Əliyev, Ərdoğan və Paşinyan İrəvanda görüşə bilər - DETALLAR

Əliyev, Ərdoğan və Paşinyan İrəvanda görüşə bilər - DETALLARSosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc Teleqraf.com-un suallarını cavablandırıb.

Telexeber.az onunla müsahibənin bir hissəsini təqdim edir:
- Zahid müəllim, sizcə, yüz illərdir az qala tarixi nifrət fonunda daşlamış Türkiyə-Ermənistan münasibətlərində irəliləyişə istiqamətlənmiş addımlar effektiv olacaqmı?

- ABŞ-da zamanında səfir olmuş, eləcə də, 2015-ci ildə “erməni soyqırımı” mövzusunda Qərbdə cərəyan edən proseslərə qarşı dirəniş göstərən və Qərb kommunikasiya sistemini, ictimai həyatını, siyasi proseslərini dərindən bilən Sərdar Kılıç kimi təcrübəli diplomatın Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə təyin olunması Ermənistan cəmiyyətində çox böyük əks-səda doğurub. Türkoloq alimlər bu məsələ ətrafında Kılıçın bütün şəcərəsini, tərcümeyi-halını, keçmişini, onun ata biləcəyi addımları, hakimiyyət komandasında yerini, Rəcəb Tayyib Ərdoğanla sıx münasibətlərini dərindən təhlil edirlər. Onlar fərqindədirlər ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə vəzifəsinə təyin edilən Ruben Rubinyanla müqayisədə Sərdar Kılıç qat-qat ondan üstündür. Məhz buna görə də Nikol Paşinyan hakimiyyətinə qarşı onların ciddi tənqidi mövqeləri var. İddia edirlər ki, Türkiyə kimi nəhəng bir dövlətin təmsilçisinin qarşısına çox zəif nümayəndə çıxarıblar. Ancaq bununla bərabər real mənzərə Azərbaycanın Vətən müharibəsindəki uğurlu nəticələri üzərindəndədir. Yəni Türkiyə-Ermənistan münasibətlərinin açılımı üçün 2009-2010-cu illərdə ABŞ, o cümlədən Fransa, Almaniya və başqa dövlətlərin də yer aldığı, İsveçrənin cəlb olunduğu məşhur Surix protokolları prosesi vardı.

- Həmin dövr üçün bu prosesin hədəfi nə idi?

- Orada başlıca hədəf ondan ibarət idi ki, Türkiyə və Azərbaycan münasibətləri Qarabağ məsələsində izolyasiyaedici addımları ortadan qaldırsınlar. Çünki bunun iqtisadi tərəfindən daha çox, siyasi mənası bizim üçün mənfi təsirlərini doğura bilərdi. Əgər Türkiyə və Azərbaycanın mövqeləri burada parçalansaydı, avtomatik olaraq ermənilər bütün dünyada deyəcəkdilər ki, “siz görürsünüzmü 1992-ci ildə sərhədi Kəlbəcər məsələsinə görə bağlayan Türkiyə bu gün əlaqələri bərpa edib. Onlar ermənilərlə geniş şəkildə münasibətlərdədir və Azərbaycanın mövqeyini bölüşmürlər”. Təsadüfi deyil ki, bu məsələnin üzərindən illər keçəndən sonra Edvard Nalbandyan, həmin proseslərin içərisində məxfi danışıqlarda yer alan Ermənistanın sabiq xarici işlər naziri bunu etiraf edir. Bildirir ki, onların strateji hədəfi Türkiyə və Azərbaycanı bir-birindən qoparmaq idi.

- İlk dəfə olaraq dövlət başçısı Ermənistanı qonşu olmağa səslədi. Qarşı tərəf buna necə, adekvat ola biləcəkmi?

- İlk dəfə dövlət Azərbaycan Prezidentinin xalqa bayram təbrikində qonşu olmağa hazırıq, amma bunun şərtləri var kimi bir ifadə üzərindən məsələyə münasibət bildirməsi həqiqətən tarixi dönüşün anlarıdır. Biz 30 il bunu görməmişik, yaşamamışıq. Əksinə regionu, dağıdıcı siyasəti ilə məhv edən özü də onun içərisində həm maddi, həm fiziki və strateji perspektivdən həhrum olan bir dövlət görmüşük. Buna qonşu kimi yanaşmaq da çətindir. Axı bunun da özünəməxsus şərtləri var. Şərq aləmində qonşuluq müqəddəs sayılır. Amma bunlar öz coğrafiyaları ilə toqquşan tərəf oldular deyə onlara kimsə, qonşu kimi baxmadı. Ona görə də, ümidvarıq ki, Türkiyə Ermənistan və Ermənistan Azərbaycan münasibətlərini həm də bunun daha böyüdülmüş miqyasda “3+3” formatının fərqli formalarda riyaziyatın siyasətə necə çevrildiyini də demək olar. “3+2+1” və həmin o üç rəqəmi yalnız Türkiyə, İran, Rusiya deyil. Bu üç rəqəmini fərqli, ayrı-ayrı dövlətlərdən təşkil etmək olar. Yalnız ona görə ki, hər hansısa bir dövlət prosesdən kənarda qalmasın.

- Gürcüstan amili burada hansı halda nəzərə alına bilər?


- Məlumdur ki, Gürcüstanın Rusiya ilə məlum konfrantasiyadan sonra tamam münasibətlərinin dayandırlması ilə az qala Ermənistanla Türkiyənin münasibətlərinə bərabər bir durum yaranıb. Bu da asan deyil. Tarixi yüz il olmasa, da ən azı 2008-ci ildən bu yana o düşmənçilik davam edir. Ona görə də, Vətən müharibəsinin nəticələri Gürcüstan Rusiya münasibətlərini də normallaşdıra bilər. Bu bölgənin təhlükəsizliyinə əməkdaşlığına və sülhə çox böyük töhvə verər. Artıq qarşıdakı dövrdə Azərbaycan Prezidentinin atdığı bu addımlar, qurduğu strategiya, ölkə daxilində Qarabağa Böyük Qayıdışı hədəf edib. Amma bu Böyük Qayıdışın daha böyük ərazilərə aparıb çıxardığını və söhbət birbaşa hər hansı bir ölkənin ərazisinə işğalçılıq nöqteyi nəzərdən yanaşmanı deyil, artıq dərəcədə əlaqələrin bərpa olunmasını, tarixi münasibətlərin təkrarən gündəmdə qalması vacibdir. Belə olan təqdirdə üç dövlət rəhbərinin yəni, Prezident İlham Əliyevin, hörmətli prezidenti Rəcəb Tayyib Ərdoğanın və baş nazir Nikol Paşinyanın Zəngəzur mahalında, bəlkə də İrəvanda bundan sonrakı dövr fərqli siyasi paytaxlarda da görüşü reallaşdırıla bilər. Buna hazırkı dövr çox böyük çağırışlar, hadisələrin o istiqamətdə cərəyan etdiyi də görsənməkdədir.
Популярный ролик