Ölkə prezidentinin tapşırıqlarına uyğun olaraq, özəl sektorun inkişafı, xüsusilə kiçik və orta sahibkarlığın (KOB) iqtisadiyyatda rolunun artırılması məqsədilə sistemli islahatlar həyata keçirilir, bu sahəyə dövlət dəstəyi gücləndirilir.
Telexeber.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, regiona səfər çərçivəsində nazir Mikayıl Cabbarovun Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevlə görüşündə kiçik və orta biznesin inkişafı, yerli resursların fəal dövriyyəyə cəlb olunması, Yevlax Pilot Aqroparkının yaradılması, bu sahədə kiçik və orta biznesin iştirakı məsələləri müzakirə edilib.
Aqroparkın fermerlər üçün ayrılacaq sahəsində hər biri 20 hektarda olmaqla 55 fermer təsərrüfatının təşkili, sənaye təyinatlı sahədə isə sahibkarlıq subyektləri tərəfindən emal müəssisələrinin qurulması nəzərdə tutulur.
Mingəçevirdə isə M.Cabbarov Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla yerli ehtiyatlardan səmərəli istifadə, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, Mingəçevir turizm klasterinin yaradılması məsələlərini müzakirə edib.
Səfər zamanı nazir Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik fabriklərində istehsal prosesi ilə tanış olub, istehsalın həcminin artırılması, yeni istehsalat sahələrinin və iş yerlərininyaradılması məsələləri müzakirə edilib. Ərazidə iki iplik istehsalı fabriki fəaliyyət göstərir. 14,5 hektar sahədə təşkil edilmiş və investisiya dəyəri 93,5 milyon ABŞ dolları olan fabriklərin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu 10 milyon manat güzəştli kredit verib.
Müasir avadanlıqlarla təchiz olunmuş, Almaniya, İsveçrə, Yaponiya və Türkiyənin qabaqcıl texnologiyaları əsasında fəaliyyət göstərən müəssisələrdə 450-dən çox işçi çalışır. İllik istehsal gücü 20 min ton olan fabriklərdə pambıq mahlıcından müxtəlif çeşiddə iplik istehsal olunur. Bunun üçün isə yerli xammaldan istifadə edilir. İstehsal olunan məhsullar daxili bazarla yanaşı, Türkiyə və digər ölkələrə ixrac olunur.