Xamneyi fondundan Ermənistana JEST: Qacaran tuneli tikilir
- 03.11.2022, 08:47,
- Siyasət
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan İranın paytaxtı Tehran şəhərində səfərdədir. Səfər çərçivəsində İranın yol və şəhərsalma naziri Rüstəm Qasımi ilə Ermənistanın regional idarəetmə və infrastruktur naziri Qonel Sanusyan arasında Tehranda görüş keçirilib.
Telexeber.az İRNA-ya istinadən xəbər verir ki, İran şirkətləri tərəfindən Ermənistan ərazisində 7,2 km uzunluğunda Qacaran tunelinin tikintisinə 2023-cü ilin yazında başlamaq barədə razılıq əldə olunub. İranın həm Ermənistanda, həm də İran ərazisində Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisində aktiv iştirakı da razılaşdırılıb. Dəhlizin tikintisilə bağlı maliyyə məsələləri və vəsaitlərin necə təmin olunması barədə heç bir məlumat verilməyib.
Politoloq Yeganə Hacıyeva deyir ki, bu tunelin maliyyə təminatçısı İranın Ali Dini Liderinin fondudur.
"Hər il Azərbaycandan və Rusiyada yaşayan azərbaycanlılardan milyonlarla dollar həcmində maliyyə - xüms və şəhriyyə məqsədi ilə bu fonda yollanılır. Seyid Əli Xamneyinin fondu isə onu səmimi təqlid edən Azərbaycan şiələrinin puluna Ermənistana tunel tikir".
Qeyd edək ki, bu, Paşinyanın İrana üçüncü səfəridir. O, bu dəfə İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə səfərin yekununa dair birgə keçirdikləri mətbuat konfransında Cənubi Qafqazdakı vəziyyətdən, buradakı şəraitin əhəmiyyətindən danışıblar. Tərəflər iki ölkə arasında ticarət dövriyyəsinin 43 faiz artaraq 700 milyon dollara çatdığını və gələcəkdə bu rəqəmi 3 milyard dollara çatdırmaq barədə razılıq əldə ediblər. Paşinyan tərəflər arasında əhatəli danışıqların getdiyini də vurğulayıb.