Yaponiya COVID-19 epidemiyası ilə bağlı olan fövqəladə vəziyyəti ləğv edib
Facebook
Вконтакте
Одноклассники
Google+
Yaponiya hökuməti COVID-19 epidemiyası ilə bağlı tətbiq edilən fövqəladə vəziyyəti ləğv edib.
Telexeber.az report-a istinadən xəbər verir ki, Baş nazir Şinzo Abe mətbuat konfransında aprel ayından paytaxt Tokioda, habelə Çiba, Kanaqava, Saitama, Hokkaido prefekturalarında (əyalətlərində) mövcud olan və iqtisadi fəaliyyətləri məhdudlaşdıran fövqəladə vəziyyətin ləğv olunduğunu açıqlayıb. Bununla da ölkə boyu fövqəladə vəziyyətin başa çatdığı qeyd edilib: “Biz cəmi 1 ay yarım ərzində demək olar, vəziyyəti nəzarətə götürməyi bacarmışıq”.
Hökumət başçısı həmçinin koronavirusun daha bir dalğası təhlükəsinin qaldığını, bu səbəbdən sayıqlığı itirmədən tibb ekspertlərinin də vurğuladıqları kimi, maska taxmağın, sosial məsafə saxlamağın, evdən işləməyin vacibliyini xatırladıb.
Qeyd edək ki, fövqəladə vəziyyət rejimi aprelin 7-də Tokio və başqa ən iri şəhərlərdə tətbiq edilməklə aprel ayının ortalarında 47 prefekturanın hamısına şamil edilmişdi. May ayının əvvəlində Baş nazir Ş.Abe fövqəladə vəziyyətin mayın 31-dək uzadıldığını açıqlasa da, ayın 14-də koronavirusu nəzarətə götürdüklərilə bağlı 39 prefekturada fövqəladə vəziyyət ləğv edildi.
Məhdudiyyətlərin ləğv edildiyi son beş prefekturanın payına Yaponiya ÜDM-nin üçdə biri düşür. Hazırda 14 milyon əhalisi olan Tokio prefekturasında 5 100 yoluxma halı var və onların 8-i mayın 25-də qeydə alınıb.