Dünyada sürətlə yayılan "delta" ştammı artıq ölkəmizdədir. Həkimlər vətəndaşları daha diqqətli olmağa səsləyir. Çünki, bu mutasiya digərlərinə nisbətən 60 faiz daha sürətlə yayılır və yoluxur. "Delta" ştammının əlamətləri də aldadıcıdır.
Telexeber.az Xəzər TV-yə istinadən xəbər verir ki, yoluxma qabiliyyəti 2 dəfə yüksək, əlamətləri isə aldadıcıdır. Koronavirusun "Delta" ştammına qarşı vətəndaşlar daha diqqətli olmalıdırlar.
Həkim-infeksionist Natiq Əliyev deyir ki, virusun bu variantının əlamətləri mövsümü qripə çox oxşayır.
Bundan başqa, virusun bu növünə yoluxan şəxslərdə mədə-bağırsaq problemləri, ishal və qarın ağrısı da müşahidə oluna bilər. Paralel olaraq baş ağrısı, öskürək, qusma, halsızlıq və əzələ ağrıları da qaçılmazdır.
Həkim infeksionist deyir ki, Hindistanda meydana gələn və sürətli şəkildə dünyanı cənginə alan bu ştamm hazırda ölkəmizdə də var.
Yeni növlərdən qorunmağın ən effektiv yolu isə vaksinasiyadır. Çünki, COVID-19-a qarşı istifadə olunan vaksinlər "Delta" variantından qorunmağa imkan verir. Yəni, vaksinlər yeni ştammlara qarşı çox effektivdir.
Mütəxəssizlər bildiriblər ki, virusun "Delta" variantı uşaq və gənclər arasında xəstələnmə hallarının çoxalmasına səbəb olur.