Bir neçə gün əvvəl sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən it döyüşlərinin təşkil eildiyini əks etdirən videogörüntülər paylaşılıb.
DİN-dən Telexeber.az-a verilən məəlumata görə, bununla bağlı məsələ dərhal Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb və araşdırılması üçün müvafiq göstərişlər verilib. Polis əməkdaşlarının qısa zamanda həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində həmin videogörüntülərin Göygöl rayonunda qeydə alındığı müəyyən edilib. Tədbir zamanı həmin it döyüşləri təşkil edən Gəncə şəhər sakini Rəşad Ələsgərov, eləcə də, digər 4 nəfər – Hüsey Mirzəyev, Vasif Ələsgərov, Hüseyn Məmmədov və Yasin Qarayev saxlanılıblar.
Həmin şəxslər izahatlarında Göygöl rayonu ərazisində qeyd edilən döyüşləri təşkil etdiklərini və orada iştirak etmək üçün hər bir itin sahibindən 200 manat pul aldıqlarını bildiriblər.
Qeyd edək ki, saxlanılan şəxslərin etdikləri əmələ hüquqi qiymət veriməsi üçün onlar barəsində toplanan materiallar məhkəmə orqanlarına göndəriləcək. Həmin it yarışında iştirak edən digərlərinin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.