Koronavirus (COVID-19) infeksiyasına yoluxma sayı sürətlə artır. Son sutkada COVID-19 infeksiyasına 6 620 yeni yoluxma faktı qeydə alınıb.
Telexeber.az xəbər verir ki, yoluxma sayının bu qədər kəskin artması ölkədə karantin tədbirlərinin yenidən sərtləşdiriləcəyini gündəmə gətirib.
Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 419 nömrəli qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək. Bu o deməkdir ki, 3-cü doza vaksin vurdurmayan şəxslər bir çox məkanlara daxil ola bilməyəcək.
İddialara əsasən, ölkə üzrə yoluxmanın artan tempdə davam etməsi fevralın 15-dən bəzi məhdudiyyətlərin tətbiq edilməsinə səbəb olacaq. Məhdudiyyətlərin arasında ənənəvi təhsilin distant formaya keçməsi də var.
Tibb elmləri doktoru, professor Adil Qeybulla Baku.ws-ə açıqlamasında qeyd edib ki, hazırda ciddi qapanmalara getmək heç nəyi həll etməyəcək: "Çünki yoluxma intensivliyi orta yüksək həddədir. Bu dalğanı biz keçməliyik.
Fikrimcə, təhsil sahəsində hər hansı məhdudlaşdırmaya ehtiyac yoxdur. Sosial həyat dayandıqca, bu, insanların psixikasına ciddi təsir edir.
Artıq ABŞ-da ciddi qapanmalara getmək məsələsi qaldırılıb. Danimarka da oxşar qərar verib. Bugünkü vəziyyətdə insanlar qapalı mühitdə karantin qaydalarını gözləməlidir. İnfeksiyanın mənbəyi təmasdır.
Kütləvi tədbirlər, toylar, yaslarda insanların iştirakına limit qoyulmalıdır. Həmin yerlərə insanların buraxılışı yoxlanılmalıdır. Təkcə vaksin sertifikatı deyil, xəstəliyi, qızdırması və başqa xəsətliyin əlmaməti olan şəxslər bu məkanlara buraxılmamalıdır. Bu istiqamətdə məhdudlaşdırıcı tədbirlər görülməlidir".