Oğurladıqları əşyaları onlayn alış-veriş saytlarında satan şəxslər saxlanılıb - VİDEO
- 20.03.2022, 11:15,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Evlərdən oğurladıqları məişət əşyalarını onlayn alış-veriş saytlarında satan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirlyiinin mətbuat xidmətindən Telexeber.az-a verilən məlumata görə, paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib. Zərərçəkən Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə müraciət edərək evdən televizor və digər məişət əşyalarının oğurlandığını bildirib. Eyni məzmunlu şikayətlərlə müraciət edən həmin qəsəbədə yaşayan daha 2 sakinin ərizəsi Polis Bölməsində qeydə alınıb. Onlar da evlərindən məişət əşyalarının oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxslər tərəfindən törədildiyi müəyyən edilib.
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Qurban Məhərrəmov və Zaur Əliyev saxlanılıblar. Onlar izahatlarında etdikləri oğurluqları etiraf ediblər. Araşdırmalar zamanı dəstə üzvlərinin Sabunçu rayonunda daha 3 evdən oğurluq etdikləri müəyyən edilib.
Qeyd edək ki, Qurban Məhərrəmov və Zaur Əliyev evlədən oğurladıqları televizorları tanışları Müşfiq Həmidovun köməkliyi ilə onlayn alış-veriş saytlarına yerləşdiriblər. Orada həmin əşyaları sataraq əldə etdikləri pulu aralarında bölüblər. Müşfiq Həmidov da polislər tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Faktlarla bağlı 23-cü Polis Bölməsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir. Saxlanılanların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis orqanına, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.