Ombudsman Səbinə Əliyeva dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara müraciət edib.
Telexeber.az xəbər verir ki, o, Ermənistan silahlı qüvvələrinin ötən ilin oktyabrın 17-də Gəncə şəhərinin əhalinin sıx məskunlaşdığı mərkəzi hissələrinin Ermənistan ərazisindən yenidən ballistik raketlərlə atəşə tutulduğunu qeyd edib.
“Bu gün Ermənistan silahlı qüvvələrinin 17 oktyabr tarixində gecə saat 01:00 radələrində hərbi əməliyyatların aparıldığı bölgədən uzaqda yerləşən Gəncə şəhərinin əhalinin sıx məskunlaşdığı mərkəzi hissələrini Ermənistan ərazisindən yenidən ballistik raketlərlə atəşə tutmasının birinci ildönümüdür.
Bu dəhşətli hücum nəticəsində içərisində uşaq və qadınların da olduğu 15 nəfər mülki şəxs qətlə yetirilib, 50 nəfərdən çox dinc sakin isə yaralanıb.
Bundan əlavə, 20-ə yaxın ev dağılıb, 100-dən çox fərdi yaşayış evinə və ətrafdakı digər qeyri-yaşayış sahələrinə ziyan dəyib, ərazidəki nəqliyyat vasitələri yararsız hala düşüb.
Bu faktla əlaqədar tərəfimdən dərhal dünya ictimaiyyətinə etiraz bəyanatı ünvanlanıb və Gəncə şəhərində bir daha faktaraşdırıcı missiya həyata keçirilməklə hesabat hazırlanaraq, müvafiq beynəlxalq təşkilatlara göndərilib.
Təqdim etdiyimiz həmin sənədlərdə kifayət qədər təkzibolunmaz sübutların olmasına baxmayaraq, təəssüflər olsun ki, bu dəfə də Ermənistanın Azərbaycana qarşı törətdiyi sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri zamanı insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması faktlarına beynəlxalq hüquqi qiymət verilməyib.
Bir daha dünya ictimaiyyətini və beynəlxalq təşkilatları ədalətli və obyektiv mövqe nümayiş etdirərək dinc və günahsız azərbaycanlılara qarşı ağır cinayətlərin törədilməsinə göstəriş vermiş Ermənistanın siyasi-hərbi rəhbərliyinə münasibətdə beynəlxalq hüquqi məsuliyyət müəyyən edən tədbirlər görməyə çağırıram!”, - Ombudsman vurğulayıb.