Bu atalara da müavinət verilə bilər

Bu atalara da müavinət verilə bilərFərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Telexeber.az-a verilən məlumata görə, iclasda “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.13-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin II və III hissələrinə, 38-ci maddəsinin I və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu əsasında konstitusiya işinə baxılıb.


Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Elmi-analitik sektorunun müdiri M.Məmmədov və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri A.Vəliyev, mütəxəssislər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş mülahizələri, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru M.Əliyevin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.13-cü maddəsində nəzərdə tutulan beşdən çox uşağı olan qadınlara müavinət təyin edilməsi müddəası Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin I və III hissələri ilə ziddiyyət yaratmır.

Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin II və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunlaşdırılması məqsədilə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.13-cü və 7.0.10-3-cü maddələrində beşdən çox uşağı təkbaşına böyüdən ataların da nəzərdə tutulması ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Популярный ролик