“Azərbaycan xalqının müasir dövlətçilik tarixinin formalaşmasında və inkişafında görkəmli dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyevin rolu və xidmətləri misilsizdir. Ümummilli Lider bəşəri dəyərlər zəminində xalqın müstəqillik məfkurəsini reallığa çevirməklə müasir dövlətçilik sistemimizin mükəmməl siyasi-ideoloji, iqtisadi və mənəvi dayaqlar sistemini yaradıb. Bu böyük şəxsiyyət bütöv bir tarixi mərhələnin yaradıcısı və nadir ictimai-siyasi xadim idi”.
Bu fikirləri Telexeber.az-a açıqlamasında Tənzilə Mürsəftər qızı Əliyeva deyib.
İllərdi Dövlətə, Millətə xidmət etmiş,1980 ci illərdən bugünə kimi şeirləri dərc edilən şairəmiz Tənzilə xanım bildirib ki, may ayının 10-da Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur. Ulu Öndərimizin doğum gününü hər il xalqımız və dövlətimiz böyük təntənə, milli bayram səviyyəsində qeyd edir. Əlbəttə ki, bu da səbəbsiz deyil. Çünki müasir Azərbaycanın tarixi Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Ulu Öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlişi xalqımızın yaddaşına möhtəşəm tərəqqiyə dönüş anı, şərəfli bir tarixin başlanğıc günü kimi həkk olunub. Təəssüflə qeyd etmək lazımdır ki, zəngin təbii sərvətlərinə, elmi-texniki potensialına baxmayaraq, keçmiş ittifaq hökumətinin ögey münasibəti üzündən Azərbaycan ötən əsrin 60-cı illərində sosial-iqtisadi inkişaf parametrlərinə görə müttəfiq respublikalar arasında sonuncu yerlərdən birini tuturdu. Ölkənin sosial-iqtisadi tənəzzülü, xalqın mənəvi-psixoloji durumuna da mənfi təsir göstərirdi. Azərbaycanı düşmüş olduğu ağır vəziyyətdən çıxarmaq üçün, kompleks proqramların həyata keçirilməsi günün əsas tələbinə çevrilmişdi. Qeyd etmək lazımdır ki, 1969-1982-ci illərdə ölkənin sosial-iqtisadi göstəricilərinin təhlili göstərir ki, zəngin təcrübəyə, nadir istedada malik Heydər Əliyevin rəhbərliyi altında respublikada istehsalın həcmi və məhsuldarlıq sürətlə yüksəlib, böyük nailiyyətlər qazanılıb. Həmin illərdə elmi-texniki tərəqqi sahəsində ciddi irəliləyiş baş verib, yeni və müasir istehsal sahələri yaradılıb, əhalinin sosial-rifahının yaxşılaşdırılması istiqamətində önəmli tədbirlər həyata keçirilib. Qısa müddət ərzində Azərbaycan keçmiş ittifaq respublikaları arasında sosial-iqtsadi cəhətdən ön sıralara çıxdı, eləcə də milli mədəni və mənəvi intibah dövrü başladı. Haqlı olaraq deyilir ki, o dövrdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə milli şüurun və milli özünüdərkin oyanışı baş verdi ki, bu da Azərbaycanı müstəqilliyə aparan yolun başlanğıcı idi. 1971-ci ildə Bakıda C.Naxçıvanski adına hərbi məktəbin yaradılması isə milli hərbi kadrların yetirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Biz Ulu Öndərimizin bu uzaqgörən addımının Qarabağ müharibəsi zamanı nə qədər böyük önəm daşıdığının şahidi olduq.
Şairəmiz qeyd edib ki, 1988-ci ildən başlanan və 1993-cü ilin ortalarına qədər baş verən proseslər göstərdi ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olmadığı müddətdə xalqımızın başına çox böyük müsibətlər gəldi, ermənilər tərəfindən torpaqlarımızın bir hissəsi işğal olundu, Azərbaycan məhv olmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı. Ona görə də, xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında ikinci dəfə hakimiyyətə gəldi. Çox ağır bir dövrdə dövlət idarəçilik sükanını öz əlinə alan Ulu Öndərimiz özünün cəsarəti, polad iradəsi, fədakarlığı nəticəsində bütün çətinlikləri qısa müddətdə dəf etdi, Azərbaycanı məhv olmaqdan xilas etdi. Ona görə də, biz haqlı olaraq Heydər Əliyevi xalqmızın xilaskarı kimi dəyərləndiririk.
Bundan sonra isə ölkədə sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr ləğv olundu, Azərbaycan tərəqqi yoluna çıxdı. Ulu Öndərimiz müstəqil Azərbaycan dövlətinin möhkəm təməlini, bünövrəsini yaratdı. Bu elə bir bünövrə oldu ki, dahi şəxsiyyətin özünün dediyi kimi Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. 1993-cü ildən 2003-cü ilədək dahi liderimiz müstəqil dövlətimizin və xalqımızın inkişafı üçün ömrünü şam kimi əritdi.
“Bu gün müstəqil Azərbaycan məhz Heydər Əliyevin nurlu, parlaq zəkasının bəhrəsidir. Heydər Əliyev irsi elə bir zəngin xəzinədir ki, bu irsin hər zaman öyrənilməsi həyati əhəmiyyət kəsb edir.
Ulu öndərimiz bu gün cismən aramızda olmasa da, Onun işıqlı yolu uğurla davam edir. Bu yolu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan güclü, qüdrətli dövlətə çevrilib. Azərbaycan bu gün dünyada böyük nüfuz, söz sahibi olan müstəqil dövlətdir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində doğma Qarabağımızın 30 illik işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi.
Biz fəxr edirik ki, öz ərazi bütövlüyünü bərpa edən müstəqil, güclü Azərbaycan Respublikasının vətəndaşlarıyıq. İnanırıq ki, qalib dövlətimiz hörmətli Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə daha böyük nailiyyətlətə, zəfərlərə imza atacaq. Qazanılan hər bir uğurun əsasında isə Heydər Əliyevin ideyaları, Onun müəyyənləşdirdiyi işıqlı yol dayanır”,-deyə T.Əliyeva vurğulayıb.
Sonda, Tənzilə Əliyeva tərəfindən yazılmış "Dünya şöhrətli siyasi dövlət xadimi Heydər Əliyevin xatirəsinə" adlı şeiri, böyük məmnuniyyətlə Telexeber.az izləyicilərinə təqdim edirik.
Yayılıb dünyaya şöhrətin, şanın,
Dahilər içində başdadır adın.
Bu gün aramızda olmasan da sən,
Sən xalqın qəlbində,əməlindəsən.
Heydərdir xalqımızın dahi oğlu,
Bizə öyrədib azadlıq yolu.
Onun sayəsində biz həm tanındıq,
Düşmən üzərində Qələbə çaldıq.
O bilirdi qədrin doğma millətin,
Qoydu təməlini xoş gələcəyin.
Çoxdur bəhrəsi gördüyü işin,
Çatdı köməyinə o hər bir kəsin.
Döyünən ürəyin,düşünən başın,
Böyük amalıdır hər vətəndaşın.
Ötəcək illər, qərinələr əsirlər,
Səni yad edəcək gələn nəsillər.
Heydər ümidlə baxdı ellərə,
Tapşırdı ölkəni möhkəm əllərə.
İlhamdır bu gün doğma rəhbərimiz,
Onunla gedirik xoş gələcəyə biz.