"Freedom House" və "Sərhədsiz Reportyorlar"ın hesabatlarında diqqət çəkən nüanslar

"Freedom House" və "Sərhədsiz Reportyorlar"ın hesabatlarında diqqət çəkən nüanslar"Freedom House" təşkilatı “demokratiya, insan hüquqları və siyasi azadlıqlar” üzrə 2020-ci ilin “qlobal azadlıqlar indeksi”ni açıqlayıb.

Hesabatda Azərbaycanın adı qeyri-azad ölkə kimi işarələnib. Ermənistan isə bizdən öndə, qismən-azad ölkələrin sırasında yerləşdirilib. Bundan bir qədər əvvəl isə "Sərhədsiz Reportyorlar" (RSF) təşkilatı 2020-ci il üzrə "Dünyada media azadlığı indeksi"ni yayımlayıb, ölkəmizə qarşı eyni yanaşmanı sərgiləyib. Hesabatda 180 ölkənin vəziyyəti təhlil edilib, Azərbaycanın adı medianın vəziyyətinin pis olduğu ölkələr sırasında qeyd edilib. Hətta vurğulanıb ki, “vəziyyət son bir il müddətində ötən illərlə müqayisədə daha da pisləşib və Azərbaycan 166-cı yerdən 168-ci yerə geriləyib”. Ermənistan bu siyahıda da bizdən 107 pilləöndədir, 61-ci yerdə, yarım-azad ölkə kimi işarələnib.
Bütün beynəlxalq statuslu təşkilatlar illik hesabatlarını, adətən, növbəti ilin yanvar-aprel ayları aralığında açıqlayırlar. Ənənəvi olaraq, hər il bu dönəmdə əvvəlcə "Freedom House" və "Sərhədsiz Reportyorlar"ın, ardınca isə "Human Rights Watch", "Amnesty International", CPJ (Jurnalistləri Müdafiə Komitəsi) kimi digər məşhur beynəlxalq təşkilatların hesabatları açıqlanır. Demək olar ki, eyni yanaşma simvolik redaktələrlə digər təşkilatlar tərəfindən də təkrarlanır, biri digərini təqlid edir. Bu il də eyni növbələşmə davam edir. Azərbaycan oxucusu da bu hesabatlarda ənənəvi olaraq antiazərbaycan ovqatın əks olunacağını təxmin edir.

Amma nə qədər adiləşmiş olsa da, bu hesabatlar istənilən halda sual yaradır: “Ermənistan media azadlığı, insan haqlarının təmin edilməsi sahəsində gerçəkdənmi bizdən 107 addım öndədir? Vəziyyəti, belə yanaşmanı dəyişmək mümkün deyilmi?”


Rəqəmlər üzərində manipulyasiya

Beynəlxalq təşkilatlar öz hesabatlarını hazırlayarkən, dünya ölkələrindəki media mühitinə xüsusi diqqət yetirirlər, o cümlədən, qətlə yetirlmiş, həbs edilmiş, təhdidə məruz qalmış jurnalistlərin sayına istinad edirlər. Bu hesabatlarda maraq çəkən bir nüans var: hesabatlarda faciə qurbanı olmuş, öldürülmüş, həbs edilmiş, təhdidə məruz qalmış jurnalistlərin sayı ilə bağlı fərqli rəqəmlər təqdim edilir. Məsələn, dünyanın ən nüfuzlu 6 jurnalist təşkilatından biri - “Sərhədsiz Reportyorlar” (RSF) 2020-cı il üzrə hesabatında göstərir ki, bu il ərzində dünya ölkələrində ümumilikdə 50 nəfər jurnalist qətlə yetirilib. Həmin 6 nüfuzlu təşkilatdan digərinin - Beynəlxalq Jurnalistlər Federasiyasının (İFJ) analoji hesabatında isə göstərilir ki, 2020-ci ildə dünya ölkələrində ümumilikdə 60 nəfər jurnalist qətlə yetirilib.

Jurnalistlərin Müdafiə Komitəsi (CPJ) isə 2020-ci ildə dünyada qətlə yetirilmiş jurnalistlərin sayını 32 nəfər göstərir. Yuxarıdakı linklərdən görünür ki, RSF 2020 –ci ildəqətlə yetirilmiş jurnalistlərin sayını İFJ-dən 10 rəqəm aşağı göstərir, İFJ 60, RSF isə 50 yazır.

