Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də dünyanın aparıcı investisiya şirkətlərindən biri olan alternativ investisiyaların idarə edilməsi üzrə “Starwood Capital Group” şirkətinin təsisçisi və icraçı direktoru Berri Sternlixi qəbul edib.
Telexeber.az xəbər verir ki, Azərbaycanda bütün sahələrdə gedən inkişaf proseslərini və qısa zaman ərzində əldə olunan uğurları qeyd edən Berri Sternlix ölkəmizin regionda böyük rola malik olduğunu deyib.
Qonaq vurğulayıb ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə çoxillik və möhkəm əməkdaşlıq rəhbərlik etdiyi şirkət üçün böyük önəm daşıyır və onlar gələcəkdə bu əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdırlar.
Prezident İlham Əliyev dünyanın nəhəng və qabaqcıl maliyyə təsisatları ilə əməkdaşlıq edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun “Starwood Capital Group” şirkəti ilə sıx əlaqələrinin olmasını müsbət qiymətləndirdi və mövcud tərəfdaşlığın daha da gücləndirilməsi üçün səylərin davam etdirilməsinin önəmini vurğulayıb.
Prezident İlham Əliyev qeyri-sabit maliyyə bazarları dövründə də Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin artmasının müsbət hal olduğunu deyib.
Görüşdə Azərbaycanda münbit investisiya şəraitinin mövcudluğu qeyd edildi, energetika sahəsi, xüsusilə alternativ enerji, logistika, turizm sahələrinə əlverişli investisiya qoyuluşu üçün yaxşı imkanların olduğu vurğulanıb və bununla bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın aparıcı investisiya şirkətlərindən biri olan “Starwood Capital Group” 1991-ci ildə təsis edilib. Şirkətin daşınmaz əmlak, kredit və enerji infrastruktur strategiyaları üzrə idarə etdiyi vəsaitlərin ümumi dəyəri hazırda 120 milyard ABŞ dolları təşkil edir. Şirkətin baş ofisi Amerika Birləşmiş Ştatlarında yerləşir və 35-dən artıq ölkəyə investisiya həyata keçirib. Hazırda portfel şirkətlərində 5 mindən artıq əməkdaş çalışır.