Qidaya yararsız xəstə at ətini mal əti adı altında satan daha bir nəfər saxlanılıb.
Telexeber.az xəbər verir ki, polis əməkdaşları Qida Təhlükəsizliyi Agentliyi ilə birgə vətəndaşların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsində ciddi təhlükə yaradan halların qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib. Tədbir zamanı Cəlilabad rayonunda qidaya yararsız ölü at ətinin mal əti adı altında satışını təşkil edən rayon sakini Ağalar Mənsimov saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs Cəlilabad və ətraf ərazilərdən xəstə, təsərrüfatda istifadə edilməyən, ölmüş atları ucuz qiymətə alaraq həyətyanı sahəsində emal edəndən sonra mal əti adı altında satışı ilə məşğul olub.
Ağalar Mənsimovun Cəlilabad rayonunun Suluçeşmə kəndində yerləşən həyətyanı sahəsinə və saxlanc yerinə baxış keçirilərkən qidaya yararsız 1 tondan artıq at əti aşkar olunaraq maddi sübut kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertiza nəticəsində həmin ətin qidaya yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu təsdiq edilib.