Təkcə qətlə yetirilən deyil, həm də təhdid edilən, həbsə salınan jurnalistlərin sayı ilə bağlı rəqəmlərdə də fərqliliklər mövcuddur. İFJ göstərir ki, 2020-ci ildə dünyanın ayrı-ayrı ölkələrində 873 nəfər jurnalistə qarşı təhdid, izləmə və hədələmə halı qeydə alınıb. RSF-nin hesabatında isə bu rəqəm təqribən 700 civarında göstərilir. Ortada yenə də fərqlilik var, özü də yüksək rəqəmlə. Biri 873, digəri isə 700 yazır. Hesabatlarda digər kateqoriyalar üzrə təqdim edilən rəqəmlərdə də fərqliliklər mövcuddur.

Maraqlı deyilmi, “Sərhədsiz Reportyorlar”ın hesabatlarında təqdim edilən rəqəmlərdə belə fərqlilik, daha dəqiq desək, əskiklik nədən yaranır? Nə üçün onlar həm öldürülən, həm də təhdid edilən, təqib olunan, həbsə atılan jurnalistlərin sayını aşağı rəqəmlərlə ifadə edirlər? Axı bu təşkilatların hər birinin monitorinq etdikləri obyektlər də, mövzuları da eynidir. Hər ikisi bütün dünya ölkələrini monitorinq edirlər, ikisinin də obyekti jurnalistikadır.

Sualların cavabları çox da mürəkkəb deyil, problemin səbəbini araşdırmaq üçün baş sındırmağa zərurət qalmır. RSF-nin öz saytında ayrı-ayrı ölkələr üzrə təqdim edilmiş faktları araşdırmaqla, bu suallara cavab tapmaq mümkündür. Həm "Freedom House", həm də RSF-nin hesabatlarını incələyərkən, məlum olur ki, onlar bəzi ölkələrdə baş verən neqativləri, sadəcə olaraq, qeydə almırlar. Yaxud, əksinə, bəzi ölkələrdə mövcud olan neqativləri süni şəkildə şişirdirlər. Uzun illərin müşahidəsi göstərir ki, bu təşkilatlar üçün Azərbaycanıın adını “qara” (azad olmayan), Ermənistanı isə sarı (yarım-azad) ölkə kimi göstərmək onların siyasi maraqlarına uyğundur. Problemin kökü siyasi konyukturadır. Bunun isbatı "Freedom House" və RSF-nin saytlarında, hesabatlarında var.

RSF-nin hesabatında üzə çıxan təzadlar

Sadəcə 2 nümunə verməklə, dediklərimizi sübut etmək mümkündür. Məsələn, əksər beynəlxalq təşkilatlar 2020-ci ildə baş verən 44 günlük müharibə (II Qarabağ savaşı) dövründə həm Azərbaycan, həm də Ermənistanda cərəyan edən prosesləri diqqətlə izlədilər. Xüsusi olaraq, bu ölkələrdə hərbi vəziyyət kontekstində media azadlığını, insan hüquqlarının durumunu dəyərləndirdilər. Açıqlanan bəyanatlardan aydın olurdu ki, Ermənistanda hərbi vəziyyət rejiminin şərtləri çox ağır olub, medianın fəaliyyəti tamamilə məhdudlaşdırılıb,insan haqları pozuntuları intensiv hal alıb. İş o yerə çatdı ki, Ermənistan Jurnalistlər Birliyinin sədri Satik Seyranyan sərt bəyanatla çıxış etdi, Ermənistan hakimiyyətini hərbi vəziyyət rejimi adı altında media azadlığını tamamilə boğmaqda ittiham etdi. Həmin bəyanatda Ermənistanda jurnalistlərin təqib edilməsi, həbsə atılması, yüksək məbləğlərlə cərimə edilərək qorxudulmaları halı qeyd edilib. Əksər beynəlxalq təşkilatlar Ermənistan Jurnalistlər Birliyinə dəstək verərək, Ermənistandakı durumu pisləyən bəyanatlar yaydılar. Bu məqam Beynəlxalq Jurnalistlər Federasiyasının açıqlamasında öz əksini tapıb. Amma nədənsə, “Sərhədsiz Reportyorlar” Ermənistan Jurnalistlər Birliyinə dəstək vermədi; bu bəyanata heç bir münasibət bildirmədi; Ermənistanda hərbi vəziyyət dövründə təqib edilən jurnalistlərin siyahısını hazırlamadı, onlar haqqında öz saytında heç bir məlumat yerləşdirmədi. Yaxud, 2020-ci il noyabrın 10-da“Azadlıq” Radiosunun Yerevan bürosunun redaksiyasına basqın edildi, redaksiyanın avadanlıqları dağıdıldı, jurnalistlərə xəsarətlər yetirildi. Beynəlxalq Jurnalistlər Federasiyası daxil olmaqla, əksər beynəlxalq təşkilatlar bu faktı pislədilər, Ermənistan hökumətini qınayan açıqlamalar verdilər. Maraqlıdır ki, nə “Sərhədsiz Reportyorlar”, nə də “Freedom House” bu məsələlərə də yer ayırmadılar, bu halları pisləyən bəyanatlar vermədilər. “Freedom House” və RSF-nin saytlarına daxil olub axtarış aparan hər bir şəxs görə bilər ki, onlar Ermənistanda baş vermiş bu iki neqativ halı qeydə almayıblar, onları pisləyən bəyanatlar yaymayıblar. Məsələ ondadır ki, Ermənistanda media azadlığının məhdudlaşdırılması, insan haqları pozuntuları sahəsində baş verən, RSF tərəfindən qeydə alınmayan neqativlər bu iki hadisə ilə yekunlaşmır. Bənzər hadisələrin sayı yüzlərlədir. Onların hamısını bir yazıda göstərmək mümkün deyil. Biz bu 2 faktı sadəcə nümunə üçün təqdim etdik, tendensiyanı göstərmək istədik. İl ərzində Ermənistanda yüzlərlə neqativ hal baş verib ki, bu faktların heç biri “Freedom House” və RSF-ninsaytlarında öz əksini tapmayıb. Bu faktların hamısını toplayıb diqqətə alsaq, onda yuxarıdakı suallara aydınlıq gələr. Məlum olar ki, digər təşkilatların hesabatlarında 2020-ci ildə dünyanın ayrı-ayrı ölkələrində jurnalistlərə qarşı təhdid, izləmə və hədələmə halı 873 rəqəmi ilə ifadə olunduğu halda, nə üçün RSF-nin hesabatında bu rəqəm aşağı rəqəmlə, 700 civarında göstərilir. Həmçinin, bəlli olar ki, Ermənistan bizdən nə üçün 107 pillə öndə yer tutur. Onlar Ermənistanda baş verən neqativləri, sadəcə olaraq, qeydə almırlar. Buna görə də sonucda Ermənistanın adı Azərbaycana nisbətən 107 pillə öndə olur.

