Azərbaycan güclü dövlətdir, çünki onun güclü ordusu var


Ordu dövlətin suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə
olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Azərbaycanın zəngin
dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən
olmuşdur. 100 ildən artıq tarixi bir yol qət etmiş Azərbaycanın bütün sahələrində
olduğu kimi, ordu quruculuğunda da mühüm addımlar atılıb, bu sahədə əsl inkişaf
gedib və getməkdə davam edir.
Əsası Ümummilli Lider Heydər əliyev tərəfindən qoyulan Azərbaycan
Ordusunun inkişafı, modernləşdirilməsi, döyüş qabliyyətinin artırılması cənab
Prezident İlham Əliyevin rəhbərliyi illərində uğurla davam etdirilmiş, ümumiyyətlə ordu
quruculuğu dövlət quruculuğunun prioriet istiqamətinə çevrilmişdir. Son illər ərzində
Silahlı Qüvvələrin maddi-texniki təchizatı yenilənmiş, müasir infrastruktur yaradılmış,
hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər
görülmüşdür.
Ordu quruculuğu sahəsindəki əzmkar fəaliyyət öz bəhrəsini vermiş və biz hələ
2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun gücünü, qələbə əzmini
bütün dünyaya göstərmiş, həmin vaxt artıq Qarabağ Zəfərimizin yaxınlaşdığını hiss
etmişdik. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə düşmən üzərində tarixi qələbə və
torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən
müharibəsində qazanılmış Zəfər isə Azərbaycan ordusunun müvəffəqiyyət zirvəsini
təşkil edir. Düşmənin kapitulyasiya aktına imza atmağa məcbur olması ordumuzun
gücü hesabına əldə olunmuş nəticədir.
Müstəqillik günündə Laçın rayonuna səfər edən Azərbaycan Prezidenti cənab
İlham Əliyev Laçına qayıdan əhali ilə görüşündə də Azərbaycan ordusu ilə bağlı öz
yüksək fikirlərini bildirmişdir: “Güclü ordu qurmuşuq. Bu ordu düşməni 44 gün ərzində
darmadağın edib, onları diz çökdürüb və torpaqlarımızdan qovub. Gözəl gənc nəsil
yetişdirdik – vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu
gənclər bizim torpaqlarımızı azad ediblər. Laçını, Kəlbəcəri, o vaxt işğal altında olan
digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər ölümə getməyə hazır idilər,
ölümə də gedirdilər.”
Tarixi Zəfərdən sonra bizim ordu quruculuğu sahəsində fəaliyyətimiz daha da
intensivləşmişdir. Qələbəni qoruyub saxlamaq zərurəti, erməni faşizminin
təzahürlərinin hələ də zaman-zaman özünü göstərməsi, müasir dünyada baş verən
hadisələr, dövlətlərin hərbi büdcələrini artırmaları, hərbi ittifaqlara qoşulmaq meyillərin
güclənməsi, hərb sənayesinə diqqətin artırılması sübut edir ki, ölkələrin müstəqilliyini
qorumları üçün yüksək texnologiyalara malik olan orduya ehtiyacları var. İşğaldan
azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılması, cənab Prezidentin tapşırığı ilə
ordumuzda yeni təyinatlı Komando hərbi hissələrinin yaradılması, Silahlı Qüvvələrin
büdcə vəsaitinin artırılması, hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi
məqsədilə Milli Müdafiə Universitetinin yaradılması, ordunun ən müasir hərbi-texniki
vasitələrlə təmin edilməsi, hərbçilərimizin mütəmadi olaraq beynəlxalq hərbi təlimlərdə
iştirakı ordumuzun gücünə güc qatmışdır. 

Bəli, Ordumuzun inkişafı dövlətimizin inkişafı deməkdir. Cənab Prezidentin hər
zaman vurğuladığı kimi Azərbaycan güclü dövlətdir, çünki onun güclü ordusu var.
Xalqımız əmin olsun ki, Silahlı Qüvvələrimiz əldə etdiyi Zəfəri daim qoruyub
saxlayacaq, dövlətimizin ərazi bütövlüyünü hər zaman təmin edəcəkdir. Bizim əsas
gücümüz və qüdrətimiz Ali Baş Komandanın vahid rəhbərliyi altında formalaşan
dövlət-xalq-ordu birliyindədir, bu birlikdən güc alan hərbçilərimiz istənilən mübarizədə
zəfər qazanmaq əzmindədirlər.

Yalçın Abdullazadə,
YAP Salyan rayon təşkilatının məsləhətçisi,
“Vətən Müharibəsi” iştirakçısı
Популярный ролик