Xaçmaz rayonunun Qusarkənd kəndində baş verən hadisə yerli sakinlərin narazılığına səbəb olub. Telexeber.az-a təqdim olunan videogörüntülərdə kənd sakini yaşadığı ünvanın qarşısında yerləşən, təxminən 80 illik olduğu bildirilən və hər il bar verən tut ağacının ciddi şəkildə budandığını iddia edir.
Vətəndaşın sözlərinə görə, ağacın budanması elektrik xətlərinə toxunması səbəbi ilə həyata keçirilib. Hadisə zamanı ərazidə aidiyyəti qurumların nümayəndələrinin, o cümlədən yerli icra hakimiyyəti və bələdiyyə təmsilçilərinin olduğu bildirilir.
Lakin sakin əsas sualın cavabsız qaldığını deyir: "80 illik ağac hansı qərara, hansı rəyə və hansı zərurətə əsasən bu vəziyyətə salınıb?"
Videoda səsləndirilən iddialara görə, vətəndaş məsələ ilə bağlı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət edib. Onun iddiasına əsasən, müraciətdən sonra hadisə yerinə baxış keçirilməsi üçün mütəxəssis göndərilməyib və ağacın vəziyyəti ilə bağlı yerində araşdırma aparılmayıb.
Məsələ ilə bağlı bir sıra suallar ortaya çıxır:
Ağacın budanması üçün rəsmi akt və ya müvafiq qərar mövcuddurmu? Budama işləri aidiyyəti qaydalara uyğun həyata keçirilibmi? Elektrik xəttinin təhlükəsizliyi ilə ağacın qorunması arasında balans gözlənilibmi? 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi vətəndaş müraciətinə hansı qaydada reaksiya verib? Hadisə yerində ekoloji baxış keçirilibmi?
Mütəxəssislər bildirirlər ki, yaşayış məntəqələrində elektrik xətlərinə təhlükə yaradan ağacların budanması qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməlidir. Lakin budama işləri ağacın tam məhvinə və ya ekoloji dəyərinin itirilməsinə səbəb olmamalıdır.
Qusarkənd sakininin paylaşdığı videogörüntülər sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Yerli sakinlər aidiyyəti qurumların məsələyə aydınlıq gətirməsini və ağacın budanmasının hüquqi əsaslarının ictimaiyyətə açıqlanmasını istəyirlər.
Telexeber.az olaraq məsələ ilə bağlı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, eləcə də digər aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.