Xəbər verdiyimiz kimi Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov saxlanılıblar.
Bununla bağlı Sonxeber.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, artıq Cənab Prezidentin anonsunu verdiyi islahatların icrasına başlanılıb:
"Bu, çox alqışlanası addımdır. Bu günə kimi İcra başçıları, nazirlər və digər vəzifəli şəxslər ölkə başçısının sərəncamlarını qulaq ardına vururdular. Ölkə prezidenti gördü ki, bunlara söz təsir etmir. Onları bu cür cəzalandırmağa başladı. Dünən Cənab Prezident müşavirədə də söylədi ki, heç kim xalqı incidib, talan edib rahat yaşaya bilməyəcək. Cənab prezident daim xalqla bir yerdədir. Xalqı narazı salan bu cür məmurlardır. Onlara qarşı çox ciddi tədbirlər görülməyə başlanılıb. Aylar öncə Nizaməddin Quliyev Goranboyda işləyirdi. Orada onun nələrlə məşğul olduğu barəsində dəfələrlə məlumat vermişəm. Bəzi insanlar mənə deyirdi ki, onun barəsində niyə danışırsan. Mən şadam ki, bir il keçəndən sonra həmin adam öz cəzasını aldı. Yevlax Rayon İcra başçısı çox böyük özbaşınalıq edirdi. Rayonda insanları incidirdi. Camaata ayrılan sosial müavinatları mənimsəyirdilər. Çox ciddi qanun pozuntusuna yol verirdilər. Müəyyən yerlərin təmiri üçün ayrılan vəsaiti övladlarına maşın alırdılar. Onların hamısını uşaqları xaricdə, orda-burdadır. Ona görə də bu islahat davam etməlidir. Bəzi nazirlər də bu vəziyyətdədir. Onların hazırda milyardları var. O milyardlar hardan alınıb? Bu araşdırılmalıdır. Bu pullar bu gün dövlət əleyhinə xərclənir. Onlar xəyanət etməyə hər zaman hazırdılar. Düşünürəm ki, belə olduqları halda dövlət başçısı bu addımını daha da dərinləşdirməlidir".
Hafiz Hacıyev vurğulayıb ki, kim rüşvətə, korrupsiyaya qurşanıb, dövlətin malını yeyirsə onlar həbs edilməlidir: "Bununla yekunlaşmamalıdır. Onlar həbs edilməlidir. Cənab prezidentimizin apardığı bu islahat bütün sahələri əhatə etməlidir. Məhkəmələrdə özbaşınalıq baş alıb gedir. Hüquq-mühafizə orqanlarında çalışanların bəziləri də korrupsiyaya qurşanıb. Məhkəmələrin qapısına gedirsən, özləri və övladları ən bahalı maşınlarda gəzirlər. Şəhərin mərkəzində ən bahalı evlərdə yaşayırlar. Bunların hər biri yoxlanıb, xalq qarşısında cəzalandırılmalıdır. Belə olan halda ədalət öz yerini tapacaq. Görürsünüz ki, ölkə başçısı heç kimə güzəştə getmir. Çünki bu cür insanlar Azərbaycanı dünyada biabır edirlər. Bu proseslər davam etməli, milyonları olan məmurların var-dövləti ortaya çıxmalıdır. Keçmiş nazirlər var ki, onlar artıq ölkə əleyhinə anti-təbliğat aparırlar. Onlar da təcili yoxlanılmalıdır. Onlar da cəzalandırılmalıdır. Ziya Məmmədov, Səlim Müslümov həbs edilməli, var-dövlətləri dövlətə qaytarılmalıdır. Çünki onlar ermənipərəst müxalifətlə birləşib ölkədə sabitliyi pozmağa çalışırlar. Buna görə məni kim qınayırsa, qınasın. Biz hər zaman ölkə başçısının yanında olmalıyıq. Bundan sonra da onun yanındayıq. Bütün məlumatlar ölkə başçısına çatdılmalıdır. Bəzi məmurlar var idi ki, onlar ölkə başçısını məlumatlanıdrmırdılar. Bu gün müəyyən insanlar var ki, dövlət başçısının reytinqinə zərbə vurur. Kimin dayısı, qardaşı, bacısı, bibisioğlu olmasından asılı olmayaraq, hər kəs qanun qarşısında eynidir. Ölkə başçısını alqışlayır, hər zaman da onun yanındayıq".