Prezident İlham Əliyev Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planını təsdiqləyib.
Telexeber.az xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Milli Fəaliyyət Planında deyilir:
“1. Qısa xülasə
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə 2023-2025-ci illəri əhatə edən bu Milli Fəaliyyət Planı ölkəmizdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə səylərin gücləndirilməsinə, bu sahədə müxtəlif iştirakçılar – məhkəmə və cinayət təqibi orqanları, nəzarət orqanları, digər səlahiyyətli qurumlar, habelə özəl sektor arasında əməkdaşlıq imkanlarının artırılmasına və ölkənin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadə imkanlarının məhdudlaşdırılmasına istiqamətlənən tədbirlərin sistemli və əlaqəli şəkildə həyata keçirilməsinə əlverişli şərait yaradır.
2. Qlobal trendlər
Qlobal miqyasda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması üzrə müşahidə edilən dinamika bu təhdidlərə münasibətdə həm beynəlxalq, həm də regional səviyyədə əlaqələndirilmiş mübarizə tədbirlərinin görülməsini zəruri edir.
Digər tərəfdən isə regional və beynəlxalq müstəvidə terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi üzrə son illərdə müşahidə edilməkdə olan tendensiyalar da dövlətlər üçün iqtisadi və milli təhlükəsizliyin təmin edilməsi baxımından yeni çağırışlar doğurur.
Bundan başqa, ölkə iqtisadiyyatları, xüsusilə maliyyə sistemləri arasında asılılığın güclənməsi, habelə maliyyə texnologiyalarının tətbiqi imkanlarının hədsiz artması, yeni növ rəqəmsal iqtisadiyyat elementlərinin meydana çıxması ümumi iqtisadi inkişafa təkan verməklə yanaşı, qeyri-qanuni fəaliyyətin həyata keçirilməsi üçün də əlverişli zəmin yaradır.
Maliyyə axınlarının ölkələrarası hərəkətinin genişlənməsi, müxtəlif növ texnoloji vasitələrdən istifadə edilməklə anonim maliyyə əməliyyatlarının aparılması imkanları, habelə maliyyə xidmətlərinin texnoloji əlçatanlığının artmasından qaynaqlanan risklər bu proseslərin tənzimlənməsini, xüsusilə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində effektiv monitorinq mexanizmlərinin yaradılmasını çətinləşdirir.
Bu baxımdan dünya iqtisadiyyatında baş verən struktur dəyişiklikləri, habelə qlobal səviyyədə iqtisadi cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətində son illərdə artan çoxtərəfli təşəbbüslər dünya iqtisadiyyatına dərin inteqrasiya yolunu seçmiş ölkəmiz qarşısında iqtisadiyyatın, xüsusilə bank-maliyyə sektorunun dayanıqlılığının təmin edilməsi istiqamətində yeni vəzifələr qoyur.
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması müasir dövrdə iqtisadi fəaliyyət sahəsində mütəşəkkil cinayətkarlığın ən geniş təzahür formalarından biridir. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, o, bir sıra mühüm ictimai dəyərlərə mənfi təsir göstərir, mütəşəkkil cinayətkarlığın maliyyə bazasını formalaşdırır və qeyri-leqal iqtisadi fəaliyyəti pərdələyir. Maliyyə sistemindən qeyri-qanuni məqsədlər üçün istifadənin iqtisadi təhlükəsizlik üçün problemlər doğurmasından əlavə, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılaraq rəsmi maliyyə-iqtisadi sistemə daxil edilməsinə imkan verilməsi ictimai nizamın və qanunun aliliyinin pozulması ilə nəticələnə bilir.
3. Mövcud vəziyyətin təhlili
Ölkəmizdə aparılan çoxşaxəli dövlət quruculuğu, iqtisadi və məhkəmə-hüquq sistemi islahatlarının tərkib hissəsi kimi, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində də ötən dövr ərzində bir sıra işlər görülmüş və mühüm nəticələr əldə olunmuşdur. Bu sahədə beynəlxalq standartları müəyyən edən FATF tövsiyələrinə uyğun olaraq yeni qanunlar qəbul edilmiş, ölkədaxili əməkdaşlığın təmin edilməsi üçün yeni mexanizmlər formalaşdırılmış, ixtisaslaşmış institutların fəaliyyət effektivliyinin artırılması üçün addımlar atılmış, həmçinin müvafiq sahədə beynəlxalq əməkdaşlıq imkanları genişləndirilmişdir. Ötən dövr ərzində ölkəmiz, həmçinin Avropa Şurasının MONEYVAL Komitəsinin dördüncü raund qiymətləndirməsini uğurla başa vurmuşdur.
4. Hədəf göstəricilər
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ölkəmizdə əldə edilmiş nailiyyətlər qlobal dəyişikliklərə çevik adaptasiyanın təmin edilməsi istiqamətində bundan sonra da məqsədyönlü və əlaqələndirilmiş fəaliyyəti şərtləndirir. 2021-2022-ci illərdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ölkə üzrə ikinci risk qiymətləndirilməsi həyata keçirilmiş, bu sahədə mübarizə sisteminin müxtəlif komponentləri, habelə ölkəyə xas struktur və kontekstual amillər təhlil edilərək, başlıca təhdid və zəiflik mənbələri müəyyən edilmişdir. Risk qiymətləndirilməsində müəyyən edilən başlıca təhdidlərin neytrallaşdırılması, zəifliklərin isə aradan qaldırılması məqsədilə qəbul edilən bu Milli Fəaliyyət Planı konseptual olaraq risk əsaslı nəzarət və yüksək səviyyədə əlaqələndirilmiş mübarizə mexanizmlərinin formalaşdırılmasını özündə ehtiva edir.
5. Məqsədlər
Milli Fəaliyyət Planında yer alan kompleks tədbirlərin icrası müvafiq sahədə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin ortamüddətli dövr üçün strateji baxışını əks etdirir. Milli Fəaliyyət Planının əsas məqsədi ölkəmizdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin effektivliyinin artırılması və yeni keyfiyyət meyarları əsasında davam etdirilməsidir.
6. Prioritet istiqamətlər
Milli Fəaliyyət Planı aidiyyəti dövlət qurumları, nəzarət orqanları və özəl sektor tərəfindən risklərin başa düşülməsi, azaldılması və ya qarşısının alınması məqsədilə səmərəli tədbirlərin həyata keçirilməsinə, habelə qanunvericiliyin tətbiqi ilə bağlı fəaliyyətlərinin effektiv əlaqələndirilməsinə, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qarşılıqlı əməkdaşlıq və məlumat mübadiləsi mexanizminin daha təkmil əsaslar üzərində formalaşdırılmasına, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və nəhayət, müvafiq sahədə institusional potensialın gücləndirilməsinə xidmət edir.
7. Maliyyələşdirilmə mexanizmləri
Milli Fəaliyyət Planı çərçivəsində həyata keçiriləcək tədbirlərin müvafiq icraçı qurumlar üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur”.