Binəqədidə müəmmalı kanalizasiya xətti: Qazıntı hara gedir, niyə fərqli açıqlamalar verilir?

Binəqədi rayonunda aylardır yekunlaşmayan qazıntı işləri ətrafında suallar getdikcə artır. Sakinlərin və sürücülərin narazılığına səbəb olan yol qazıntısı təkcə nəqliyyatın hərəkətinə maneə yaratmır, eyni zamanda görülən işlərin mahiyyəti ilə bağlı ziddiyyətli açıqlamalar da ictimai müzakirələrə səbəb olub.

https://telexeber.az/gundem/24619-binqdid-aylarla-yarmq-qalan-qaznt-srclr-thlk-il-z-z-sakinlr-cavab-gzlyir.html

Telexeber.az-ın hadisə yerində apardığı çəkilişlərdə qazılmış kanalizasiya xəttinin yeni tikilmiş, hələ istifadəyə verilməmiş yaşayış binası istiqamətində uzandığı müşahidə olunur. Ərazidən hazırlanan videomaterial YouTube səhifəmizdə yayımlanıb və geniş maraq doğurub.

Lakin məsələ ilə bağlı aidiyyəti qurumun təqdim etdiyi açıqlamalar müxtəlif məzmun daşıyır.

İlk açıqlamada bildirilib ki, yayımlanan xəbərin Binəqədi Sukanal İdarəsinə və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə aidiyyəti yoxdur, görülən işlər həmin qurum tərəfindən icra edilmir.

Bundan sonra təqdim edilən növbəti cavabda isə qeyd olunub ki, qazıntı işləri hələ yekunlaşmayıb, işlərin davam etdirilməsi üçün aidiyyəti quruma müraciət olunub, icazə verildikdən sonra qazıntılar davam etdiriləcək və yol əvvəlki vəziyyətinə qaytarılacaq.

Daha sonra isə əlavə izah verilərək bildirilib ki, görülən iş yeni tikilmiş bina ilə bağlı deyil. İddiaya görə, ərazidə mövcud kanalizasiya şəbəkəsi artan tələbatı ödəmədiyi üçün yeni əlavə kanalizasiya xətti çəkilir.

Məhz bu məqam ictimaiyyətdə suallar doğurur.

Əgər görülən işlər ümumiyyətlə həmin qurum tərəfindən aparılmırdısa, sonrakı açıqlamalarda işlərin məqsədi, icazə prosesi və yekunlaşdırılması barədə ətraflı məlumat hansı əsasla təqdim olunub?

Digər tərəfdən, Telexeber.az-ın hadisə yerində apardığı müşahidələrdə qazıntı xəttinin yeni tikilmiş yaşayış binası istiqamətində uzandığı görünür. Bu isə "çəkilən xətt binaya aid deyil" açıqlaması ilə bağlı əlavə suallar yaradır.

Sakinlər bildirirlər ki, qazılmış yolun aylarla açıq saxlanılması nəqliyyatın hərəkətinə ciddi maneə yaradır. Sürücülər təhlükəli manevrlər etməyə məcbur qalır, qarşı hərəkət zolağına çıxır və bu da qəza riskini artırır.

İndi isə hər kəsi düşündürən suallar bunlardır:

Görülən işlərin sifarişçisi hansı qurumdur?
Qazıntı işlərini faktiki olaraq kim həyata keçirir?
Yolun qazılmasına hansı qurum icazə verib?
Yeni çəkilən kanalizasiya xətti konkret olaraq hansı obyekt və ya ərazi üçün nəzərdə tutulub?
Əgər xətt yeni tikilmiş binaya aid deyilsə, niyə qazıntı istiqaməti həmin bina tərəfə uzanır?
Və ən əsası, aylarla yarımçıq qalan iş nə vaxt başa çatacaq?

Telexeber.az olaraq bildiririk ki, məqsədimiz hər hansı qurumu ittiham etmək deyil. Məqsədimiz vətəndaşların narahatlığına səbəb olan məsələlərin araşdırılması və aidiyyəti qurumların rəsmi mövqeyinin ictimaiyyətə çatdırılmasıdır.

Qeyd: Telexeber.az məsələ ilə bağlı əlavə rəsmi izah və sənədlər təqdim olunacağı təqdirdə qarşı tərəfin mövqeyini də olduğu kimi dərc etməyə hazırdır. Hazırda isə ortada cavabını gözləyən çoxsaylı suallar qalmaqdadır.
Популярный ролик