
Telexeber.az bir müddət əvvəl Binəqədi rayonu, Mədən 3-cü korpus 108 ünvanında yüksək gərginlikli elektrik xətlərinə toxunan, uzun müddətdir budarlanmayan iri gövdəli ağaclarla bağlı videofakt və tənqidi material yayımlamışdı. Təəssüf ki, yayımdan sonra da təhlükə aradan qaldırılmayıb.
https://telexeber.az/gundem/25043-binqdid-thlk-saan-aaclar-yksk-grginlikli-xtlr-toxunan-budaqlar-kim-budayacaq-faci-ba-verndn-sonra-hrkt-kecklr.htmlRedaksiyamızın son müşahidələri göstərir ki, ağacların budaqları hələ də yüksək gərginlikli elektrik xətlərinə təmas edir. Xüsusilə yağışlı və küləkli havalarda bu vəziyyət sakinlərin həyatı və sağlamlığı üçün ciddi risk yaradır.
Sual yaranır: Binəqədi Rayon Yaşıllaşdırma Təsərrüfatı Birliyi niyə təhlükə yaradan ağacların budanmasını təmin etmir? Dövlət büdcəsi hesabına maliyyələşən bu qurumun əsas vəzifələrindən biri məhz yaşıllıqlara qulluq və təhlükə yaradan ağacların vaxtında budanmasıdır.
Eyni zamanda, yüksək gərginlikli elektrik xətlərinin təhlükəsiz istismarına cavabdeh olan Azərişıq ASC də bu təhlükəyə biganə qala bilməz. Elektrik xətlərinə təmas edən ağaclar həm elektrik təchizatına, həm də insanların təhlükəsizliyinə risk yaradır.
Bundan əlavə, Binəqədi Rayon İcra Hakimiyyəti rayon ərazisində yaranan bu cür problemlərin aidiyyəti qurumlarla əlaqələndirilməsi və həllinin təşkili istiqamətində öz səlahiyyətləri çərçivəsində tədbirlər görməlidir.
Telexeber.az olaraq bir daha xatırladırıq ki, söhbət sadəcə budanmayan ağaclardan deyil, insan həyatına real təhlükə yaradan vəziyyətdən gedir. Faciə baş verdikdən sonra görüləcək tədbirlər heç bir dəyər daşımayacaq. Əsas məsələ təhlükəni əvvəlcədən aradan qaldırmaqdır.
Redaksiyamızın əlində ərazidən videofaktlar və sakinlərin müraciətləri mövcuddur. Aidiyyəti qurumların bu dəfə məsələyə münasibət bildirəcəyinə və təxirəsalınmaz tədbirlər görəcəyinə ümid edirik. Əks halda, baş verə biləcək hər hansı hadisə ilə bağlı məsuliyyət məsələsi qaçılmaz şəkildə gündəmə gələcək.
Telexeber.az mövzunu nəzarətdə saxlayacaq və aidiyyəti qurumların rəsmi mövqeyini dərc etməyə hazırdır.