“Azərbaycan Respublikasında pambıqçılığın inkişafı ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda onlayn müşavirə keçirilib.
Telexeber.az xəbər verir ki, müşavirədə kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov, bu sahəyə məsul mərkəzi və yerli qurumların nümayəndələri, pambıq şirkətlərinin rəhbərləri, Fermerlər Assosiasiyasının, Azərbaycan Pambıqçılar Assosiasiyasının təmsilçiləri və fermerlər iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Kənd təsərrüfatının bütün sahələri kimi pambıqçılıq da yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illərdə dövlət başçısının verdiyi tapşırıqlar, “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər öz bəhrəsini verib.
Bildirilib ki, bu il Azərbaycanın 17 rayonunda 100 min hektara yaxın sahədə pambıq əkini aparılıb. Çiyid səpini aparılmış bütün sahələrdə yaxşı çıxış alınıb, hazırda rayonlarda pambıq sahələrinin becərilməsi işləri davam etdirilir.
Tədbirdə pambıqçılığın inkişaf perspektivləri, texnika, gübrə, toxum, dərman və su təminatı, subsidiyaların verilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi bildirilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.