CƏLİLABADDA MEŞƏLƏR NECƏ QORUNUR? – AXTAXANA KƏNDİNDƏN NARAHATEDİCİ GÖRÜNTÜLƏR


Cəlilabad rayonunun Axtaxana kəndindən Telexeber.az-a daxil olan videogörüntülər vətəndaşların ciddi narahatlığına səbəb olub.

İddialara görə, meşə fondu torpaqlarının bir hissəsi icarəyə verilib və ərazi tikanlı məftillərlə əhatəyə alınıb. Vətəndaşlar bildirirlər ki, hasarlarda istifadə olunan dayaqlar arasında dəmirağacı da daxil olmaqla ağac budaqlarına bənzər materiallardan istifadə edilib.

Videomüraciətdə səsləndirilən digər narahatlıq isə meşənin gələcəyi ilə bağlıdır. Belə ki, sakinlərin sözlərinə görə, ərazidə qiymətli ağac növlərinin yeni şivləri əmələ gəlsə də, zəbt olunduğu iddia edilən sahələrdə ot biçini zamanı həmin şivlər də otla birlikdə məhv edilir.

Ekoloqların fikrincə, meşələrin təbii bərpasında cavan pöhrələrin və şivlərin qorunması mühüm əhəmiyyət daşıyır. Bu cür pöhrələrin saxlanılması gələcəkdə meşə örtüyünün genişlənməsinə və ekoloji tarazlığın qorunmasına xidmət edir.

Maraqlıdır, əgər həqiqətən də meşə fondu torpaqları hasarlanıbsa, bunun hüquqi əsası varmı? Ərazidə ot biçini zamanı meşənin təbii bərpasına zərər vurulubmu? Dövlət meşə fonduna aid sahələrdə aparılan fəaliyyətlər aidiyyəti qurumlar tərəfindən necə nəzarətdə saxlanılır?

Qeyd edək ki, son illər 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində meşə torpaqları, ağac qırıntıları və meşə fondunun istifadəsi ilə bağlı müxtəlif iddialar mediada dəfələrlə gündəmə gətirilib. Həmin iddiaların bir hissəsi rəsmi qurumlar tərəfindən təkzib edilsə də, bəzi məsələlər ətrafında ictimai müzakirələr davam etməkdədir.

Telexeber.az olaraq Axtaxana kəndindən təqdim olunan videogörüntülərlə bağlı 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin və aidiyyəti dövlət qurumlarının mövqeyini dərc etməyə hazırıq.

Videofakt Telexeber.az-ın YouTube səhifəsində yayımlanıb.
Популярный ролик