dindirilib.

O, barəsində irəli sürülmüş ittihamı qəbul etmədiyini bildirib. R.Feyziyev usta işlədiyini, digər təqsirləndirilən şəxsləri tanıdığını, əvvəllər bir yerdə ev təmiri ilə məşğul olduqlarını söyləyib: “Ancaq zərərçəkmişi tanımıram. İttihamları qəbul etmirəm”.

O, istintaq dövründə verdiyi ifadələri təsdiq etmədiyini deyib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Altay Mirzəyev 3 vəsatət qaldırıb.

Məhkəmə vəsatətləri təmin etməyib.

Məhkəmənin növbəti iclası iyulun 20-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2020-ci il oktyabrında Suraxanı rayonunu Hövsan qəsəbəsi ərazisində qeydə alınıb.

Rəsmi məlumata əsasən, paytaxtın Türkan qəsəbə sakini Rüstəm Bayramovun üzərində küt alətlə yetirilmiş xəsarətlər olan meyiti tapılıb.

Aparılan istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Bayramovun əvvəllər məhkum olunmuşlar - Bərdə rayon sakini Rəşad Kərimov, Astara rayon sakinləri - Tahir Ələkbərovla Radiq Feyziyev tərəfindən daşla öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib.

R.Kərimov saxlanılan dövrdə R.Feyziyev və T.Ələkbərov Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə tutulduqları üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılırdılar.
Популярный ролик