ŞƏMKİRDƏ TƏHLÜKƏ ZƏNGLƏRİ ÇALINIR: 8 KÜÇƏNİ BİRLƏŞDİRƏN KÖRPÜ YARIMCAN VƏZİYYƏTDƏ, QAZ XƏTTİ İSƏ TƏHLÜKƏ MƏNBƏYİNƏ ÇEVRİLİB


Şəmkir rayonunun Kraz yolu adlanan ərazisində yerləşən və 8 küçənin sakinlərinin istifadə etdiyi körpünün vəziyyəti ciddi narahatlıq doğurur. Sel sularının yaratdığı fəsadlardan sonra körpü ağır zədələnsə də, hələ də sakinlər tərəfindən istifadə olunur.

Telexeber.az-a təqdim olunan və saytın rəsmi YouTube səhifəsində yayımlanan videogörüntülərdə körpünün dayaqlarının zədələndiyi, torpaq qatının yuyulduğu və konstruksiyanın təhlükəli vəziyyət aldığı aydın görünür. Görüntülərdə diqqət çəkən digər məqam isə körpünün yaxınlığından keçən qaz xəttinin açıq və riskli vəziyyətdə qalmasıdır.

Sakinlər bildirirlər ki, günlərdir, hətta həftələrdir davam edən bu vəziyyətlə bağlı narahatlıqlarını müxtəlif qurumlara çatdırsalar da, hələlik problemin tam həlli istiqamətində ciddi addım atılmayıb. Onların sözlərinə görə, körpü hər gün onlarla ailənin, məktəblilərin və avtomobillərin istifadə etdiyi mühüm keçidlərdən biridir.

Videomüraciətlərdə sakinlər maraqlı bir iddia da səsləndirirlər. Bildirilir ki, kanalın qarşısının torpaqla doldurulması nəticəsində suyun normal axını pozulub, sel suları özünə başqa istiqamət açaraq körpünün dayaqlarına ciddi zərbə vurub. Bu iddialarda bəzi şəxslərin adları çəkilsə də, məsələnin aidiyyəti qurumlar tərəfindən araşdırılmasına ehtiyac var.

Telexeber.az olaraq məsələni işıqlandırmazdan əvvəl qarşı tərəfin də mövqeyini öyrəndik.

Şəmkir bələdiyyəsindən İlham müəllim redaksiyamıza açıqlamasında bildirib ki, sözügedən körpü bələdiyyənin vəsaiti və texnikası hesabına inşa olunub.

"Bəli, körpü sel sularından müəyyən qədər zərər görüb. Lakin bu, onun yararsız vəziyyətdə olması demək deyil. Mən özüm həmin körpüdən avtomobillə keçmişəm", – deyə İlham müəllim qeyd edib.

Lakin burada maraqlı ziddiyyət ortaya çıxır. Sakinlər körpünün onların şəxsi vəsaitləri hesabına tikildiyini iddia edir, bələdiyyə isə bunun həqiqəti əks etdirmədiyini bildirir.

Beləliklə, ortada cavab gözləyən iki mühüm sual yaranır.

Birinci sual: körpünün inşası həqiqətən kimin vəsaiti hesabına həyata keçirilib?

İkinci və daha vacib sual isə budur: körpünün təhlükəli vəziyyəti nə vaxt aradan qaldırılacaq?

Çünki bu gün sakinləri maraqlandıran məsələ körpünün keçmişi deyil, gələcəyidir. Onlar körpünün tam təhlükəsiz vəziyyətə gətirilməsini, sel nəticəsində zədələnmiş hissələrin bərpa olunmasını və açıq vəziyyətdə qalan qaz xətti ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsini istəyirlər.

Əgər körpü həqiqətən bələdiyyənin balansındadırsa, təmir-bərpa işləri nə vaxt başlanacaq? Mütəxəssislər tərəfindən texniki baxış keçirilibmi? Təhlükəli vəziyyətdə qalan qaz xətti ilə bağlı aidiyyəti qurumlar hansı tədbirləri görür?

Telexeber.az olaraq hesab edirik ki, məsələyə operativ müdaxilə edilməli, körpünün texniki vəziyyəti aidiyyəti qurumlar tərəfindən yenidən qiymətləndirilməli və sakinlərin təhlükəsizliyi təmin olunmalıdır.

Qeyd edək ki, sözügedən körpünün və qaz xəttinin hazırkı vəziyyətini əks etdirən videogörüntülər Telexeber.az-ın rəsmi YouTube səhifəsində yayımlanıb və görüntülərdən vəziyyətin ciddiliyi açıq şəkildə hiss olunur.

Telexeber.az məsələni diqqətdə saxlayacaq və aidiyyəti qurumların mövqeyini, eləcə də görüləcək tədbirləri oxuculara təqdim edəcək.

Sakinlər isə bir sualın cavabını gözləyirlər: təhlükə qapını döymədən bu problem həll olunacaqmı?
Популярный ролик