"Azəriqaz" 61 mindən çox abonentə borcla bağlı SMS bildiriş göndərib
- 10.03.2021, 21:54,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azəriqaz” İstehsalat Birliyi abonentlərə təbii qazdan istifadəyə görə SMS bildirişlərin göndərilməsinə başlayıb.
Qurumdan Telexeber.az-a verilən məlumata görə, təxminən bir ay əvvəl start verilən yeni proqramlaşdırma işləri müvəffəqiyyətlə tamamlanıb. Mart ayının 9-dan etibarən bir gün ərzində Bakı şəhəri və Abşeron yarımadasını əhatə etməklə 12 inzibati rayon üzrə SMS bildirişlər Birliyin abonent bazasında mövcud olan mobil telefon nömrələrinə göndərilib. Ümumilikdə 61 mindən çox abonenti əhatə edən SMS bildirişlər 5 milyon manata yaxın debitor borcun yığımını əhatə edir. Ən çox SMS bildirişi Abşeron rayonu üzrə 10 970 abonent alıb.
SMS bildirişlərin göndərilməsi “Azəriqaz” İstehsalat Birliyi üçün də yeni bir təşəbbüs olduğundan bəzi xırda çatışmazlıqlar ortalığa çıxa bilər. Bir sutka ərzində 10-a yaxın belə müraciət daxil olub. Əsasən bu müraciətlər bəzi abonentlərin bazadakı mövcud mobil nömrələrinin daha sonra digər şəxslərə satılması və ya bağışlanmasından irəli gələn məsələləri əhatə edir. Lakin bu halda da çətinliklər tez bir zamanda araşdırılaraq aradan qaldırılır.
Qeyd edək ki, bundan sonrakı mərhələdə proqram təminatı təkmilləşdirilməklə, SMS bildirişlərin göndərilməsinin ölkənin digər bölgələrində də tətbiqi nəzərdə tutulur.