Azərbaycanda hər bir vətəndaşın hərəkətləri polis naryadlarında olan elektron cihazlar vasitəsilə izləniləcək.
Trend-in məlumatına görə bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-yə müsahibəsində deyib.
O bildirib ki, vətəndaş evdən çıxarkən müəyyən nömrəyə zəng etməklə və ya sms göndərməklə evdən çıxmasının səbəbini izah edəcək:
"Həmin məlumatı qəbul edən qurum bunu bütün polis orqanlarında olan planşetlərə ötürəcək. Vətəndaş artıq küçədə saxlanılarkən polis əməkdaşları həmin planşetə baxaraq vətəndaşın evdən çıxmasına icazənin verilib verilməməsinə baxacaqlar.
Aptekə də, marketə də gedən hər bir vətəndaş evdən çıxması barədə məlumat verməlidir. Artıq bu işlər tamamlanıb. Yaxın zamanda ictimaiyyətə bu barədə tam açıqlama veriləcək".
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.
Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.
Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.
İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə bir sıra iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilib.