Sevdiyi qıza elçi düşdü, ata qapını açmadı - Məsələyə polis qarışdı

Gəncədə xoşagəlməz hadisə baş verib.

Telexeber.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sevdiyi qızın evinə gedərək dava salan gənc oğlan polis tərəfindən saxlanılıb.

Belə ki, şəhər sakini Sultan Məmmədov (ad və soyad şərtidir) 2 ildən artıqdır sevdiyi qızın evinə valideynlərini elçi göndərib. Lakin hər dəfə qızın atası qapını açmaqdan imtina edib. Bir neçə gün əvvəl eyni hal yenidən təkrarlanıb. Valideynlərinin qapıdan qaytarıldığını görən S.Məmmədov qızgilin qapısını döyərək uca səslə onun atasını və özünü söyüb. Bundan sonra qızın atası polisə müraciət edib.

Ərazi üzrə hadisə yerinə Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları gəliblər və S.Məmmədov bölməyə dəvət edilib. Bölmədə onun qızın yaşadığı evə yaxın getməməyi barədə iltizama imza atması tələb edilib. Lakin gənc oğlan iltizama imza atmaqdan imtina edib və əsəbiləşərək müqavimət göstərib.

Bundan sonra onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib. Gəncə Şəhər Məhkəməsinin qərarı ilə ona 8 sutka inzibati həbs cəzası verilib.
Популярный ролик