Bu tendensiya uzun illərdir ki, davam edir. Bir nümunə verməklə, yanaşmanın tendensiya xarakterli olduğunu göstərək, fikrimizi tamamlayaq. Cənubi Qafqazda jurnalistlərin fəaliyyətinə görə siyasi motivlərlə qətlə yetirilməsi faktı ilk dəfə Ermənistanda baş verib. 2001-ci ildə Ermənistanda İctimai TV-nin rəhbəri Tiqran Nağdalyan müəmmalı şəkildə qətlə yetiriləndə heç kəs şübhə etmirdi ki, bu, həmin dövrdə prezident olan Robert Köçəryan komandasının əməlidir. Çünki, qətlindən bir müddət əvvəl Nağdalyan mediaya informasiya sızdırmışdı ki, onun əlində 1998-ci ildə Ermənistan parlamentində baş vermiş terror hadisəsində - parlament qətliamında hakim komandanın iştirakını sübut edən videogörüntülər var. Nağdalyanı öldürdülər, məsələni bitirdilər. Bizim üçün maraqlı olan budur ki, həmin ildə - 2001-ci ildə də "Freedom House" təşkilatı Ermənistanın adını media azadlığının durumu üzrə normal ölkələr sırasında göstərdi. 2001-ci ildə müşahidə edilən tendensiya bu gün də davam edir.

Vəziyyəti dəyişmək mümkündürmü?

“Freedom House” və “Sərhədsiz Reportyorlar” uzun illərdir ki,belə mövqe sərgiləyirlər, ikili standartlarla davranırlar, Ermənistana doğma, Azərbaycana isə ögey münasibət bəsləyirlər. Niyə, səbəb nədir? Səbəblər bizə məlumdur, amma bir yazıda hamısını təqdim etmək imkansızdır, başqa bir yazıda münasibət bildirərik. İndi zəruri olan bir nüansı da vurğulamaqla, yazımızı tamamlayaq. Beynəlxalq təşkiltlar sırasında fərqli davrananlar, ədalətli mövqe tutanlar, Azərbaycandakı durumu real dəyərləndirənlər də var. İstənilən halda sual yaranır: nə üçün bir qrup təşkilat obyektiv, digər qismi isə qərəzli hesabatlar hazırlayırlar? Onların Azərbaycanla davalarının səbəbi nədir? Durumu dəyişmək mümkündürmü? Qısa olaraq qeyd edək ki, Azərbaycanın içində normal partnyorları olan beynəlxalq təşkilatların hesabatları da normal olur, obyektivlik gözlənilir. Azərbaycanda partnyoru heç olmayan, yaxud, normal partnyoru olmayan təşkilatların hesabatları isə, məhz “Freedom House” və “Sərhədsiz Reportyorlar”-ın hesabatı kimi olur. Bu məqama diqqət yetirilməli, boşluqlar aradan qaldırılmalıdır.
Популярный ролик