
Bu həftəsonu UFC tarixinin ən unikal tədbirlərindən birini keçirəcək – UFC Freedom 250 turniri ABŞ prezidentinin rəsmi iqamətgahı Ağ Evin ərazisində təşkil olunacaq.
Telexeber.az xəbər verir ki, iyunun 14-də (Bakı vaxtı ilə 15 iyun, saat 4:00) Vaşinqtonda baş tutacaq tədbir ABŞ-ın müstəqilliyinin 250 illiyinə həsr olunub.
Turnir çərçivəsində yeddi döyüş təşkil olunacaq. Gecənin əsas qarşılaşmasında yüngül çəki dərəcəsinin çempionu İliya Topuriya müvəqqəti çempion Castin Qeyci ilə üz-üzə gələcək. Gecənin ikinci əsas döyüşündə isə Aleks Pereyra ilə Siril Qan UFC-nin ağır çəkidə müvəqqəti çempionluq kəməri uğrunda mübarizə aparacaqlar.
Hazırda UFC təşkilatı tarixinin ən əlamətdar layihələrindən birinə son hazırlıqları tamamlayır. Turnir Ağ Evin ərazisində keçiriləcək ilk peşəkar idman tədbiri kimi tarixə düşəcək.
Turnirin Ağ Evin ərazisində keçirilməsi UFC üçün tarixi hadisə hesab olunur. Bu gün UFC təkcə qarışıq döyüş növləri üzrə aparıcı təşkilat deyil, həm də qlobal idman və əyləncə bazarının ən tanınmış brendlərindən biridir. UFC Freedom 250 isə təşkilatın tarixində ən böyük rezonans doğuran və milyonlarla tamaşaçının diqqətini cəlb edən tədbirlərdən biri olacağı gözlənilir.
Vaşinqtonda keçiriləcək tarixi turnir dünya idman ictimaiyyətinin diqqət mərkəzində olduğu bir vaxtda, Bakı növbəti UFC gecəsinə hazırlaşır. Azərbaycanlı MMA azarkeşlərini dünyanın aparıcı döyüş təşkilatının bayrağı altında daha bir möhtəşəm tədbir gözləyir.
İyunun 27-də keçiriləcək UFC Fight Night Baku turniri paytaxtı yenidən qlobal MMA gündəminin mərkəzinə çevirəcək. Gecədə tanınmış döyüşçülər oktaqona çıxacaq, yerli və xarici azarkeşlər isə bu həyəcanı arenada canlı izləmək imkanı qazanacaqlar.
Azərbaycan hazırda Cənubi Qafqaz və MDB məkanında UFC turnirlərinə ev sahibliyi edən yeganə ölkədir. Müqaviləyə əsasən, 2028-ci ilədək Bakıda hər il UFC Fight Night tədbirlərinin keçirilməsi planlaşdırılır.