Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir.
Telexeber.az xəbər verir ki, səfər zamanı Çin Kommunist Partiyasının (ÇKP) nümayəndələri və bir sıra dövlət rəsmiləri ilə görüşlər, həmçinin “ÇKP-nin tarixi - Hubey Əyalətində Si Cinpinin yeni eranın Çin xüsusiyyətli sosializmi haqqında” rəsmi təqdimatda iştirak nəzərdə tutulub.
Səfər çərçivəsində YAP nümayəndə heyəti ÇKP-nin Muzeyini ziyarət edib.
Muzeylə tanışlıq zamanı Çinin və ÇKP-nin tarixi haqqında ətraflı məlumat verilib.
Diqqətə çatdırılıb ki, muzeydə ölkənin və partiyanın tarixini əks etdirən müxtəlif eksponatlar toplanıb və qiymətli, nadir kolleksiya nümunələri, stendlər mövcuddur.
Daha sonra YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov xatirə kitabına təəssüratlarını və ürək sozlərini yazıb.
Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.
Eləcə də səfər çərçivəsində YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini, nazir müavini Çyan Xunşan arasında görüş keçirilib.
Qeyd edək ki, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinə partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hikmət Məmmədov, YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin aparıcı məsləhətçisi Taleh Həsənzadə daxildir.