May ayının 27 və 28-də Prezident İlham Əliyevin Laçına səfəri, orada doğma yurd-
yuvasına qayıdan sakinlərlə görüşü, sadə insanların yanında olması bir daha onun
Azərbaycanın güclü lideri olmasının sübutudur. Bu baxımdan, dövlətimizin başçısının
rayonlarda çoxsaylı təməlqoyma mərasimləri və açılışlarda iştirakı, xüsusilə ilk 20
ailənin Laçında məskunlaşması müstəqillik günündə onun xalqımıza hədiyyəsidir. Bu
gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər möhkəm olmasını bir daha
göstərir.
Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun çox böyük potensialı
var. Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat
yaşamalıdırlar. İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti
aparmışlar. Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə
gətirilmiş və orada yerləşdirilmişlər.
Laçın rayonu 28 il işğal altında idi və bu işğal dövründə rayonun bütün infrastrukturu
Ermənistan tərəfindən məhv edilmiş, ətraf mühitə böyük ziyan vurulmuşdur. Bütövlükdə
bizim meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər
tərəfindən məhv edilmiş, kəsilmiş, talanaraq satılmışdır. Onun böyük hissəsi Laçın
rayonunda olan meşə fondudur.
Azərbaycan Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardı. İkinci
Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas
vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək,
vuruşaraq azad etdik. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad
edilmişdir. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni
işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına
gətirib çıxarmışdır. Laçın rayonunun digər hissəsi – ən böyük hissə artıq siyasi yollarla
azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir.
Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi
köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir. Laçın rayonunun
Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri başa çatmaq
üzrədir. Heç vaxt tarixdə olmayan yollar salınıb, Laçın və Kəlbəcər rayonlarında 100
kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar
salınıbdır. Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi
yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764
ailə Laçın şəhərində yaşaya bilər.
Azərbaycan Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərək böyük
bir enerji mənbəyi yaradacaq. İndi Laçın, Kəlbəcər, Zəngilan və bir neçə digər rayonda
su elektrik stansiyalarının tikintisi sürətlə gedir. Birinci inşa edilən stansiya Güləbird
kəndində olmuşdur. Bütövlükdə isə qarşıya məqsəd qoyulmuşdur ki, azad edilmiş
ərazilərdə bu ilin sonuna qədər su elektrik stansiyalarının gücü 200 meqavat olsun,
gələcəkdə isə 500 meqavata çatmalıdır. Laçın və Kəlbəcər rayonlarında böyük külək
enerji potensialı var. Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir. O bölgədə heç
vaxt hava limanı olmamışdır, Çünki orada uçuş-enmə zolağının inşası üçün düz yer
tapmaq mümkün deyildi. Dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək
bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa
edilir.
Artıq bu ilin sonuna qədər minlərlə insan Laçın şəhərində yaşayacaq və laçınlılar bu
il öz doğma diyarına qayıdacaqlar. Müharibə başa çatan kimi Laçın rayonunun yenidən
qurulması ilə bağlı işlərə start verilmişdir. Amma Laçın şəhərinin yenidən qurulması
keçən ilin avqust ayının 26-dan bu yana icra edilir. Birinci mərhələdə Laçın şəhərində
500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən
bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə
əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Bütün bu işlər cari ilin sonuna
qədər başa çatacaqdır.
İndi Azərbaycan xalqı nəyə qadir olduğuna bir daha inandı. Biz müharibədə də
qələbə qazanırıq, həyatda da qələbə qazanırıq və bizi güclü edən xalqın iradəsidir,
xalqın birliyidir. Müharibədə də Zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur.
Ölkə başçısı cənab İlham Əliyev qeyd etmişdir: “Bu gün quruculuq-abadlıq işlərini
apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir. Fəxr edirəm ki, Laçın şəhərinin
mərkəzində milli bayrağımızı ucaltdım. Bu bayraq burada əbədi dalğalanacaq! Biz
burada əbədi yaşayacağıq! Yaşasın Laçın! Yaşasın Azərbaycan!”
Elşən Novruzov,
Salyan rayon Parça Xalac kənd tam orta məktəbin direktor əvəzi